İspaniya çempionatının ikinci divizionunda keçirilən “Almeriya” ilə matçda “Qranada”nın qapıçısı, Fransa millisinin və “Real”ın əfsanəsi Zinəddin Zidanın oğlu Luka Zidan ağır zədə alıb.
Msport.az xəbər verir ki, 27 yaşlı qolkiper rəqib hücumçusu ilə toqquşmadan sonra meydanı tərk etmək məcburiyyətində qalıb.
İlkin olaraq ona beyin sarsıntısı diaqnozu qoyulsa da, sonradan futbolçunun çənə və çənəaltı nahiyəsinin sındığı məlum olub. Artıq uğurlu əməliyyat olunan Zidan bərpa prosesinə başladığını sosial şəbəkə hesabında paylaşıb.
Bir müddət əvvəl idman vətəndaşlığını dəyişərək Əlcəzair millisini seçən Lüka bu zədə səbəbindən 2026-cı il dünya çempionatını qaçıra bilər.
Əlcəzair yığması mundialın qrup mərhələsində Argentina, Avstriya və İordaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, Luka Zidan karyerası ərzində “Real”, “Rayo Valyekano” və “Eybar” kimi klublarda çıxış edib.