AZ

Qazaxıstanda süni intellekt layihələrinə 95 milyon dollar investisiya cəlb edilib

Astana, 2 may, AZƏRTAC

Qazaxıstanda süni intellekt layihələrinə investisiya qoymaq üçün yeni “Fondlar Fondu”na 95 milyon dollar cəlb olunub. Vəsaitin 60 faizdən çoxu Qazaxıstan işgüzar dairələrinin payına düşüb.

AZƏRTAC Qazaxıstan Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, bu barədə “GITEX AI Kazakhstan 2026” beynəlxalq texnologiya forumunda elan edilib. “Fondlar Fondu” Alem Capital Management platforması tərəfindən idarə olunur.

Baş nazirin müavini və süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyevin sözlərinə görə, “Fondlar Fondu” ölkənin rəqəmsal iqtisadiyyatının sürətli inkişafı üçün 2024-cü ilin sonlarında yaradılıb.

“Fondlar Fondunun” ortamüddətli məqsədi kapitalını 1 milyard dollara çatdırmaqdır ki, bu da Qazaxıstan sahibkarlarına qlobal vençur kapitalı liderləri “Andreessen Horowitz” və “Lightspeed”in ekspertizasına birbaşa çıxış imkanı verəcək. Hazırda regionda vençur kapitalı sövdələşmələrinin 60 faizdən çoxu Qazaxıstanın payına düşür.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Seçilən
17
3
azertag.az

4Mənbələr