AZ

Rusiyaya qarşı böyük savaş: Düyməyə basıldı

Yaxın zamanda Avropada yeni regional hərbi-təhlükəsizlik sistemi qurulacaq. 

Artıq bu istiqamətdə ilkin addımlar atılıb. Böyük Britaniyanın rəhbərliyi ilə 10 şimali Avropa ölkəsi Rusiyanın dəniz təhdidlərinə qarşı mübarizə aparmaq üçün yeni çoxmillətli dəniz qüvvələri yaratmaq barədə niyyət bəyannaməsi imzalayıb. 

Bəyannaməyə əsasən, Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Niderland, Norveç və İsveç imza atıblar. Niyyət bəyannaməsinin imzalanmasında əsas məqsəd Şimal-Qərbi Avropa, Şimal Atlantika və Yüksək Şimalda Rusiyanın sualtı infrastrukturuna, hərbi gəmilərinə və "kölgə donanmasına" qarşı müdafiəni gücləndirməkdir. 

Bu qüvvə NATO-nun mövcud strukturlarına əlavə olaraq fəaliyyət göstərəcək və böhran anında daha sürətli reaksiya vermək imkanına sahib olacaq. Bəyannamədə təşəbbüsün adı "Şimal Donanmaları Tərəfdaşlığı" (Partnership of Northern Navies) kimi xarakterizə olunur. Bu qərar Rusiyanın Şimal dəniz bölgələrində sualtı kabelləri və kritik infrastrukturunu izləyən fəaliyyətinin, eləcə də hərbi gəmilərinin Böyük Britaniya sularına müdaxiləsinin artdığı bir vaxtda qəbul edilib. 

Şimali Avropa ölkələri tərəfindən imzalanan niyyət bəyannaməsi reallaşacaq?

NATO-nun mövcud olduğu təqdirdə belə bir hərbi-təhlükəsizlik sisteminin əsasının qoyulmasına nə dərəcədə ehtiyac var? ABŞ-nin buna münasibəti necə olacaq? Belə bir bəyannamənin mahiyyətində əsasən nə dayanır? 

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Britaniya da yeni dünya sistemində yeni geosiyasi güc mərkəz öz yerini təsdiqləmək niyyətindədir. 

“Böyük Britaniyanın liderliyi ilə çoxmillətli dəniz qüvvələri Rusiyanın dəniz təhdidlərinə qarşı mübarizə aparmaq üçün yaradıldığı bəyan edilsə də, qənaətimcə əslində bu, formalaşmaqda olan yeni dünya düzənin doğurduğu Britaniya mərkəzli təhlükəsizlik sisteminin təməli hesab edilməlidir. 

Londonda çox yaxşı bilirlər ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamı dağılıb, onunla bərabər təhlükəsizlik sistemləri də dağılmağa başlayıb. Buna görə də London yeni təhlükəsizlik sistemi qurmağa çalışır. 

Ukrayna ilə 100 illik müqavilə və Türkiyə ilə strateji tərəfdaşlıq sazişi imzalayan Britaniya ən nəhayət Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Niderland, Norveç və İsveçlə birlikdə çoxmillətli dəniz qüvvələri yaradır. Qənaətimcə, bu istiqamətdə yeni təşəbbüslər də olacaq. Xüsusilə Cənubi Qafqaz istiqamətində Britaniyanın siyasətində bir boşluq yaranıb”. 

X. Cəfərli əlavə edib ki, bütün bunlar Rusiyanın daha çox təcrid olunmasına, ən əsası Rusiyanı dənizlərdən sıxışdırıb çıxarmağa xidmət edir: 

“Bu zaman hərbi toqquşma da istisna edilə bilməz və edilməməlidir. ABŞ-nin bu təşəbbüslərə mənfi münasibəti ola bilməz. Vaşinqton Avropanın təhlükəsizlik sistemindən kənarlaşaraq Yaxın Şərq və Uzaq Şərqə yönəlməyə çalışır. 

Əgər Britaniya Avropanın təhlükəsizlik sisteminin ağırlığını öz üzərinə götürsə, Vaşinqtonda bundan ancaq məmnun olarlar”. 

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr