AZ

ABŞ-də narazılıq artır

Müharibə ilə bağlı yeni ictimai sorğular Vaşinqton üçün xoş siqnal vermir.

Musavat.com xəbər verir ki, The Washington Post / ABC News / Ipsos tərəfindən keçirilən sorğuya əsasən, amerikalıların 60 faizi ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını səhv hesab edir.

Məlumata görə, bu göstərici tarixi paralellərlə də diqqət çəkir. Belə ki, 2006-cı ildə İraq müharibəsi ilə bağlı amerikalıların 59 faizi, 1971-ci ildə isə Vyetnam müharibəsi ilə bağlı oxşar faiz müharibəni səhv adlandırmışdı.

Sorğu göstərir ki, demokratların təxminən 90 faizi, müstəqillərin 71 faizi və respublikaçıların 19 faizi İranla müharibəni yanlış qərar hesab edir.

Gələcək addımlar məsələsində isə cəmiyyət bölünüb: respondentlərin 48 faizi ABŞ-nin İranla sülh razılaşmasına getməli olduğunu düşünür, hətta bu, ölkə üçün daha az sərfəli olsa belə. Digər 46 faiz isə daha sərt mövqenin tərəfdarıdır və zərurət yaranarsa hərbi əməliyyatların bərpasını dəstəkləyir.

Sorğu həmçinin iqtisadi narahatlıqların artdığını göstərir. Amerikalıların 23 faizi maliyyə çətinliyi yaşadığını bildirib (fevralda bu rəqəm 17 faiz idi). 52 faiz mövcud həyat səviyyəsini qoruduğunu, 24 faiz isə vəziyyətinin yaxşılaşdığını deyib.

Yüksək qiymətlər fonunda davranışlar da dəyişib: 44 faiz daha az avtomobil idarə etdiyini, 42 faiz ev xərclərini azaltdığını, 34 faiz isə səyahət planlarını dəyişdirdiyini bildirib.

Sorğuda iştirak edənlərin yarısı yaxın bir ildə yanacaq qiymətlərinin azalacağını gözləyir, yalnız 21 faiz artım olacağını düşünür.

Qeyd edək ki, sorğu aprelin 24–28-də 2560 amerikalı arasında aparılıb.

Musavat.com

Seçilən
54
musavat.com

1Mənbələr