ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Mövcud iqtisadi şəraitdə pensiya sisteminin gələcəyi ilə bağlı narahatlıqlar getdikcə daha çox müzakirə olunur. Əhali strukturunda baş verən dəyişikliklər, qeyri-rəsmi məşğulluğun yüksək səviyyədə qalması və büdcə yükünün artması fonunda sistemin davamlılığı sual altına düşür.
Bəs pensiya sistemi həqiqətən risk altındadırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, rəsmi yanaşmalarda sabitlik və təminat mesajları verilsə də, faktiki göstəricilər sistemin uzunmüddətli perspektivdə ciddi təzyiqlərlə üz-üzə olduğunu göstərir:

Asif İbrahimov
“Əsas problem struktur xarakterlidir: işləyən əhali ilə pensiya alanlar arasındakı balans sürətlə dəyişir. Əhali qocalır, doğum səviyyəsi azalır, qeyri-rəsmi məşğulluq isə hələ də yüksək olaraq qalır. Bu isə o deməkdir ki, pensiya fonduna daxilolmalar azalır, öhdəliklər isə artır. Nəticədə sistem getdikcə daha çox dövlət büdcəsindən asılı vəziyyətə düşür”.
İqtisadçı qeyd edib ki, beynəlxalq təcrübə də bu modelin əvvəlki kimi effektiv olmadığını göstərir:
“Müxtəlif beynəlxalq qurumların hesabatlarında ənənəvi paylanma əsaslı pensiya sistemlərinin ciddi islahatlar olmadan uzun müddət davamlı qala bilməyəcəyi açıq şəkildə vurğulanır.
Ən narahatedici məqamlardan biri cəmiyyətə real risklərin tam şəkildə izah olunmamasıdır.
Pensiya sisteminin tam ləğvi real görünməsə də, onun faktiki olaraq zəifləməsi, ödənişlərin alıcılıq qabiliyyətinin azalması və çıxış şərtlərinin sərtləşməsi artıq qaçılmaz istiqamət kimi görünür”.
Asif İbrahimov əlavə edib ki, qarşıdakı dövrdə bir sıra dəyişikliklər gözlənilir:
“Bunlara pensiya yaşının mərhələli şəkildə artırılması, dövlət tərəfindən ödənilən pensiyaların nisbi azalması və fərdi yığım, eləcə də özəl pensiya mexanizmlərinin ön plana çıxması daxildir.
Bu dəyişikliklər vətəndaşlar üçün yeni reallıq formalaşdırır və gələcəkdə yalnız dövlət pensiyasına arxalanmaq ciddi risklər yaradacaq”.
İqtisadçı hesab edir ki, artıq gecikmədən açıq və dürüst islahat gündəliyi formalaşdırılmalıdır. Cəmiyyətə real vəziyyət izah olunmalı, alternativ mexanizmlər təşviq edilməli və uzunmüddətli sosial təminat modeli yenidən qurulmalıdır. Əks halda, mövcud problemlər gələcəkdə daha kəskin sosial və iqtisadi böhranlara səbəb olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.