Bu gün sizə rüsvay olmuş bir prokurordan danışımmı? Deyəcəklərim kompromat deyil. Qalmaqaldan da betərdir. Sənədli-sübutlu biabırçılıqdır, sadəcə. Xalqımızın, dövlətimizin qəsdinə duranları zaman özü ifşa edir. Əslində belələrini biz çox görmüşük. İnsanlıq adına, hüquq adına, ədalət adına ləkə olanların hansı hoqqalardan çıxdığını çox yaxşı bilirik. Elə onları himayə edənləri də pis tanımırıq. Biz haqqımızı tələb edəndə rişxəndlə gülümsəyirdilər. Amma bu dünyada ilahi ədalət var! Gec-tez bütün paxırlar açılır, bütün maskalar yırtılır, tədricən də olsa, ədalət öz yerini tutur...
Biz ikinci Qarabağ savaşında ədalətli qələbə qazandıq. Ədaləti öz gücümüzlə, qazilərimizin, şəhidlərimizin qanı hesabına təmin etdik. Nəticədə Cənubi Qafqazda yeni reallıq yaranıb. Baş nazirin müavini Şahin Mustafayevin bu günlərdə İrəvana etdiyi səfərdən agahsınız. Həm Azərbaycanda, həm də Ermənistanda böyük rezonans doğurdu. Şahin Mustafayev Azərbaycan və Ermənistan respublikaları arasında sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir. Həmin komissiyanın 13-cü iclası Ermənistanda keçirildi. Əlbəttə, məsələ kifayət qədər həssas və ziddiyyətlidir. Ermənistanla sərhəd cizgilərimiz, qısa zamanda, yəni bir-iki ayın içində dəqiqləşməyəcək. Ancaq uzun müddət qeyri-müəyyən də qalmayacaq. Ən önəmlisi budur ki, qeyri-müəyyənliyi aradan qaldırmaq üçün rəsmilərimiz artıq Ermənistanla birbaşa danışırlar. Danışıqlar ya Azərbaycanda, ya da Ermənistanda aparılır. İstiqamət düzdür! Azərbaycan hədəfləyir ki, Zəngəzur dəhlizi vasitəsi ilə Ermənistan üzərindən quru yolla Türkiyəyə çıxsın, Qərbə iqtisadi magistral əldə etsin. Dəmir yumruğun sayəsində ermənilər də ağıllarını başına toplayır və anlayırlar ki, onların müstəqilliyinə potensial qəsd mənbəyi Azərbaycan deyil. Tam əksinə, Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq Ermənistanı həm daxili, həm də xarici təhdidlərdən qoruyan strateji qonşudur.
Ermənistanda daxili vəziyyət iyunun 7-də keçiriləcək parlament seçkiləri kontekstində gərginləşir. Seçkilərdə iştirakla bağlı sənəd qəbulu artıq başa çatıb. Revanşist qüvvələr Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün pul kisələrinin ağzını açıblar. Rusiyada zənginləşmiş erməni biznesmen Samvel Karapetyan Kreml tərəfindən “Ruben Vardanyan layihəsi”nin davamı olaraq siyasi vitrinə çıxarılıb. Seçkilərin nəticələrinin saxtalaşdırılacağı bəhanəsi ilə onun İrəvanda hərbi çevrilişə hazırlıq gördüyü iddia edilir. Saxtakarlığı isə ilk növbədə özü edir. Karapetyanın adından Ermənistanda seçki rüşvətləri verilir. Artıq seçki rüşvətinə görə İrəvanda həbs olunanlar var. Güman edilir ki, Ermənistanı tərk edərək Rusiyaya üz tutmuş təxminən 100 min miqrantın Samvel Karapetyanın blokunu dəstəkləmək üçün səsvermə ərəfəsində İrəvana, yaxud digər marzlara qayıdışı təşkil olunacaq.
Karapetyan Ermənistanın yenidən türkləşməsindən, Zəngəzurun itirilməsi təhlükəsindən danışaraq revanşist qüvvələri öz ətrafında cəmləyir. “Kaluqa oliqarxı” kimi tanınan Karapetyana Paşinyanı müdafiə edən “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konçoryan sərt reaksiya verib. Onun sözlərinə görə, bu cür bəyanatlarla əvvəllər Robert Köçəryan və daşnaklar çıxış ediblər. Fraksiya rəhbəri qeyd edib ki, Karapetyan hazırda siyasi isteriyanın sönməkdə olan məşəlini Robert Köçaryanın əlindən almağa cəhd edir.
