AZ

Paytaxt nəqliyyatında “sürpriz” ödəniş xidməti

Son günlər metro və avtobuslarda bank kartı ilə NFC ödənişi zamanı vəsaitin dərhal çıxılmaması, daha sonra isə ardıcıl şəkildə tutulması ilə bağlı narazılıqlar artır. Ödənişlərdə əlavə gedişhaqqı tutulması ilə bağlı “K Group” MMC (BakıKart), “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC birgə açıqlama yayıb. Bildirilib ki, hazırda müşahidə olunan “ardıcıl vəsait çıxılması” halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə qeydə alınması ilə bağlıdır. Yəni kartdan hazırda çıxılan məbləğlər cari günə aid deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir.

Bəribaşdan deyək ki, kağız üzərində bu, texniki əsaslandırma kimi görünə bilər. Lakin praktikada sərnişin nəyə nə zaman ödəniş etdiyini bilmək istəyir. Ən azından bu onun haqqıdır. Pulun sonradan çıxılması, ən yumşaq desək, çaşqınlıq yaradır. Məsələni bir az aydın təsəvvür edək. Siz mağazadan çörək alırsınız, kassir isə deyir ki, “indi aparın, pulunuzu bir neçə gün sonra hesabdan tutacağıq”. İlk baxışda bu, rahatlıq kimi görünə bilər. Amma bir neçə gün sonra hesabdan bir neçə alış-verişin pulu birlikdə çıxılanda artıq sual yaranır: mən hansı məhsula nə vaxt pul vermişəm? Eyni prinsip ictimai nəqliyyatda da tətbiq olunanda sərnişin öz xərclərinə nəzarəti itirir. Şəffaflıq da məhz burada zədələnir.

Ödənişin dərhal çıxılmaması, texniki gecikmə bir sistemin xüsusiyyəti ola bilər. Ancaq sistemin xüsusiyyəti ilə sərnişinin rahatlığı arasında tarazlıq pozulanda məsuliyyət yenə operatorun üzərinə düşür. Çünki xidmət göstərən həm də ödənişin aydın, izlənilə bilən və etibarlı işləməsinə cavabdehdir. Sərnişin bank kartını turniketə toxunduranda “Görəsən, məndən nə zaman pul çıxılacaq?” kimi hissi yaşamalı deyil.

İkinci məqam daha ciddi narahatlıq yaradır. İstifadəçilər bəzi hallarda tutulan məbləğin daha artıq olduğunu, hətta ictimai nəqliyyatdan istifadə etməyən sərnişinlərdən belə gedişhaqqı çıxıldığını bildirirlər. Sözsüz ki, bu iddialar sistemə inamı sarsıdır. Çünki ictimai nəqliyyatda ödəniş mexanizmi tərəzinin gözü kimi işləməlidir. Əgər sərnişin “mən bu gedişi etdimmi, etmədimmi?” sualını verirsə, deməli, sistemin şəffaflıq pəncərəsi bulanıqdır.

Bir digər nüans isə artıq texniki çərçivəni aşaraq birbaşa münasibət məsələsinə çevrilir. “K Group” MMC-nin (BakıKart) redaksiyamızın sorğusuna verdiyi “bəs niyə pul çıxmayanda şikayət etmirsiniz, indi çıxılanda edirsiniz?” cavabı izahdan daha çox irad, cavabdan daha çox ittiham təsiri bağışlayır. Bu, məsuliyyəti vətəndaşın üzərinə yıxmaqdır. Belə yanaşma həm də istehlakçıya qarşı hörmətsizlikdir. Çünki vətəndaşın narazılığı “niyə indi danışdın?” sualı ilə qarşılanmamalıdır. Problem gecikmiş ödənişdirsə, etiraz da onun məntiqi nəticəsidir. Mahiyyəti ört-basdır etməklə, ritorik müdafiə cəhdləri ilə bunu aydınlaşdırmaq məqsədəuyğun deyil. Xidmət göstərən qurum unutmamalıdır ki, sərnişin müttəhim deyil ki, ona sual verilsin, o, müştəridir və cavab gözləyir.

Bildiyiniz kimi, Bakı yaxın günlərdə Beynəlxalq Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Həmin günlərdə də bu cür ödəniş gecikmələri səhnəyə çıxacaqmı? WUF13 ərəfəsində xarici bank kartları ilə təmassız ödəniş imkanının yaradılması, əlbəttə, şəhər üçün müsbət addımdır. Əgər sistemin özündə gecikmə, qarışıqlıq və sonradan çıxılan vəsait problemi yaranırsa, onda turistə göstərilən bu rahatlıq kağız üzərində qalmazmı? Ümid edək ki, sözügedən nəqliyyat ödənişləri qonaqlar öz vətənlərinə qayıdandan sonra onlardan çıxılmaz...

Vətəndaşlara “ödəniş tarixçənizə baxsanız, hər şey sizə aydın olacaq” izahı isə yerində deyil. İlk olaraq, gecikən bildirişlərin tarixi ödəniş olunan günə aid deyil. Yəni ödənişin çıxıldığı tarix ilə nəqliyyatdan istifadə vaxtı fərqlidir.

Ələlxüsus, sistem nə qədər müasir görünür-görünsün, əgər ödəniş vaxtında və aydın şəkildə əks olunmursa, bu artıq rahatlıq yox, sual yaradan mexanizmə çevrilir. Sərnişin üçün əsas olan etdiyi gedişin haqqını nə vaxt və nə qədər ödədiyini dəqiq bilməkdir.

Nurlan ABDALOV
XQ

Seçilən
60
2
xalqqazeti.az

3Mənbələr