AZ

"Dib"də olan futbolumuz, başqa planetdən gələn hakimlərimiz - Gəl indi bundan baş çıxar!

İlahi ədalət...

Qısa müddətdə Azərbaycan futbolunda yaşanan epizodların Avropa meydanlarında da təkrarlanması tam da təsadüf deyil, elə ilahi ədalətin özüdür. Ki, bilməyənlər, razılaşmayanlar da tanış olsun.

Həm də təcrübə. Axı bir neçə ay sonra avrokuboklar start götürəcək.

Hamımız yaxşı bilirik ki, futbolumuz Avropadan çox, lap çox geri qalır.

Müqayisədə Avropa futbolunun zirvəsində olduğu dağın dibindədir bizim futbolumuz.

İndi məlum olur ki, hakimlərimiz dibində də deyilmiş. Başqa planetdən gəlib oyunlarımızı idarə edib gedirlər.

Eyni epizodlara fərqli qərarlar verməyə başqa nə izah vermək olar?

Son PSJ - "Bavariya" oyununda, daha əvvəl "Qarabağ" - "Çelsi" görüşündə verilən penalti qərarı "Sabah" - "Qarabağ" matçında müzakirələrə yol açan penal qərarı ilə eyni olmasa da, bənzərlik vardı.

Hətta Avropa səhnəsindəki nümunələrdə müdafiəçinin əli daha təbii vəziyyətdə idi, nəinki "Sabah"lı Velko Simiçin.

"Bavariya"nın müdafiəçisi son ana qədər əliniz gizlədir, əsl müdafiəçi kimi müdafiə olunur. Günlərdi bizim də dediyimiz kimi.

Bəzi şeyləri başa düşməyə, izah etməyə nə alim olmaq lazımdır, nə də Rəvan Həmzəzadə və ya Rəhim Həsənov. Özümüz də futbol oynamışıq. Oyunçu cərimə meydançasında müdafiə olunursa əlini maksimum gizlətməlidir. Təbii vəziyyətdi deyib hər iki əl açıq öz kefində gəzə bilməz. Təbii vəziyyətdə onda olar ki, anidən zərbə gəlsin, dirəyə və ya kiməsə dəyib qayıdan top qısa müddətdə sənin əlinə dəysin.

PSJ "Bavariya" oyunundakı epizod təxminən dediklərimə yaxın idi. Son ana qədər müdafiəçi əlini arxasında gizlətdi. Simiçin isə epizodu bildiyin komediyadır. Duranla üzbəüz dayanıb, hücum edən nə edəcəyini düşünür, bu müddətdə Puxaç əlini sinəsinə aparıb gizlədir, amma Simiç öz kefindədir. Sanki belə də olmalıdır.

Düzdü, Rəhim Həsənov qərarı təsdiqləmklə Simiçin "belə də olmalıdır" düşüncəsi ilə həmfikir oldu. Amma Parisdən göndərilən sillə effekli mesajda başqa şeylər yazılmışdı.

Ümumiyyətlə, FİFA-nın oyun qaydaları elədir ki, bəzi epizodlarda şablon kənarda qalır, ixtiyar hakimə verilir. Hansı qərarı da versə doğru hesab olunur. Əbəs deyil ki, "Sabah" - "Qarabağ" oyunundakı penalti epzioduna müxtəlif hakimlər müxtəlif şərh verdi. Orta fikir də o oldu ki, epizod 50/50-yədir. Verə də bilərsən, verməyə də bilərsən.

Nə hikmətdirsə, bizim hakimlər Avropadan olan kolleqalarının tam əksinə qərarlar verirlər. Gəl indi bundan baş çıxar...

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
25
sportinfo.az

1Mənbələr