AZ

Şabaş, içki və din: Toylarda haram halal mübahisəsi yenidən gündəmdə

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

"İslam dini baxımından məsələyə yanaşdıqda, davranışların qiymətləndirilməsində insanın şüurlu olması əsas şərtlərdən biridir. Spirtli içki isə açıq şəkildə haram sayılır və insanın ağlını, iradəsini zəiflədir. Bu səbəbdən içkili vəziyyətdə edilən hərəkətlərin dini baxımdan dəyəri şübhə altına düşür".

Bunu Qaynarinfo-ya açıqlamasında araşdırmaçı jurnalist Rəsul Mirhəşimli "şabaş pulu haramdır, çünki içkili adam verir" fikirlərinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, belə vəziyyətdə verilən şabaşın nə niyyət baxımından, nə də ölçü baxımından sağlam əsaslara söykəndiyini demək çətindir: 

"Azərbaycan cəmiyyətində toy mərasimləri təkcə iki insanın ailə qurması deyil, həm də milli-mədəni və dini dəyərlərin nümayiş olunduğu mühüm ictimai hadisə olub tarix boyu. Bu mərasimlər əsrlər boyu formalaşmış ənənələrin daşıyıcısı kimi həm mənəvi, həm də sosial funksiya yerinə yetirib. Lakin son illərdə toyların məzmunu və keçirilmə forması ilə bağlı ciddi dəyişikliklər müşahidə olunur və bu dəyişikliklər bir çox hallarda həm dini, həm də milli baxımdan suallar doğurur. Xüsusilə "şabaş” anlayışı ətrafında yaranan müzakirələr bu mövzunun aktuallığını daha da artırır".

Onun sözlərinə görə, sabaş Azərbaycan toylarında ifaçılara verilən pul mükafatı kimi tanınır və ilkin mahiyyət etibarilə sənətə verilən dəyərin, zəhmətə hörmətin ifadəsi olub:

"Keçmişdə bu, daha çox səmimi təşəkkür xarakteri daşıyırdı. Ancaq zaman keçdikcə bu ənənə müəyyən mənada deformasiyaya uğrayıb və bir çox hallarda nümayiş, rəqabət və hətta israf vasitəsinə çevrilib. Bu dəyişiklik isə onun mənəvi yükünü azaldaraq daha çox maddi və zahiri xarakter almasına səbəb olub. Quran-Kərimdə sərxoşedici maddələrdən uzaq durmaqla bağlı açıq göstərişlər verilir və insanın özünü idarə edə bilmədiyi vəziyyətlər qınanır. Bu baxımdan, içkili halda edilən maddi davranışların dini əsaslandırılması mümkün deyil və bu kimi hallar daha çox israf və məsuliyyətsizlik kimi qiymətləndirilir".

Rəsil Mirhəşimli vurğulayıb ki, mvzunun digər mühüm tərəfi insan taleyi ilə bağlı qəti fikirlər irəli sürmək meylidir: 

"Bəzi yanaşmalarda insanların həyatının necə sonlanacağı barədə ümumiləşdirilmiş və qəti hökmlər verilir. Halbuki İslamda qədər anlayışı yalnız Allaha məxsusdur və heç bir insan başqasının aqibəti haqqında dəqiq bilgi sahibi ola bilməz. Qurani-Kərim bu məsələyə aydınlıq gətirərək bildirir ki, heç kəs sabah nə qazanacağını bilməz və qeybi yalnız Allah bilir. Bu yanaşma insanı həm təkəbbürdən, həm də başqalarının taleyi haqqında hökm verməkdən çəkindirir. Çünki belə iddialar dini baxımdan əsassız olmaqla yanaşı, cəmiyyətdə yanlış düşüncə formalaşmasına da səbəb olur”. 

Araşdırmaçı jurnalist hesab edir ki, müasir toy mərasimlərində diqqət çəkən əsas problemlərdən biri də halal və haramın bir arada olmasıdır: 

"Bir tərəfdən nikah kimi mübarək bir əməl həyata keçirilir, digər tərəfdən isə bu mərasimlərdə spirtli içkilər, ifrat əyləncə və israf geniş yayılır. Bu ziddiyyət İslamın tələb etdiyi balanslı və mənəvi həyat tərzinə uyğun gəlmir. Din yalnız ibadətlərin yerinə yetirilməsini deyil, eyni zamanda gündəlik həyatın bütün sahələrində halal çərçivənin qorunmasını tələb edir. Toy kimi mühüm bir mərasimin isə bu prinsiplərə daha həssas yanaşması gözlənilir”. O bildirib ki, Azərbaycan toylarının getdikcə milli köklərindən uzaqlaşması da müşahidə olunur: "Ənənəvi sadəlik, ailəvi səmimiyyət və mənəvi dəyərlər yerini daha çox dəbdəbəyə, şou xarakterli elementlərə və xarici təsirlərə verir. Bu isə toyların mahiyyətini dəyişərək onları mədəni kimlikdən uzaqlaşdırır. Halbuki toy mərasimləri yalnız əyləncə deyil, həm də xalqın özünü ifadə etdiyi, dəyərlərini gələcək nəsillərə ötürdüyü bir platformadır. Bütün bu məqamlar göstərir ki, toy ənənələri yenidən düşünülməli və həm dini, həm də milli dəyərlərlə uyğunlaşdırılmalıdır. Şabaş kimi adətlər öz mahiyyətinə qaytarılmalı, israf və nümayişdən uzaq tutulmalıdır. Eyni zamanda, insanların taleyi haqqında qəti hökmlər verməkdən çəkinmək və dini prinsiplərə daha həssas yanaşmaq cəmiyyətin sağlam inkişafı üçün vacibdir”. 

Rəsul Mirhəşimli vurğulayıb ki, bu yanaşma həm fərdi davranışları, həm də ictimai mərasimləri daha mənalı və dəyərli edə bilər. 

Bundan əvvəl aktyor Elcan Rəsulov çıxışlarının birində bildirib ki, şabaş pulu haramdır: "Çünki içkili adam verir. Şabaş pulu ilə yüksələn meyxana deyənlərin sonuna baxın: kasıblayıb ölən, faciəli şəkildə ölənlər". 

Onun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub., çünki içkili adam verir. 

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
qaynarinfo.az

1Mənbələr