Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı olaraq tanıyacaq. Bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan və artıq Prezident İlham Əliyev tərəfindən təsdiqlənən qanun layihəsində əksini tapıb. Sazişin məqsədi iki ölkə arasında nəqliyyat sahəsində hüquqi mexanizmlərin sadələşdirilməsi, vətəndaşların hərəkət azadlığının genişləndirilməsi və sürücülük vəsiqələrinin tanınması prosedurlarının qarşılıqlı əsasda asanlaşdırılmasıdır.
Ekspertlərin fikrincə, belə bir addım praktik baxımdan vətəndaşlara xaricdə avtomobil idarə edərkən əlavə imtahan və ya uzunmüddətli prosedurlardan keçmədən sənədlərini dəyişdirmək və ya istifadə etmək imkanı yaradır. Bu isə həm turizm, həm də əmək miqrasiyası baxımından əhəmiyyətli üstünlüklər formalaşdırır. Maraqlıdır, Azərbaycanın sürücülük vəsiqəsi konkret olaraq hansı ölkələrdə tanınır?
Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin tanındığı ölkələrin sayı ikitərəfli və beynəlxalq razılaşmalardan asılı olaraq dəyişir. Ümumilikdə, Azərbaycan vəsiqəsi bəzi ölkələrdə birbaşa tanınır, digərlərində isə beynəlxalq sürücülük vəsiqəsi (IDP) ilə birlikdə qəbul edilir və ya müəyyən müddət üçün istifadə oluna bilir. Tanınma rejimi ölkələrin milli qanunvericiliyinə və qarşılıqlı sazişlərə əsaslanır.
Azərbaycanın sürücülük vəsiqəsinin tanındığı və ya istifadə oluna bildiyi ölkələr sırasında bir sıra qonşu və region ölkələri xüsusi yer tutur.
Hüquqşünas Ərşad Hüseynov məsələni “Kaspi”yə şərh edərkən bildirib ki, sürücülük vəsiqələrinin beynəlxalq səviyyədə tanınmasının əsas hüquqi bazası 1968-ci ildə təsdiq olunmuş Vyana Konvensiyasıdır. Bu Konvensiyaya qoşulan dövlətlərdə müəyyən standartlara uyğun sürücülük vəsiqələri əlavə ikitərəfli razılaşma olmadan da tanınır. Onun sözlərinə görə, hazırda bu Konvensiyaya qoşulan ölkələrin sayı təxminən 130-a yaxındır və bu, Azərbaycan vəsiqəsinin geniş coğrafiyada qəbul olunmasına imkan yaradır.
Ə. Hüseynov qeyd edib ki, əslində sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı ayrıca ikitərəfli sazişlər daha spesifik və dərin hüquqi mexanizmdir. Onun izahına görə, bu cür sazişlər yalnız vəsiqənin tanınmasını deyil, həm də sürücülərin hazırlanma sistemi, imtahan prosedurları və sürücülük hüququnun əldə edilməsi qaydalarının qarşılıqlı qəbulunu əhatə edir. Bu isə dövlətlər arasında hüquqi və praktiki uyğunlaşmanı gücləndirir. O vurğulayıb ki, Azərbaycan artıq Türkiyə, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı tanınma sazişlərinə malikdir və Belarusla da belə bir sazişin təsdiqlənməsi olması bu siyahını genişləndirir. Onun fikrincə, bu cür razılaşmalar xüsusilə uzunmüddətli yaşayan və ya işləyən şəxslər üçün əhəmiyyətlidir, çünki sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı əlavə imtahan tələbi aradan qalxır.
Hüquqşünas əlavə edib ki, Vyana Konvensiyası çərçivəsində turistik məqsədlə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları üçün sürücülük baxımından ümumilikdə problem yaranmır və onlar bir çox ölkədə müvəqqəti olaraq Azərbaycan vəsiqəsi ilə avtomobil idarə edə bilirlər. Lakin bu imkan adətən müəyyən müddətlə, təxminən üç aydan altı aya qədər məhdudlaşır və bundan sonra həmin ölkənin qanunvericiliyinə uyğun olaraq yerli sürücülük vəsiqəsinə keçid tələb oluna bilər.
