Dünən “Azərbaycan Tennis Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir həmçinin 22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədova və bütün üzvlərə fəaliyyətlərinə görə minnətdarlığını bildirib.
İclasın gündəliyi təsdiq edildikdən sonra 2022–2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edilib.
Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib. Əliağa Fətullayev federasiyanın birinci vitse-prezidenti, Amal Əlili, Orxan Manaflı vitse-prezidentlər, Ramiz Həmzə-Zadə, Ləman Əliyeva, Elvin Məsimov İdarə Heyətinin üzvləri seçiliblər.
Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzvlər seçiliblər.
Ənvər Ənvərli çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib.
Qabil YUSİFOĞLU
XQ