AZ

“Napoleonun məğlubiyyətinin əsl səbəbi məlum oldu: şaxta həlledici olmayıb“ “Valeurs Actuelles“ (Fransa)

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Bəzən imperiyaların taleyini toplar deyil, mikroblar həll edir..."

Alimlər Böyük Ordunun süqutunda görünməz bioloji amillərin rolunu üzə çıxarır

1812-ci ildə Napoleon Bonapart ordusunun Rusiyada darmadağın olması uzun müddət sərt qış, aclıq və uğursuz logistika ilə izah edilirdi.

Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Valeurs Actuelles" nəşri yazıb.

Tarixi mifə düzəliş: səbəb yalnız şaxta deyil

Lakin nəşr yazır ki, yeni elmi araşdırmalar bu ənənəvi yanaşmanı yenidən nəzərdən keçirməyə vadar edir. Fransanın Paris Şəhər Universiteti və Paster Institutu alimlərinin apardığı paleogenetik tədqiqat göstərir ki, məğlubiyyətin arxasında təkcə iqlim deyil, həm də görünməz bioloji amillər dayanıb. Bu nəticələr Böyük Ordunun süqutunun daha mürəkkəb səbəblərdən qaynaqlandığını ortaya qoyur.

Kütləvi məzarlığın sirri

Tədqiqatın əsasını 2001-ci ildə Vilnüs şəhərində aşkar edilmiş kütləvi məzarlıqdan götürülən nümunələr təşkil edir. Burada üç mindən çox əsgərin qalıqları tapılıb və onların əksəriyyətində döyüş yarası izləri müşahidə olunmayıb.

Bu fakt alimləri fərqli nəticəyə gətirib: əsgərlər döyüş meydanında deyil, daha çox xəstəliklərdən və ümumi tükənmədən həlak olublar. İki əsr torpaq altında qalmış qalıqların DNT analizi həmin dövrün "gizli düşmənlərini" üzə çıxarmağa imkan verib.

Xəstəliklər ordunu çökdürüb

Araşdırma zamanı alimlər əvvəllər bu kampaniya ilə əlaqələndirilməyən iki patogeni müəyyən ediblər. Birincisi "Paratyphoid fever" (qarın yatalağı) törədicisi olan "Salmonella enterica" bakteriyasıdır. Antisanitar şəraitdə yayılan bu xəstəlik əsgərlər arasında ağır susuzlaşma, ishal və ümumi zəiflik yaradaraq onların döyüş qabiliyyətini kəskin azaldıb.

İkinci patogen isə "Relapsing fever" (Dövrələyici yatalaq) yaradan "Borrelia recurrentis" bakteriyasıdır. Bitlər vasitəsilə yayılan bu infeksiya yüksək hərarət, titrəmə və sayıqlama ilə müşayiət olunaraq artıq yorulmuş və ac qalmış ordunu tamamilə zəiflədib.

O dövrdə hərbi tibb bu xəstəlikləri ayırd edə bilmirdi və çox vaxt bütün hallar "yatalaq" diaqnozu ilə ümumiləşdirilirdi. Halbuki yeni araşdırma göstərir ki, epidemiya amili indiyədək ciddi şəkildə qiymətləndirilməyib.

İqlim, logistika və xəstəliklərin vəhdəti

Tədqiqatçılar vurğulayır ki, 1812-ci il faciəsi tək bir səbəbin deyil, bir neçə amilin birləşməsinin nəticəsi olub. Uzun təchizat xətlərinin dağılması, qida çatışmazlığı, gigiyena problemləri və sərt iqlim şəraiti xəstəliklərin sürətlə yayılması üçün ideal mühit yaradıb. Bu amillər bir-birini gücləndirərək ordunun sürətlə dağılmasına gətirib çıxarıb.

Əsgərlər döyüşdən çox xəstəlik, aclıq və tükənmə ilə mübarizə aparmalı olublar. Beləliklə, yeni elmi yanaşma göstərir ki, böyük tarixi hadisələrin arxasında bəzən görünməyən amillər dayanır. Napoleonun məğlubiyyəti də sübut edir: bəzən imperiyaların taleyini toplar deyil, mikroblar həll edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
moderator.az

2Mənbələr