AZ

ABŞ və İsrailin apardığı müharibə İranda demokratik prosesə heç bir təkan vermədi, əksinə...”-MÜSAHİBƏ

“Hörmüz konfliktinin şiddət səviyyəsinin artmasının dünya iqtisadiyyatında böhran yaratdığı halda İrana qarşı quru əməliyyatının başlanmasına səbəb olması da mümkündür...”
 
“Daha öncə də iqtisadiyyat da daxil olmaqla hər şey “SEPAH”-ın əlində idi. İndi isə diplomatiya da bu qurumun əlinə keçdi. Və əgər diplomatiyanı da hərbçilər idarə edirsə, bu ciddi problemlər yaradacaq...”
 
“ABŞ və İsrailin İrana qarşı yeni bir hərbi əməliyyat aparması ehtimalı yüksəkdir. Çünki...”
 
Güney Azərbaycanlı jurnalist və beynəlxalq əlaqələr üzrə ekspert, jurnalist, Almaniyanın Köln Universitetinin professoru Rıza Talebi ilə Moderator.az üçün budəfəki söhbətimizdə ABŞ və  İranın Hörmüz boğazı ətrafındakı konfliktindən, İran daxilində repressiyaların şiddətlənməsindən, yeni hərbi əməliyyatların başlanması ehtimalından və s. bəhs etdik.
 
-Rıza bəy, Hörmüz boğazı ətrafında yaranmış son durumu necə xarakterizə edərdiniz? 
 
-Hörmüz boğazındakı və ətrafındakı bu konflikt, əlbəttə, müharibədən öncə mövcud deyildi. Bu, ABŞ-ın İrana hücumundan sonra ortaya çıxdı və görünən odur ki, amerikalılar Hörmüz boğazının bağlanmasında daha çox maralıdırlar. Çünki onlar da həmin boğazın çıxışını blokadaya aldılar.  Lakin Hörmüz ətrafındakı konflikt İran üçün də çox önəmli oldu. Çünki əlinə istifadə edə biləcəyi bir faktor keçdi. Ancaq bu faktorun istifadəsi nə qədər davam edə bilər? Yəni İran bunu şiddət səviyyəsində aylarla davam etdirə bilməz. Bu ona səbəb ola bilər ki, alternativ yollar axtarılsın və nəticədə Hörmüz boğazının əhəmiyyəti azalsın. Bu halda İranın ətrafdan ixracat və idxalatı risk altına düşər. ABŞ-ın məqsədi də elə budur:  ölkənin illik 153 milyonluq ton ixracatı və 83 milyon ton idxalatı pozulsun. Və xüsusilə əsas xammal olan benzin İrana çatmasın. Düzdür, bunlar İranın quru sərhədləri vasitəsi ilə də icra edilə bilər. Fəqət o yolların potensialı bunu kompensasiya etməyə kifayət etmir...
 
Görünən budur ki, İran bu siyasəti davam etdirəcək ki, bəlkə müzakirələrdə də bunu istifadə edə bilsin. Ancaq bunu zamanında və ölçülü şəkildə etməzsə, çox  böyük zərərlər də görə bilər. Çünki Hörmüz konfliktinin şiddət səviyyəsinin artmasının dünya iqtisadiyyatında böhran yaratdığı halda İrana qarşı quru əməliyyatının başlanmasına səbəb olması da mümkündür. İndi dünya buna qarşı tədbirlər görür və İranın bunu uzun müddət davam etdirəcəyini düşünmək düzgün deyil... 
 
-İranın daxilində repressiya və edamlar davam edir. Güney Azərbaycandan nə xəbər var?
 
-Bəli, göründüyü kimi, İranda repressiyalar da davam edir; 20-dən çox edam olunan, 4 mindən çox həbs edilən var. Güney Azərbaycanda fəallar təqib olunmaqdadır. Və bunların hər hansı bir strateji anlamı da yoxdur.
 