Onun sözlərinə görə, uzunmüddətli yaşayış və ya daimi fəaliyyət hallarında fərqli qaydalar tətbiq edilir və bəzi ölkələrdə sürücülük vəsiqəsinin yerli vəsiqəyə dəyişdirilməsi zamanı yenidən imtahan verilməsi tələb olunur. Məsələn, Almaniya və İtaliya kimi ölkələrdə bu praktika geniş yayılıb.
Ə. Hüseynov qeyd edib ki, qarşılıqlı tanınma sazişləri olan ölkələrdə bu proses daha sadələşdirilmiş şəkildə həyata keçirilir və bəzi hallarda imtahansız dəyişdirmə mümkündür. Belarusda da Azərbaycan vətəndaşları həmin ölkədə sürücülük vəsiqələrini əlavə imtahan vermədən dəyişə biləcəklər.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, bu kimi sazişlər sürücülərin işini daha da asanlaşdırır. Onun sözlərinə görə, beynəlxalq konvensiyalara qoşulan ölkələr həmin konvensiyaya üzv olan digər ölkələrin sürücülük vəsiqələrini tanımalıdırlar. Lakin bəzi ölkələrin daxili qaydaları mövcuddur və onlar fərqli yanaşmalar tətbiq edirlər. Bu isə müəyyən hallarda çətinliklərin yaranmasına səbəb olur.
Ekspert qeyd edib ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən başqa ölkələrə gedən sürücülərə həm də xarici sürücülük vəsiqəsi verilir. Eyni zamanda, mövcud qanunvericiliyə əsasən, xarici vətəndaş hansı ölkədə sürücülük vəsiqəsi əldə edibsə, Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyata düşdükdən sonra bir ay ərzində həmin vəsiqəni dəyişməlidir və milli sürücülük vəsiqəsi almalıdır. Bu proses zamanı yenidən imtahan verilməsi tələb olunmur. Şəxs yalnız aidiyyəti sənədləri təqdim etməlidir. Yol polisi təqdim edilən sənədlə bağlı müvafiq ölkəyə sorğu göndərir. Əgər cavabda sənədin qanuni yolla əldə edildiyi təsdiqlənərsə və onun istifadə müddəti etibarlı olarsa, həmin xarici vətəndaşın sürücülük vəsiqəsi dəyişdirilir. Bu halda şəxs xarici vəsiqəsini də özündə saxlaya bilir və ona Azərbaycan sürücülük vəsiqəsi təqdim olunur.
E.Muradlı gələcəkdə Avropa ölkələri ilə də belə razılaşmaların əldə olunmasının mümkünlüyünü istisna etməyib. Onun fikrincə, bu istiqamətdə ən optimal variant Avropa İttifaqı ilə vahid sənəd üzərində razılaşma əldə edilməsidir. Çünki Aİ-nin qəbul etdiyi qərarlar üzv ölkələrin hamısında tətbiq olunur və bu da məsələnin daha sistemli şəkildə həllinə imkan yaradır.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən isə “Kaspi”nin sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqələri bir sıra ölkələrdə tanınır: “Bu tanınma əsasən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar və ölkələrarası razılaşmalar çərçivəsində həyata keçirilir.
Eyni zamanda qeyd olunmalıdır ki, bəzi ölkələrdə sürücülük vəsiqəsinin istifadə müddəti məhdudlaşdırıla və ya əlavə olaraq beynəlxalq sürücülük vəsiqəsi (IDP) tələb oluna bilər. Bu səbəbdən vətəndaşlara xarici ölkələrə səfər etməzdən əvvəl həmin ölkənin müvafiq qaydaları ilə tanış olmaları tövsiyə edilir”.