Kulis.az Hədiyyə Şəfaqətin yeni şeirlərini təqdim edir.
Səhər
Uzaqlarda ağ duman sürünüb keçir
İki torpağı ayıran çayın üzündən,
Üfüqün ilkqızartısı sirri silib aparır
On dörd gecəlik ayın üzündən
Ağaclar budağından,
Quşlar qanadından oyanır
Küçəni süpürən narıncı paltarlı süpürgəçi
Hamının adından oyanıb…
Böyüdür ən xırda ləçəkləri Allahın gözündə
Yağışdan qalan damcılar
Uzanıb yuxuya gedib səkilərdəki gölməçələrdə
Axşam damlarda səs-küy salan damcılar…
Göyərçinlər eyni pəncərələrin qabağında
Dən gözləyir, çörək gözləyir
Həyətə atılmış kağız parçaları
Çıxıb getmək üçün külək gözləyir…
Adsız şeir
Çıxsa ürəyimdən ağrının oxu
Gecənin sehrinə qayıda bilsəm
Ən qalın qatlarda gizlənən qorxu
Deyir ki, mən səni oyada bilsəm
Bir də qayıtmazsan kahalarına…
Nədir uzaqlığın ən son nöqtəsi?
Bəlkə gözlərinin içindən baxan
İşıqsızlığındır,
Hədərdən-hədər?
Bəlkə əllərimin qırışlarının ən dərin yerində
Gizlənən kədər?
Mən dua oxuyum, sən sus yenə də,
Sən sus yağışların şırıltısında,
Sən sus zəmilərin xışıltısında,
Sən sus,
Nəğmələrin sətirlərində…
Sus, döyüşqabağı peşmançılıqla
Səni lənətləyən əsgərlərin də
Bir parça çörəyə sarı uzanıb
Vurulub quruyan barmaqların da
Sənə “sus!” deməyə çoxdan haqqı var..
Dağılan evlərin, yanan evlərin,
Çox əzizləndiyin otaqlarında
Kəsilib pıçıltı,
Yoxa çıxmısan,
Sən daha kimsən ki,
Qoca ixtiyar?..
Bir sahil qəsəbəsində…
Bir sahil qəsəbəsində
Dənizin maviliyə baxardım hər səhər
Ulduzlar bir-bir sönərdi
Külək çiçəkləri ayıldardı
Pəncərəmizin qabağından
Qatarlar gəldiyi yerə qayıdardı…
Günəş qarşı binanın tinindən görünəndə
İşığı içdiyim suyun üstündə oynayardı
Döşəmənin cırıltısı eşidilərdi yuxarıdan
Mətbəxdə çaydanımız qaynayardı…
Satıcı peyda olardı həyətdə
Gah göy-göyərti satardı, gah süd-qatıq
Hamı eyvandan boylanardı
Çoxu ərinərdi deyəsən aşağı düşməyə
İçi mən qarışıq
Bizim tənbəlliyimiz adamı gündəlik çörəyindən edirdi…
Gedirdi günlər, axıb gedirdi
Bir sahil qəsəbəsində…
Sonra biz axıb qarışdıq dünyanın başqa işlərinə,
Sonra çıxıb getdik evimizdən
Çıxıb getdik üstündə on dörd gecəlik ay görünəndə
Uşaq kimi sevindiyimiz dənizimizdən…
Bəlkə də insanlar balıq keçmişinə bağışlamalıdır
Gələcəyini…
Köhnə dəyirmanın qapısından asılan qıfıl
Damı çürümüş,
Divarı dağılıb tökülmüş dəyirmanın
Aşmamış çərçivəsindən yapışıb duran
Qapısı bağlıydı…
Arxının qurumasından otuz il keçib,
Şəlaləsinin kəsilməsindən qırx il,
Qırxıncı qapı kimi cəftəsindən qıfıl da asılıb bu dəyirmanın
Özünü sındırmır…
Başını da qaldırmır
ki, baxsın dünya nə qədər dəyişib
Xırman yerində təzə evlər tikilib,
Dəni tükənib bu kəndin
Hər gün şəhərdən gəlmə min dənə çörək satır
Dükanı bu kəndin…