Anti- Azərbaycan və “Yazıq Ermənistan” isteriyasına Qərbdə də düçar olanlar az deyil. Azərbaycan və Türkiyə düşmənçiliyi üzərində qurulmuş daşnak ideologiyasının iflasa uğraması Qərbdəki erməni diasporunun aktuallığını azaldır. Qərbdəki erməni diasporası ciddi maliyyə imkanlarına malikdir. Ermənipərəst lobbi təşkilatları Amerikada, Avropada hər zaman müxtəlif fiqurları ələ almağa səy göstəriblər. Azərbaycan və Ermənistanın sülh gündəminə köklənməsi həmin riyakar, çirkli, muzdlu fiqurları böyük məbləğdə maliyyə itkisinə məruz qoyur. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomasın video görüntüləri daha bir dəfə sübut edir ki, Azərbaycana və Cənubi Qafqazda regional sülhə qarşı kampaniya aparanlar əslində münaqişədən, müharibədən, insan faciələri üzərindən cib doldururmuşlar. Bu dəyyus prokuror Qarabağın işğaldan azad edilməsini 7 avqust 2023-cü ildə “Artsax soyqırımı” adlandırmış və 28 səhifəlik “ekspert rəyi” ilə çıxış etmişdi. İstər tarixi, istər faktoloji, istərsə də hüquqi baxımdan tam bir saxtakarlıq, tam bir nadürüstlük bəlgəsi idi. Rüsvay olmuş bu argentinalı sabiq prokurorun özünün dosyesi isə başdan-ayağa çirkabdır, təcavüz və korrupsiya ittihamları ilə doludur. Onun daxil olduğu şəbəkədə Avropa Birliyinin xarici əlaqələr üzrə sabiq və guya yüksək təmsilçisi Josef Borrelin olması da qətiyyən təəccüblü deyil. Josef Azərbaycana qarşı həmişə qərəz püskürüb. Amma diqqət edin, bu gün onun adı Nikol Paşinyanın- Ermənistanın Qərbin dəstəklədiyi Baş nazirinin devrilməsi ssenarisinin mərkəzində çəklir. İlk baxışdan təəccüblü odur ki, Borrelin bu mövqeyi, eləcə də onun kimilərinin sayəsində Azərbaycan əleyhinə Avropa parlamentində qəbul olunan qətnamələrin məzmunu ilə Kremlin narrativləri fərqlənmir.
Bilirsiniz ki, aprelin 28-də Avropa Parlamentində Ermənistanda demokratik sabitliyin dəstəklənməsi ilə bağlı qətnamə qəbul edilməsi üçün birgə təklif verilib. Həmin qətnamə mətnini diqqətlə oxudum. Orada Azərbaycan tərəfindən əsla qəbul edilə bilməyəcək iki bənd var- 12-ci və 13-cü bəndlər. Kifayət qədər əsassız, qərəzli və məkrli iddialardır. Əvvəla, hazırda Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı bir inzibati vahid yoxdur. Olmayan inzibati ərazidə erməni vətəndaşlarımız da yoxdur. Onlar könüllü şəkildə, təklif olunan re-inteqrasiya layihələrinə qoşulmaqdan imtina edərək Ermənistana köçüblər. Əksəriyyəti daha əvvəl Ermənistandan vətəndaşlıq aldığından qaçqın statusları yoxdur, qaçqın statusları olmadığı üçün də qayıdış hüququna sahib deyillər. Digər tərəfdən, fərz edək, bir daha təkrar edirəm, fərz edək ki, bir qrup erməni Azərbaycana qayıtmaq istədi, rəsmi Bakı da bu istəyə müsbət yanaşdı. Bu, niyə “beynəlxalq zəmanət” çətiri altında baş verməlidir? Hansısa əcnəbi Azərbaycan vətəndaşlığını qəbul etmək və bizim cəmiyyətdə yaşamaq istəyəndə, onun hüquqlarına Azərbaycan Konstitusiyası təminat verir, beynəlxalq güclər