AZ

İçərişəhərdə sənət və ənənənin bayramı Beynəlxalq Xalça Festivalı

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 2 may, AZƏRTAC

Beynəlxalq Xalça Festivalının növbəti günü İçərişəhərdə davam edir.

AZƏRTAC xəbər verir ki, Şirvanşahlar Sarayından Qoşa Qala meydanına qədər təşkil olunan yürüşdə dövlət rəsmiləri, Milli Məclisin deputatları və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, artıq üçüncü dəfə təşkil olunan bu beynəlxalq festival insanları bir araya gətirərək İçərişəhərdə xüsusi ab-hava, sevgi və ilham yaradır. O qeyd edib ki, festivalın ərsəyə gəlməsində çoxsaylı insanların zəhməti dayanır və bu prosesdə iştirak edənlər təmsil etdikləri qurumdan asılı olmayaraq işə yalnız vəzifə kimi deyil, sevgi və böyük məsuliyyət hissi ilə yanaşırlar. Sədr vurğulayıb ki, xalça sadəcə məişət əşyası deyil, tariximizin, mədəni kimliyimizin və mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov çıxışında bildirib ki, Beynəlxalq Xalça Festivalının keçirilməsi xalçaçılıq sənətinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. O vurğulayıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu sənət yalnız muzey eksponatı kimi deyil, yaşayan və inkişaf edən sahə kimi qorunmalı və gələcək nəsillərə ötürülməlidir.

E.Məmmədov qeyd edib ki, “Azərxalça” ASC-nin ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən istehsalat sahələrində 500-ə yaxın toxucu çalışır və onların təxminən 85 faizini qadınlar təşkil edir. Bu isə regionlarda məşğulluğun təmin olunması və ənənəvi sənətin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Festival çərçivəsində ziyarətçilər bu zəhmətin nəticəsi olan xalça nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib ki, bu cür festivalların artıq ənənə halını alması mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, bu kimi tədbirlər yaradıcı insanların fəaliyyətinin təşviqi baxımından vacib platformadır, eyni zamanda cəmiyyətdə bayram ab-havası yaradaraq insanları bir araya gətirir. Y.Abdullayev tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirərək bu təşəbbüsün davamlı olmasının vacibliyini vurğulayıb.

Tədbir konsert proqramı ilə davam edib.

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxışında bildirib ki, İçərişəhərdə keçirilən Xalça Festivalı milli-mədəni irsimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, xalçaçılıq Azərbaycan xalqının əsrlər boyu formalaşmış sənət ənənəsi olmaqla yanaşı, xalqın dünyagörüşünü, estetik zövqünü və tarixini özündə əks etdirən nadir mədəni irs nümunəsidir.

Festival çərçivəsində Qoşa Qala meydanı 11 ölkənin milli pavilyonlarının nümayiş olunduğu və konsert proqramlarının keçirildiyi əsas mərkəzə çevrilib.

Eyni zamanda, Bakı Xanlar parkı və Vahid bağı boyunca təşkil edilən sərgi-satış yarmarkalarında unikal sənət nümunələri təqdim olunub. Multani və Buxara karvansaraları isə eksklüziv sərgi və məhsul təqdimatları üçün ziyarətçilərin üzünə açıq olub.

Festivalın proqramına tanınmış yerli rəssamlarla yanaşı, Fransa, Qazaxıstan və Albaniyadan olan sənətkarların müxtəlif qalereyalarda nümayiş etdirilən sərgiləri də daxil edilib.

Müxbirlər - Günel Alıyeva, Gülay Nəzərova, Fidan Əlizadə

Fotoqraf - Azər İbrahimov

Videooperator - İlham Nadirov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
2
azertag.az

3Mənbələr