Xəbər verdiyimiz kimi, ötən gün Tərtərdə arı sancan kişi ölüb. Məlumata görə, 48 yaşlı Bakı sakini Nazim Əmrahov rayonun Düyərli kəndinə qonaq gedib. Bağda gəzərkən onu arı sancıb. Bundan sonra vəziyyəti pisləşən kişi xəstəxanaya aparılıb. Müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hər il buna bənzər hadisələr olur və ortaya çoxsaylı suallar çıxır: arı sancması nə zaman həyati təhlükə daşıyır?
Xatırladaq ki, arı zəhəri elmi dildə apiterapiya çərçivəsində tibbdə müəyyən xəstəliklərin müalicəsində istifadə olunur. Bu zəhərin tərkibində iltihabəleyhinə, ağrıkəsici və immun sistemi stimullaşdıran maddələr mövcuddur. Dünyada 16 mindən çox arı növü var və onların böyük əksəriyyəti insan üçün təhlükəli deyil. Yalnız kiçik bir hissəsi sürü halında yaşayır və kollektiv müdafiə instinkti səbəbilə daha aqressiv davranır. Ən geniş yayılmış növ isə bal arılarıdır və onlar təbiətin ekosistemində, xüsusilə tozlanma prosesində əvəzsiz rol oynayır.
Lakin mütəxəssislər bildirir ki, bütün bu faydalar arı sancmasının təhlükəsiz olduğu anlamına gəlmir. Əksinə, bəzi hallarda arı sancması son dərəcə ciddi fəsadlara yol aça bilər. Xüsusilə yaz, yay və payız aylarında, arıların daha aktiv olduğu dövrdə sancma halları artır. Payızda isə qida ehtiyatlarının azalması səbəbilə arılar daha aqressiv olur və insanlarla təmas ehtimalı yüksəlir.
Ən böyük risk isə anafilaktik şok ilə bağlıdır. Bu, orqanizmin arı zəhərinə qarşı həddindən artıq güclü allergik reaksiyasıdır və bir neçə dəqiqə ərzində tənəffüs çatışmazlığı, təzyiqin düşməsi, huşun itməsi ilə nəticələnə bilər. Mütəxəssislər xüsusilə vurğulayır ki, belə vəziyyətlərdə təcili tibbi müdaxilə olunmazsa, ölüm riski çox yüksəkdir. Xüsusilə xalq arasında “eşşək arısı” kimi tanınan arılar daha təhlükəli hesab olunur. Onların sancması daha ağrılı olmaqla yanaşı, zəhəri də daha güclü təsir göstərir. Üz, boyun, dil və qırtlaq nahiyəsinə sancma isə ikiqat risklidir, çünki bu zaman tənəffüs yolları şişərək bağlana bilər.
Kütləvi sancmalar da ayrıca təhlükə yaradır. Bir neçə arının eyni anda hücumu nəticəsində orqanizmdə ağır zəhərlənmə, toksik reaksiya inkişaf edə bilər. Bu zaman allergiya olmasa belə, zəhərin miqdarı həyati təhlükə yarada bilər.
Dünyada “qatil arılar” kimi tanınan Afrika bal arıları mövcuddur. Bu arılar son dərəcə aqressivdir və yuvalarını kütləvi şəkildə qoruyurlar. Lakin onların “bir saniyədə öldürməsi” kimi fikirlər elmi baxımdan şişirdilib. Real təhlükə onların çoxlu sayda hücum etməsi və insanın onlarla sancmaya məruz qalmasıdır. Sevindirici haldır ki, bu növə Azərbaycanda rast gəlinmir. Azərbaycanda əsas risk daha çox “eşşək arıları” və adi bal arıları ilə bağlıdır.
Mütəxəssislər qeyd edir ki, arı sancmasından sonra meydana gələn ağrılar sancma sayına, arının iynəsinin uzunluğuna, arının növünə (“eşşək arısı”, vəhşi arı) görə fərqlilik göstərir. Bal arıları adamı sancdıqdan sonra ölür. Lakin “eşşək arıları” və vəhşi arılar kimi növlər birdən çox sanca bilər və yaşamaya davam edə bilər. Arılar sancdıqda ağrı, qızartı və şişkinlik kimi əlamətlərə səbəb ola biləcək toksinlər xaric edə bilərlər. Bəzi insanların bu toksinlərə qarşı allergiyası var.
Arını iynəsindən yayılan toksinləri azaltmaq üçün dərinin altında qalan iynəni cımbız köməyi ilə çıxarılmalıdır. Arı sancmasında çalışmaq lazımdır ki, zəhərin yayılmasının qarşısını almaq üçün 30 saniyə ərzində arı iynəsi çıxarılsın. Çünki nə qədər uzun müddət qalarsa, bir o qədər zəhərli olar və daha çox reaksiyalar şiddətli olaraq acıverici, ağrılı olar. Daha sonra arının sancdığı yerə buz kompres qoyularaq yarana biləcək şişkinlik və ağrıların qarşısı alınmalıdır. Buz həmçinin zəhərin bədən tərəfindən sorulmasının qarşısını almaqda da rol oynayır.
Xalidə Gəray
Musavat.com