AZ

Ölkədə saat hesabı maaş… – Yeni modelin GÖRÜNMƏYƏN tərəfləri

Azərbaycanda əmək bazarında yeni mərhələnin astanası kimi qiymətləndirilən dəyişikliklər gündəmdədir. Söhbət “bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı”, saatlıq əməkhaqqı modelinin tətbiqi və uşaq hüquqlarının qorunması istiqamətində aparılan islahatlardan gedir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev açıqlama verərək son illərdə əmək bazarında ciddi dinamikanın müşahidə olunduğunu vurğulayıb.

Nazirin təqdim etdiyi rəqəmlər ilk baxışda nikbin mənzərə yaradır: əmək müqavilələrinin sayı 44% artaraq 1,9 milyona çatıb, özəl sektorda bu göstərici 2,1 dəfə artaraq 1 milyonu keçib. Minimum əməkhaqqı 3 dəfə artaraq 345 manata, orta aylıq əməkhaqqı isə 2 dəfə artaraq 1 099 manata yüksəlib. Ümumilikdə əməkhaqqı fondu 3,3 dəfə böyüyüb. Eyni zamanda, minimum pensiya 2,9 dəfə artaraq 320 manata, orta aylıq pensiya 594 manata çatıb, müavinət və təqaüdlərin ümumi məbləği isə 5 dəfə artıb. Bütün bunlar sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində atılan addımlar kimi təqdim olunur.

Bəs saatlıq əməkhaqqı modeli kimə sərf edir? İşçi üçün nə dəyişəcək?

İqtisadçı Natiq Cəfərli Musavat.com-a qeyd edib ki, saat hesabı əməkhaqqı vaxtaşırı gündəmə gətirilsə də, onun konkret tətbiq mexanizmi ilə bağlı rəsmi qurumlar tərəfindən hələ də aydın izah verilməyib: “Məhz bu səbəbdən məsələ cəmiyyətdə daha çox suallar doğurur, nəinki cavablar təqdim edir. Məsələn, Azərbaycan əmək bazarında ən geniş yayılmış sahələrdən biri təhsildir və burada artıq saatlıq əməkhaqqı prinsipi müəyyən mənada tətbiq olunur. Müəllimlər dərs saatlarına uyğun olaraq maaş alırlar və bu model həmin sahə üçün müəyyən qədər işlək hesab olunur. Lakin bu nümunəni bütün əmək bazarına şamil etmək mümkündürmü? Əsas sual məhz burada ortaya çıxır”.

Onun sözlərinə görə, digər sahələrə baxdıqda isə vəziyyət daha mürəkkəb görünür: “Məsələn, hüquq-mühafizə orqanlarında çalışanlar, polis əməkdaşları və ya hərbi qulluqçular üçün saat hesabı əməkhaqqı necə tətbiq olunacaq? Onların iş rejimi klassik 8 saatlıq çərçivədən kənara çıxır, növbəli xidmət, fasiləsiz fəaliyyət və fövqəladə hallara hazır vəziyyətdə olmaq kimi amillər bu sahədə saatlıq hesablamanı xeyli çətinləşdirir. Bu kateqoriyalar üçün hansı model nəzərdə tutulur - bu barədə hər hansı aydınlıq yoxdur”.

N.Cəfərli qeyd edib ki, özəl sektora gəldikdə məsələ daha həssas xarakter alır: “Çünki özəl sektor müqavilə azadlığı prinsipi əsasında fəaliyyət göstərir. İşəgötürən və işçi arasında razılaşma fərdi qaydada tənzimlənir. Belə olan halda saatlıq əməkhaqqı modelinin bu sektora necə tətbiq ediləcəyi, bunun məcburi, yoxsa tövsiyə xarakterli olacağı, ümumiyyətlə hansı hüquqi mexanizmlərlə tənzimlənəcəyi açıq qalır. Digər tərəfdən, Azərbaycanın əmək bazarının hazırkı strukturu da bu modelin tətbiqinə tam hazır görünmür. Rəsmi statistikaya görə, ölkədə təxminən 1 milyon 700 min nəfər rəsmi şəkildə çalışır və onların əhəmiyyətli hissəsi dövlət sektorunda, yəni büdcə təşkilatlarında işləyir. Bu qədər geniş dövlət sektorunda saatlıq əməkhaqqı sisteminə keçid necə həyata keçiriləcək? Mövcud maaş sistemi necə transformasiya olunacaq? Bu sualların da konkret cavabı yoxdur”.

Ekspertin fikrincə, məsələnin maliyyə tərəfi isə ayrıca müzakirə tələb edir: “Hazırda minimum əməkhaqqı 400 manata yaxındır və bu məbləğ klassik 8 saatlıq iş rejimi əsasında hesablanıb. Əgər bu sistem saatlara bölünərsə, ortaya yeni reallıq çıxır: gün ərzində 3–4 saat işləyən bir şəxs ay sonunda təxminən 150–200 manat əməkhaqqı ala bilər. Bu isə real həyat şərtləri fonunda ciddi suallar doğurur – bu məbləğ insanların gündəlik ehtiyaclarını qarşılamağa yetəcəkmi?

Bütün bunlar göstərir ki, məsələni yalnız “proqressiv islahat” kimi təqdim etmək kifayət etmir. Əsas məsələ onun mahiyyətini açmaq, tətbiq mexanizmini detallı şəkildə izah etmək və cəmiyyətə aydın yol xəritəsi təqdim etməkdir. Saatlıq əməkhaqqı modeli yalnız o halda effektiv ola bilər ki, onun hüquqi, iqtisadi və sosial tərəfləri əvvəlcədən dəqiq şəkildə müəyyənləşdirilsin. Hazırkı mərhələdə isə əsas problem informasiya boşluğudur. Rəsmi qurumların nəzərdə tutduğu modelin konkret olaraq nədən ibarət olduğu, hansı sahələrə necə tətbiq ediləcəyi, hansı riskləri və üstünlükləri ehtiva etdiyi barədə ictimaiyyət dolğun məlumata malik deyil. Bu isə təbii olaraq müzakirələri daha çox fərziyyələr üzərində qurmağa məcbur edir”.
 

Seçilən
8
50
hit.az

10Mənbələr