futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra qonaq komandanın məşqçisi Veliko Kaplanoviç jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Bu gün oyundan yox, hakimdən danışmaq lazımdır, ancaq istəmirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Amma penaltinin nə üçün verildiyini anlamıram. Düzdür, liqada yerimizi təmin etmişik, amma bizə qarşı verilən qərarları başa düşmürəm. Hər dəfə bizə – məşqçilərə qırmızı vərəqə verilir. Anlamıram nə üçün bunlar baş verir. Top bədənə dəyir, sonra ələ, amma penalti verilir. Bizə qarşı artıq neçənci dəfədir bu cür qərarlar verilir. Həyəcanlıyam, əsəblərimə hakim ola bilmirəm. Belə də olmaz… Bizə gələndə qaydalar fərqli olur, niyə?
– İkinci penaltidə müdafiəçiniz Danilonun kobud səhvi oldu. Bunu necə şərh edərdiniz?
– Bu epizod penaltidir, bəli, səhv etdik. Saşa İliçi tez-tez cəzalandırırlar, bu gün nəsə demədi axı, nə üçün sərt qərar verilir?
– Rüstəm əvəzlənəndə narazı idi və birbaşa paltardəyişmə otağına yollandı. Onu cəzalandıracaqsınız?
– Bunu başa düşə bilmirəm. Sevinməlidir ki, meydana çıxıb. Mənim üçün bu, qeyri-peşəkar hərəkətdir. Hər kəs komandaya faydalı olmağa çalışmalıdır. Futbol fərdi oyun deyil.
– İki komanda da fərqli məkanda oynayır. Amma matçın baş hakimi səhv etmirəmsə, əslən gəncəlidir. Bunu nə dərəcə doğru hesab edirsiniz? Həm də “Kəpəz”in sabiq futbolçusu olub…
– Bu, hamı üçün gülməlidir. Haqsızlıqdır, peşəkar olmaq lazımdır. Belə oyunlara ciddi yanaşmaq lazımdır. Gənc oyunçuları da fikirləşməyə ehtiyac var.
– Təyinatlar açıqlananda baxırsınız?
– Təhlil etmirik. Biz oyunçuların analizlərinə üstünlük veririk. Hakimlər bizim işimiz deyil. Bizim üçün referilərin fərqi yoxdur.
– Hakimliklə bağlı AFFA-ya şikayətiniz olacaq?
– Klub olaraq, heç vaxt hakimliklə bağlı geniş etirazımız olmayıb. Həmişə “hakim də insandır, səhv edər” aspekti ilə yanaşmışıq. Ancaq bu hallar təkrarlananda təbii vəziyyətdən çıxır. Səsimiz çıxmadıqca, fikir yaranır ki, bunları əzək. Bugünkü oyunla bağlı da etirazımız olacaq. (“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev)
Şahin Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.