AZ

Ekranda olan, yaddaşlarda olmayan zəhmli aktyor Orxan Saffari yazır…

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mənə elə gəlir ki, əsl aktyor odur, əvvəlcə özündən çıxsın, sonra rola girsin. Ancaq Xalq artisti Məmməd Səfa özündən çıxır, di gəl, rola girə bilmir.

Hərdən elə bilirəm, Məmməd Səfa qaşlarını çatmaq, ciddi aura yaratmaqla aktyor olduğunu düşünür. Aktyor cameəsi də Məmməd Səfa haqqında danışanda zəhmini xüsusi vurğulayırlar.

Ancaq razıyam, “Azərbaycanın ən zəhmli aktyorları” müsabiqəsi keçirilsə, Məmməd Səfa hər üç yeri özü götürər.

Doğrudur, o, uzun illərdir səhnənədir və onu aktyor kimi tanıyırlar. Ancaq məncə, Məmməd Səfanı elə təkcə aktyor kimi tanımaq lazımdır, daha qəbul etmək yox.

Kütləvi tamaşaçı onu “Dolu” filmindən xatırlayır.

Çox adam elə bilir ki, o, “Dolu” filmində amansız şəkildə oynayıb, parlaq istedad nümunəsi göstərib.

Təəssüflə deməliyəm ki, Məmməd Səfa “Dolu” filmində heç nə etməyib.

Onu bu filmdə sevdirən nəsnə filmin özü, mövzusu, ağırlığı, əhəmiyyətidir. Bu mənada, “Dolu” filmində rolunu pis oynayan bircə aktyor belə yoxdur. Varmı? Yoxdur. Ona görə də tövsiyə olunur ki, tamaşaçı materialın yaxşı olmağına aldanmasın. Ancaq bu filmə gəldikdə, ən yaxşı rolun, ümumən filmin daha çox sevilməyinin səbəbi “Drakon” obrazı olduğunu demək olar.

Elə aktyorlar var, onlar teatr üçün, ekran üçün doğulurlar. Bu mənada, Məmməd Səfa sadəcə doldurmaq üçün var. Boşluq o qədər böyükdür ki, orada ona da yer tapılır.

Onun rol aldığı layihələri belə təsəvvür edirəm:

Məsələn, bir film çəkilir, bütün aktyorlar rolunu yaşayır, bircə Məmməd Səfa rolunu təqdim edir. Yəni bu da mən, mən də varam, zəhmimi götürüb gəlmişəm misalı.

Mənə görə sənətdə ən böyük uğursuzluq istedadsızlıq deyil. İstedadın olduğu yerdə dayaz qalmaqdır. Məmməd Səfa müəllimdə də məsələ belədir. İstedadlılar içində görünür, ancaq kənardan.

Qəribədir ki, Məmməd Səfanın siması kimi ekrana yaraşan sima nadir hallarda olur. Bir neçə fərqli rollara girə biləcək siması olsa da, o, heç birinə girməyə çalışmır. Eləcə dayanır. Onu xilas edən məsələ ssenari, rejissor işi olur. Özünə qalsa, yerdə Məmməd Səfadan heç nə qalmaz.

Məmməd Səfanın Azərbaycan filmində adı var. Ancaq izi, insanı lərzəyə salacaq işi, istedadı yoxdur.

Ümumiyyətlə, aktyor bir neçə istiqamətdə insanın yadında qalır. Məsələn, elə aktyor var ki, onun oynadığı rol yaxşı və ya pis olmağından asılı olmayaraq, insanın yadından çıxmır. Məmməd Səfa da yadda qalır, ancaq təkcə siması ilə. O, tamaşıçıya tanış gəlir, ancaq tamaşaçı ha düşünsə də, nə ilə tanış gəldiyini tapa bilmir. Sadəcə fikirləşir ki, hə, filan filmdə, tamaşada o da var idi.

Yox, belə deyilsə, kim Məmməd Səfanı əla oynadığı bir rol ilə xatırlayır? Kinonu az-çox bilən adamları onu hansısa rollarla xatırlaması deyil məsələ. Məsələ odur ki, Məmməd Səfa sadə tamaşaçının sevimli aktyoru, xüsusi bir rolu ilə tanınan aktyoru deyil.

Məsələn, Valeh Kərimov da Məmməd Səfa kimi olsa belə, “Moşu” ilə xatırlanır. Onlarla belə aktyor, onlarının rolunun adını çəkmək olar. Ancaq Məmməd Səfa barəsində ciddi bir şey demək olmur.

Məmməd Səfa müsahibələrinin birində “Aktyor sənətinin əsil aləti nədir?” sualına maraqlı bir cavab verərək deyir:

“Mən hesab edirəm ki, aktyor sənəti çox çətin, mürəkkəb bir sənətdir. Hər bir peşənin öz silahı, öz aləti var. Aktyor sənətinin aləti insanın ruhudur, qəlbidir, varlığıdır. O əldə olmur insanın ruhunda, gözündə, qəlbində olur. Bu mənada insan özünü dərk etməli, anlamalı, ətrafını başa düşməli, qarşı tərəfi dinləyib, ona dəyər verməyi bacarmalıdır. Qeyri-adi, çətin bir peşədir. İnsanın sağlamlığına, dünyagörüşünə, mütaliəsinə, dünyaya baxışına söykənən bir peşədir. Ona görə də hesab edirəm ki, bu peşəyə gəlmək istəyən, məşğul olmaq istəyən insan öz üzərində ciddi şəkildə işləməlidir. Bütün bu proseslərə hazır olmalıdır”.

Ancaq maraqlıdır ki, o, bu dediklərini hesab edir, özünə çox da dəxli yoxdur, tədbiq eləmir.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
icma.az

1Mənbələr