yox. İddia edirlər ki, guya Azərbaycanda “erməni mədəni irsi” məhv edilir? Ermənilərin Qarabağda məskunlaşmasının cəmi 200 il tarixi var. Cəmi 200 il!!! Görəsən, 200 ildə hansı mədəni irs yaradıblar ki, biz də onları məhv edək? Allaha çox şükür, bu gün Qarabağ işğaldan azaddır və hansı mədəni irsin məhv edildiyi də göz qabağındadır. Qarabağda bir kənd, bir azərbaycanlı evi, bir müsəlman abidəsi salamat deyil. Bu vandalizmi törədənlərin bəziləri Azərbaycan məhkəmələrində mühakimə olunub və barələrində hökm çıxarılıb. İndi həmin quldurları, cinayətkarları, sülh və insanlıq əleyhinə ağır suç işləyənləri azadlığa çıxartdırmaq istəyirlər. Qətnamənin sonrakı bəndində Azərbaycan “erməni hərbi əsirlərini və girovlarını ədalətsiz şəkildə saxlamaqda” ittiham olunur. Kimdir əsir, kimdir girov? Bəlkə Arayikdir? Bəlkə Bakodur? Bəlkə Rubendir? Xarici işlər nazirlyi bu barədə qətiyyətli mövqe ifadə etdi. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev çox sərrast, çox dolğun etiraz açıqlaması verdi. Son dərəcə tutarlı cavab idi. Bəli, o qətnamənin əsas məğzi Azərbaycan məhkəmələrinin yuridiksiyanı tanımamaqdır. Axı o qətnamə müəllifləri kimdir, o ixtiyarı haradan alıblar ki, müstəqil bir dövlətin məhkəmə yuridiksiyasını tanımayalar?
Bu cür qətnamələr, Okampo qalmaqalı, Ermənistandakı seçkilərdə revanşistlərin təmərküzləşdirilməsi, Rusiyanın Cənubi Qafqaza yenidən diş qıcaması və Qərbdəki bəlli dairələrin fəaliyyəti ayrı-ayrı epizodlar kimi görünsə də, əslində, eyni geosiyasi sistemin elementləridir. Bu naqis sistemin üzvləri Cənubi Qafqazda sülh yaranmasından əndişə keçirirlər və köhnə münaqişə mexanizmlərini yenidən işə salmaq istəyirlər.
Bacarmayacaqlar!
Əvvəla, Ermənistan cəmiyyətində tarixi məğlubiyyət şokunun ən şiddətli çağında Nikol Paşinyan öz mövqeyini qorudu. Evlərə tabutların getmədiyi, seperatizmə xərclənən pulların iqtisadiyyata yatırıldığı indiki şəraitdə onun uduzması inandırıcı deyil. Belə bir ehtimal həm də ona görə azdır ki, erməni cəmiyyəti Köçəryanların, Sərkisyanların, Karapetyanların rus imperiyasının dişiqırıq maşası olduğunu kütləvi şəkildə fərq edir. Revanşistlərin İrəvanda hakimiyyətə gəlməsi Azərbaycanın real prosesə çevirdiyi sülh gündəliyinə Ermənistanın tərəf olmaması deməkdir. Bu, Ermənistana baha başa gələ bilər, çox baha!
İkincisi, İran mövzusunu düzgün oxuyan hər kəs bilir ki, erməni revanşizminin digər himayəçisi olan Tehranda klerikal rejimin hakimiyyətdən getməsi labüddür. SSRİ-nin dağılmasından sonra regionda formalaşan status-kvo dağılır və soyuq müharibənin boşluqlarında üzə çıxmış de-stabilləşdirici oyunçular yeni dünya nizamının qurulması ərəfəsində Yaxın Şərq meydanından çıxarılır. Daha geniş regionun strateji transformasiyası Cənubi Qafqaz ölkələrini kompleks inteqrasiyaya təhrik edir. Bu müstəvidə Rusiya yönümlü qüvvələrin nə Azərbaycanda, nə Ermənistanda, nə də Gürcüstanda heç bir perspektivi yoxdur.