AZ

Bakıda restoranda İNSİDENT: kişi icarədar idmançı qızın burnunu qırdı

Bakıda qadın müştəri restoranda döyülüb.

Hadisə Nərimanov rayonu, Azadlıq prospektində yerləşən restoranlardan birində qeydə alınıb.

İttiham aktında qeyd olunan yekun protokola görə, səhərə yaxın saat 5 radələrində zərərçəkən şəxs Gülsüm (şərti adla) sərxoş halda restoranda digər qadın müştəriləri narahat edib. Buna görə də obyektin icarədarı Musa İslamov (ad və soyad şərtidir) yaxınlaşaraq ondan hesabı ödəyib restoranı tərk etməsini tələb edib. Lakin Gülsüm həm buna etiraz edib, həm də Musanı söyüb. Əsəbiləşən Musa Gülsümün sifətinə zərbə vurub. Nəticədə qızın burun sümüyü qırılıb və bir sıra digər xəsarətlər yetirib.

Faktla bağlı Musa İslamova qarşı cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, restoranı doğma bacısı ilə birgə işlədir. Zərərçəkən qadının sözlərinə görə isə taekvando idman növü ilə məşğul olub. Lakin hadisə zamanı 6 nəfər onun üzərinə gəldiyi üçün gücü çatmayıb. Gülsüm həmçinin kuryer işlədiyini və hadisə nəticəsində ona 6500 manat ziyan dəydiyini də deyib.

İfadə verən qadın şahidlər Gülsümün sərxoş halda musiqi qoşub oynayarkən onlara sataşdığını, masasında əyləşərkən isə dayanmadan üzlərinə baxdığını deyiblər. Müştərilər narahat olduqları üçün restoran icarədarlarına müraciət edərək Gülsümün obyektdən çıxarılmasını istəyiblər. Hadisə də məhz bu zəmində baş verib.

Məhkəmənin qərarı ilə Musa İslamov barəsində 8 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin onun haqqında amnistiya aktı tətbiq olunub və o, məsuliyyətdən azad olunub.

Seçilən
8
2
news365.az

3Mənbələr