AZ

Avropa Parlamenti revanşist meyllərin təşviqinə xidmət edir? – ŞƏRH

“Avropa Parlamentinin Azərbaycanla bağlı qərar və yanaşmalarında hər zaman qərəz müşahidə olunub və bu proses davam etməkdədir”. 

Bunu “Cebhe.info” Xəbər Portalı və “Cümhuriyət” qəzetinin rəhbəri Rəfail Becanov deyib.

O qeyd edib ki, bu onu göstərir ki, bir sıra beynəlxalq institutlar istər Azərbaycana qarşı münasibətdə, istərsə də regionumuzda baş verən proseslərə münasibətdə obyektivlikdən uzaq, ikili yanaşma mövqeyindən əl çəkə bilmirlər:

"Növbəti dəfə eyni münasibəti sərgiləyən Avropa Parlamentinin mövqeyi ikili standartların, siyasi motivlərin və müxtəlif lobbi qruplarının təsiri altında formalaşmış yanaşmanın bariz nümunəsidir. Təbii ki, bu tip yanaşmaların və bəyanatların Azərbaycan üçün nə hüquqi əsası, nə də siyasi əhəmiyyəti var. 

Avropa Parlamentinin növbəti dəfə Azərbaycanı əsas müzakirə predmetlərindən birinə çevrilməsi davam edən təxribat cəhdi kimi qiymətləndirilməlidir. Bu yanaşma Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə əks-təsir göstərmək niyyəti ön plana çıxır.

Bu isə mahiyyət etibarilə regionda gedən real siyasi proseslərə müdaxilənin göstəricisidir. Belə yanaşmalar bölgədə formalaşan yeni siyasi reallıqlara kölgə salmaq, tərəflər arasında etimad mühitinin yaranmasına mane olmaq məqsədi daşıyır. 

Halbuki son dövrdə Azərbaycan və Ermənistan arasında münasibətlərin gələcəyinə dair beynəlxalq aləmdə daha müsbət gözləntilər formalaşıb, müxtəlif səviyyələrdə təmaslar, rəsmi və ictimai dialoq imkanları yaranıb. 

Məhz belə bir mərhələdə səsləndirilən bu fikirlər erməni cəmiyyətində emosional gərginliyi artırmağa, sülh prosesinə ictimai dəstəyi zəiflətməyə yönəlmiş addımdır”.

O bildirib ki, bu isə öz növbəsində revanşist meyllərin təşviqinə xidmət edir:

“Hazırkı mərhələdə regionun əsas ehtiyacı qarşıdurmanı dərinləşdirən bəyanatlar deyil, sülh gündəliyini gücləndirən praktik addımlardır.  Avropa Parlamentinin bu yöndə mövqeyi Cənubi Qafqazda sabitliyə töhfə vermir, əksinə, davamlı sülhün qurulmasına yönəlmiş təşəbbüslərə mane olur, normallaşma prosesini ləngidir.  

Bu gün region üçün ən vacib məsələ siyasi manipulyasiya deyil, beynəlxalq hüquqa hörmət, qarşılıqlı etimadın möhkəmləndirilməsi və real sülh iradəsinin dəstəklənməsidir.

Cənubi Qafqazda sabit və təhlükəsiz gələcək yalnız region ölkələrinin birbaşa dialoqu, qarşılıqlı öhdəliklərə sadiqliyi və konstruktiv əməkdaşlığı əsasında mümkündür. Bu proses təkcə region üçün deyil, daha geniş coğrafiya üçün də mühüm əhəmiyyət daşıyır”.

Seçilən
28
1
cebheinfo.az

2Mənbələr