AZ

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTOLAR

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 2-də Lənkəran şəhərində WUF13 Festivalına start verilib.

Musavat.com xəbər verir ki, günün birinci yarısında Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub.

Sessiyada universitetin və onun nəzdində olan Sosial və Aqrar-texnoloji Kollecin müəllim-tələbə heyəti iştirak edib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi nümayəndəsi Ramiz İdrisoğlu, WUF13 Azərbaycan əməliyyat şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov çıxış edərək sözügedən tədbir barədə ətraflı məlumat veriblər.

Çıxışlarda WUF13-ün Azərbaycan üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.

S.Alışov çıxışında qeyd edib ki, Böyük İpək Yolunun üzərində yerləşən Lənkəran şəhərində tarixi və mədəni irs qorunur və müasir tikililərlə harmonik vəhdət təşkil edir.

Son illər Lənkəranda əhalinin sayının və urbanizasiya prosesinin sürətlə genişləndiyini vurğulayan S.Alışov bildirib ki, şəhərdə müasir yaşayış binaları inşa olunur, tarixi abidələrdə restavrasiya işləri aparılır, abadlıq səviyyəsi yüksəldilir və yeni parklar salınır.

R.İdrisoğlu Azərbaycanın müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkədə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları və yeni yanaşmalar haqqında məlumat verib.

E.Rəsulov çıxışında gəncləri mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) dəvət edib.

Qeyd edək ki, WUF13 Festivalı iki hissədən ibarətdir. Festivalın ikinci hissəsi açıq havada keçiriləcək və ictimai proqramlarla davam edəcək.

Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Seçilən
9
50
musavat.com

10Mənbələr