AZ

Avropa parlamentində siyasi hoqqabazlıq edən dairələr idmana da yol tapıblar - RƏY

Azərbaycan idmançıları illərdir, beynəlxalq arenada yüksək nəticələr əldə etməklə yanaşı, bəzən qərəzli yanaşmalar və ədalətsiz qərarlarla da üz-üzə qalırlar. Bu kimi halların idman prinsiplərinə zidd olması həm ölkəmizin idman nüfuzuna, həm də idmançıların layiq olduqları qələbələrin tanınmasına mənfi təsir göstərir. Məhz bu reallığı diqqətə çatdıran Prezident İlham Əliyev beynəlxalq yarışlarda Azərbaycan idmançılarına qarşı müşahidə olunan ədalətsizliklərdən danışaraq məsələyə ciddi münasibət sərgiləyib. Dövlət başçısı bildirib ki, xüsusilə, Avropa səviyyəli yarışlarda bu cür halların daha çox nəzərə çarpması Azərbaycanın idmanda qazandığı uğurların bəzi dairələrdə narahatlıq doğurduğunu göstərir. Prezidentin bu çıxışı həm idmançılarımıza mənəvi dəstək, həm də beynəlxalq idman qurumlarına ədalətli və obyektiv mövqe nümayiş etdirmələri ilə bağlı mühüm mesaj kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Çempionatında komanda hesabında çempion olan güləşçilərimiz və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda Azərbaycan idmançılarına münasibətdə ədalətsizliyə, haqsızlığa yol verildiyinə diqqəti cəlb edib.

 

 

"Cənab Prezident qeyd etdi ki, bir qayda olaraq Azərbaycan idmançıları Avropa çempionatlarında iştirak edərkən və qalib gələrkən onlara qarşı qeyri-obyektivlik, ədalətsizlik nümayiş etdirilir. Çox qəribədir ki, bu hadisə Azərbaycan idmançıları dünya çempionatında yer qazanarkən yox, daha çox Avropa çempionatlarında qələbə qazanarkən baş verir. Deməli, müəyyən qüvvələr maraqlıdırlar ki, Azərbaycan idmançıları Avropa yarışlarında iştirak etməsinlər, qalib gəlməsinlər. Bu, təəccüb doğurur. Əslində, belə yanaşmanın motivlərini başa düşürük. Təəssüf ki, idmanı artıq siyasət alətinə çevirən dairələr var. Avropanın özündə bu geniş yayılıb. Aprelin 30-da Avropa parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə də bunu təsdiqləyir. Azərbaycana münasibətdə şər-böhtan, iftira ilə dolu bir qətnamədir. Qətnaməni qəbul edən tərəf məhz Avropa parlamentidir. Görünür, Avropa parlamentində siyasi hoqqabazlıq edən dairələr idmana da yol tapıblar, əlləri çatıb. Müxtəlif istiqamətlərdə Azərbaycana təzyiq göstərmək istəyirlər. Həm siyasi təzyiq, ardınca da idman sahəsində təzyiq edirlər, amma mənasızdır. Necə Avropa parlamentinin qərarı bizim üçün kağız parçasından da dəyərsizdir, idmançılarımıza qarşı nə qədər ədalətsizlik etsələr də, ilahi ədalət deyilən məsələ var. İdmançılarımız güclü, prinsipial, qətiyyətlidirlər. Vətənin bayrağını hər şeydən üstün tuturlar. Onun yüksəklərdə dalğalandırılmasında maraqlıdırlar və bu məqsəd üçün əllərindən gələn əzmkarlığı nümayiş etdirirlər. Qələbə də bizimlə olur. Anti-Azərbaycan dairələrin bütün hoqqabazlıqlarına baxmayaraq biz qalib gəlirik".

 

Milli Məclisin deputatı Naqif Həmzəyev isə bildirib ki, Azərbaycan coğrafi, mədəni və tarixi baxımdan Cənubi Qafqazda yerləşən, yeni reallıqlar yaradan bir dövlətdir:

 

 

"Bəzi Qərb və Avropa dairələrində Azərbaycanın güclü Avropa idman arenasında dominant mövqe tutması psixoloji olaraq "gözlənilməz" kimi qəbul edilir. Bu məntiq özü artıq qeyri-bərabər münasibətin göstəricisidir. Prezident İlham Əliyev özü qeyd edib ki, Azərbaycan güləşçiləri rəqibləri ədalətli mübarizədə məğlub ediblər.  Lakin ardıcıl uğurlar - məsələn, Həsrət Cəfərovun 2023, 2024 və 2025-ci illərdə Avropa çempionu olması bəzən rəqib ölkələrin idman federasiyaları, hakimlər və funksionerləri tərəfindən "narahatedici" kimi qəbul edilə bilər. Dominantlıq həmişə rəğbət qazanmır. Azərbaycan ilə bir sıra Avropa ölkələri arasındakı siyasi münasibətlər - Ermənistanın Avropa institutlarında aktiv lobbisi, Qarabağ məsələsi üzrə Qərb mövqeyi bu ədalətsizliklərə zəmin yarada bilər. İdman siyasətsiz deyil, hakimlik qərarları, cərimə nöqtələri, texniki qiymətləndirmələr subyektiv amillərdən tam azad olmur. Prezident İlham Əliyev idmançılara müraciət edərək, harada olmağından asılı olmayaraq - xalça üzərində və xalçadan kənarda layiqli davranış prinsiplərinə sadiq qalmağı tövsiyə edib. Bu da düzgün yanaşmadır. Ədalətsizliyə ən güclü cavab öz peşəkarlığını və nüfuzunu qorumaqla verilir. Nəticə etibarilə, Azərbaycanın idmanda əldə etdiyi uğurlar ölkənin beynəlxalq arenada güclənən imicinin tərkib hissəsinə çevrilib. Bu uğurlar nə qədər böyük olsa, bəziləri üçün bir o qədər "həzmsiz" olur. Bu isə ədalətsizliyin deyil, Azərbaycanın gücünün göstəricisidir".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Dörd

Tarix: 2 May 2026, 17:22   
Seçilən
40
pravda.az

1Mənbələr