AZ

Saxta dərmanlar necə aşkarlanacaq?

Azərbaycanda saxta dərmanların dövriyyəsi ilə bağlı narahatlıqlar uzun illərdir gündəmdədir. Səhiyyə Nazirliyi isə, problemin qarşısını almaq üçün yeni rəqəmsal mexanizm – “Track & Trace” sistemini gündəmə gətirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin Təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev bildirib ki, saxta dərmanların qarşısının alınmasında müasir dövrdə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə - yəni “Track & Trace” sistemidir. Onun sözlərinə görə, bu sistem vasitəsilə hər bir dərman vasitəsi qutusuna unikal seriya nömrəsi verilir.

Şöbə müdiri bildirib ki, dərman vasitəsi aptekdə satıldıqda və ya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktiv olunur: “Əgər eyni kod ikinci dəfə istifadə edilərsə, sistem dərhal xəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyəyə buraxılmış dərman vasitələrinin operativ şəkildə aşkarlanmasına imkan yaradır. Nəticədə sistem saxta dərman vasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərman vasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışın qeydiyyata alınması onların təhlükəsiz təminatının əsasını təşkil edir”.

Maraqlıdır, bu mexanizmin tətbiqi praktik baxımdan nə qədər real görünür?

Səhiyyə eksperti İlqar Hüseynli bildirir ki, “Track & Trace” sistemi ingilis dilindən tərcümədə “izlə və nəzarət et” mənasını verir və əsas məqsədi dərman dövriyyəsində şəffaflığı təmin etməkdir. Onun sözlərinə görə, Azərbaycanda əczaçılıq sahəsində mövcud əsas problemlərdən biri idxaldan asılılıqdır və bu da nəzarət mexanizmlərinin gücləndirilməsini zəruri edir: “Bu sistem çərçivəsində hər bir dərman qutusuna unikal identifikasiya kodu verilir. Bu kod adətən “Data Matrix” formatında qablaşdırmanın üzərinə yerləşdirilir və dərmanın istehsal mərhələsindən son istifadəyə qədər izlənməsinə imkan yaradır. Bu kod vasitəsilə istehsalçının müəyyən edilməsi, idxal tarixinin izlənməsi, paylama zəncirinin nəzarətdə saxlanılması, aptek satışlarının qeydə alınması, mümkün təkrar dövriyyə, saxta məhsul risklərinin aşkarlanması mümkün olur. Sistemdə qeydiyyatda olmayan və ya tanınmayan kod aşkar edildikdə həmin məhsul riskli hesab olunur və onun dövriyyəyə buraxılmasının qarşısı alınır”.

Ekspert bildirir ki, ölkədə dərman istehsalı məhdud olduğu üçün yerli zavodlar bu prosesi daha sadə şəkildə idarə edə bilsələr də, əsas yük idxal zəncirinin üzərindədir: “Track & Trace” kimi izləmə sisteminin effektiv işləməsi üçün ilk növbədə idxalçı şirkətlərlə istehsalçı zavodlar arasında razılaşmalar olmalıdır. Bu razılaşmalar çərçivəsində hər bir dərman qutusunun üzərinə müvafiq identifikasiya kodu yerləşdirilməlidir. Azərbaycanda da bu sistemin texniki baxımdan tətbiqi mümkündür, lakin bunun üçün bir sıra struktur və infrastruktur məsələləri həll olunmalıdır. İlk  növbədə güclü nəzarət mexanizmi formalaşdırılmalı, bütün dərman zənciri - təchizat, topdansatış və pərakəndə satış mərhələləri - bu sistemə inteqrasiya olunmalıdır”.

Saxta dərman probleminə gəldikdə isə, mütəxəssis bildirir ki, ümumilikdə “saxta dərman” anlayışı rəsmi statistikada geniş şəkildə təsdiqlənmiş göstərici deyil. Onun sözlərinə görə, daha çox problem qeyri-rəsmi idxal və müxtəlif qaçaqmalçılıq yolları ilə ölkəyə daxil olan dərman partiyaları ilə bağlıdır: “Bu məhsullar əslində istehsal olunduqları ölkələrdə sertifikatlı zavodlar tərəfindən hazırlanır, lakin bəzən vergi və gömrük nəzarətindən gizlədilərək ölkəyə gətirilir. Eyni zamanda internet üzərindən həyata keçirilən qeyri-rəsmi satışlar bu nəzarətsizliyi daha da artırır. Bu halda həmin dərmanların orijinallığını və təhlükəsizliyini tam şəkildə yoxlamaq mümkün olmur. Bununla belə, əvvəlki illərlə müqayisədə ölkəyə saxta və ya şübhəli dərmanların daxil olması ilə bağlı göstəricilərdə azalma müşahidə edilir. Dərman istehsalçıları və tədarük zənciri iştirakçıları artıq öz reputasiyalarını qorumaq məqsədilə qaçaqmalçılıq, qeyri-rəsmi satış kanallarına imkan verməməyə daha çox diqqət yetirirlər”.

İ. Hüseynli bildirir ki, sistemin uğur qazanması üçün bir neçə vacib şərt mövcuddur: “İlk növbədə güclü hüquqi baza yaradılmalı və effektiv nəzarət mexanizmi formalaşdırılmalıdır. Proses boyunca mütəmadi monitorinq aparılması, ictimai maarifləndirmənin gücləndirilməsi, şəffaflığın təmin edilməsi və pozuntulara qarşı real çəkindirici sanksiyaların tətbiqi vacibdir. Vətəndaşlar üçün real dəyişiklik o zaman hiss olunacaq ki, bütün bu mexanizmlər vahid və işlək sistem kimi fəaliyyət göstərsin. Bu halda insanlar mobil tətbiqlər vasitəsilə və ya ştrix-kodların skan edilməsi ilə dərmanın izlənilə bilən, nəzarət olunan və ya qeyri-rəsmi dövriyyəyə aid olub-olmadığını asanlıqla yoxlaya biləcəklər. Əks halda, sistem formal xarakter daşıya və praktik nəticə verməyə bilər”.

Bu model yeni deyil. Bir çox ölkədə artıq uzun illərdir tətbiq olunur. Məsələn, Avropa İttifaqında “European Medicines Agency” nəzarəti altında “Falsified Medicines Directive” çərçivəsində dərmanların izlənməsi və təhlükəsizliyi təmin edilir. ABŞ-də isə “U.S. Food and Drug Administration” tərəfindən “Drug Supply Chain Security Act” əsasında oxşar izləmə mexanizmi tətbiq olunur. Regionda isə Türkiyə uzun illərdir dərman izləmə sistemi istifadə edən ölkələrdən biridir və bu sahədə tez-tez nümunə kimi göstərilir.

Mənbə: "Kaspi" qəzeti

Seçilən
48
hit.az

1Mənbələr