AZ

“Gözünün qabağında hakim haqqını yeyir, necə sakit dayanasan?!” - azarkeş qrupları AFFA İntizam Komitəsinin qərarlarından narazıdı

AFFA İntizam Komitəsi 29-cu turdan sonra verdiyi qərarlarla klublara və azarkeşlərə münasibətdə nə qədər amansız olduğunu göstərdi. “Qarabağ” azarkeşlərinin davranışına görə 7, “Sumqayıt” 11, “Neftçi” isə 13 min manat cərimələndi. Özü də bu hal ilk dəfə baş vermir. Azarkeşlərin hər addımından sonra böyük büdcəyə malik klublar nəhəng məbləğdə cərimələnir. 

Maraqlıdı ki, “Qəbələ” azarkeşləri də hakimi təhqir edir, “Kəpəz”in nominal ev oyunlarından sonra kənar şəxslər meydana çıxır, amma bu klublar cərimələnmir. Görünür, AFFA gözünü pullu klublara dikib, onları soyub-talayır. 

Aprelin 2-də keçirilən Hesabat Konfransından sonra mətbuat konfransında AFFA prezidenti Rövşən Nəcəfə bu barədə sual verilmiş, o isə təxminən “bizim verdiyimiz pullardı, heç kimi soyub-talamırıq” ifadəsini səsləndirmişdi. Bəli, AFFA hər kluba ildə 2,5 milyon manat ayırır. Amma həmin pul AFFA-ya qaytarmaq üçün yox, iş görmək üçündü.

Təbii ki, azarkeşlər birmənalı şəkildə futbola rəng qatır. “Qarabağ”la “Sabah” arasındakı son dörd oyunu tribunalardan 57429 azarkeş izləyib. Ardıcıl iki Azərbaycan derbisinə də azarkeşlər damğasını vurdu. Amma onları küsdürmək, klubları azarkeşlər stadionagəldiyinə görə peşman etmək olmaz. Dünya futbolunda bilet satışı da klub biznesinin bir hissəsi, klub gəlirlərinin formalaşmasının əsas vasitəsidi. Amma bizdə klublar bilet satışından əldə etdiyi pulun da üstünə nəsə qoyub, cərimə kimi geri qaytarır. Bu çox ciddi məsələdi. 

Razılaşaq ki, ölkədə ən böyük üç azarkeş ordusu “Neftçi”, “Qarabağ” və “Turan Tovuz”dadı. Onlardan bu barədə açıqlama aldıq. 

“Forza Neftçi”:

“Neftçi” azarkeşi, ümumiyyətlə, azarkeşlər futbolu bilir, anlayır deyə, göz qabağında olan hakim səhvlərinə görə şüarlar səsləndirilir. Şüar da demək olmaz. Bir nəfər deyir, hamı qoşulur. Bir nəfər hamı, hamı bir nəfər üçündü. Gözünün qabağında hakim haqqını yeyir, necə sakit dayanasan?! AFFA da ağzımızı güdür ki, bir şey deyək, klubu cərimələsin. Kim istəyər ki, klubu cərimələnsin, ona görə ziyana düşsün? Azarkeş kluba ən sadiq adamdı. Rəhbər şəxslər maaşla işləyir, futbolçu maaşla oynayır. Xadimədən rəhbərə qədər hamı pul üçün işləyir. Amma azarkeş vaxtından keçir, cibindən pul verir, gəlir oyuna, komandasını dəstəkləyir. Komandası oynamayanda istər-istəməz aqressiv olur. “Neftçi” azarkeşi buna öyrəşməyib. Komanda neçə illərdi uğursuzdu. İndi bu zolaqdan çıxmağa yaxınlaşır, görürsən ki... Bəlkə də elə kapitan, futbolçular olsa, formanın haqqını verənlər oynasa, belə şeylər olmaz. Futbolçu qol vurur, gəlir rəqib azarkeşlərin qarşısında sevinir. İndi-indi bizdə formalaşır ki, rəqib azarkeşlərin qarşısında sevinmək olmaz. Bunu neçə illərdi futbolçulara izah edirik ki, buna imkan verməyin. İstənilən komandada bu yolverilməzdi. Belə olanda istər-istəməz aqressivlik yaranır, rəqib futbolçu qol vurub gəlir qabağında sevinir. Deməyəcəksən ki, “çox sağ ol, qol vurdun”. 

“İmarət Tayfa”: 

“Avropada bir klub 5-10 min avro cərimələnə bilər. Amma onların büdcəsi 5-10 milyarddı. Müqayisədə Azərbaycanda cərimə az olmalıdı. “Turan Tovuz”un rəhbər şəxsi çıxıb açıqlama verdi, cərimələdilər. Rəhbərliyə deyirlər ki, danışmayın, sakit durun. Biz səhv edək, amma sən mövqeyini bildirmə. Cərimələrlə göz qorxudurlar. Bu azadlığı çərçivələməkdi. Biz nə istəsək edək, amma siz etməyin. Konkret qadağa olsa ki, bunu etsən, 500 manat cərimələnəcəksən, anlaşılar. Amma adi bir şey olur, özlərindən qərar çıxarıb cərimələyirlər”. 

“Ultras Turan”:

“İntizam Komitəsinin qərarlarına hörmətlə yanaşırıq. Biz də öz növbəmizdə intizamlı olmağa çalışırıq. Amma belə getsə, azarkeşləri oyunlara gəlməkdən küsdürəcəklər. Tribuna azarkeş üçündü. Hakimlərimizdən də ədalətli olmağı xahiş edirik”. 

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
13
2
football-plus.az

3Mənbələr