Görünən odur ki, müharibədən sonra İran hakimiyyəti daha radikal, militarist və despotik hala gəlib və bundan sonra daha da despotluğa doğru gedəcək. ABŞ və İsrailin apardığı müharibə İranda demokratik prosesə heç bir təkan vermədi, əksinə repressiyaların artmasına səbəb oldu. İnternetin kəsilməsi, repressiyanın davamı, inflyasiya, işsizlik... Və xalqın problemləri daha da dərinləşdi. Bir neçə ay öncə İranda qətliamlar baş verdi və bütün bunlar hakimiyyətin mövqeyini zəiflətdi. Və bütün bu ölkədaxili prosesləri kontrol etmək üçün repressiyaları davam etdirəcəklər. 
 
-İran prezidenti Məsud Pezeşkianın durumu nə yerdədir? “SEPAH”-ın ona qarşı münasibəti təhlükəli deyil ki?
 
-Bəlli olduğu kimi, İranda prezident və hökumətin rolu çox önəmli deyil. Hər şey indi “SEPAH”-ın əlindədir və Pezeşkian sadəcə bürokratik məsələləri idarə edir. Siyasət, iqtisadiyyat və diplomatiya sahələrində Pezeşkian və başçılıq etdiyi hökumətin rolunun hansısa  aktiv və təsirli rolundan danışmaq doğru deyil, çünki əllərində çox az şey var, əsasən bürokratiyanı idarə edirlər. Daha öncə də iqtisadiyyat da daxil olmaqla hər şey “SEPAH”-ın əlində idi. İndi isə diplomatiya da bu qurumun əlinə keçdi. Və əgər diplomatiyanı da hərbçilər idarə edirsə, bu ciddi problemlər yaradacaq...
 
Odur ki, Pezeşkian ciddi təsir imkanları çox məhduddur. Bundan öncə onun arxalana biləcəyi Əli Xameneinin özü idi. Onun oğlu Müctəba Xameneinin də vəziyyəti qeyri-müəyyəndir, ortada yoxdur. “SEPAH” isə sadəcə Pezeşkiandan bürokratik işləri davam etdirmək üçün bir alət kimi istifadə edir... 
 
- Amerika və İsrailin yenidən İrana qarşı hərbi əməliyyatlara başlaması ehtimalı nə qədərdir?
 
-ABŞ və İsrailin İrana qarşı yeni bir hərbi əməliyyat aparması ehtimalı yüksəkdir. Çünki görünən odur ki, 60 günlük əməliyyat dövrü bitib və Tramp deyir ki, müharibəni bitirdik. Əslində məqsəd yeni bir müharibə başlatmaqdır. Regiondakı hərbi qüvvələr və sursatlar da şiddət dərəcədə artırılır. Buna görə İrana məhdud bir yeni müdaxilə ehtimalı var. Amerika bunu necə icra edə bilər? Bu. əsas məsələdir. Keçmişdəki İraq və Əfqanıstan təcrübəsi var. Və yaxud da Hörmüzdəki blokadanı davam etdirə bilərlər ki, İranın içərisindəki problemlər şiddətlənsin. Əgər bunun nəticəsində İranın daxilində vətəndaş müharibəsi və ya sistem içi qarışıqlıq baş verərsə, ABŞ bu məsələdə müxtəlif qruplardan istifadə edə bilər. Həmçinin rejimin daxildəki problemlərə başı qarışdığı zaman müharibəni davam etdirməsi də mümkündür.  İsrail də istədiyi zaman hərbi əməliyyatları bərpa edə bilir və bu, onlara problem yaratmır. Hətta ABŞ və İran razılaşsa belə, İsrail müharibəni davam etdirə bilər.
 
Bir sözlə, nə qədər ki, İran rejimi İsraillə bağlı məsələləri həll etməyib və ABŞ-la yekun bir görüş keçirərək qəti razılığa gəlməyibdir,, bu konfliktlər davam edəcək və bu da içəridəki problemlərlə birlikdə böyük böhrana səbəb ola bilər...
 
Sultan Laçın
 
Seçilən
39
1
moderator.az

2Mənbələr