AZ

Serbiyalı nazir: Belqrad-Bakı aviareysi Azərbaycan-Serbiya strateji tərəfdaşlığında yeni mərhələdir

Bakı, 3 may, AZƏRTAC

Belqrad və Bakı arasında ilk birbaşa aviareysin açılması Azərbaycan-Serbiya münasibətlərinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edən önəmli hadisədir.

AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, yeni aviareys Belqrad və Bakını daha da yaxınlaşdıraraq təkcə nəqliyyat əlaqələrinin deyil, həm də iqtisadi, ticarət, mədəni və humanitar sahələr üzrə əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq. Nazirin sözlərinə görə, son illər ərzində iki ölkə arasında münasibətlər yüksək dinamika ilə inkişaf edib və bu, dövlət başçıları səviyyəsində formalaşmış strateji baxışın nəticəsidir.

N.Selakoviç Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç arasındakı mövcud səmimi siyasi dialoqun ikitərəfli əlaqələrin inkişafında əsas hərəkətverici qüvvə olduğunu vurğulayıb. O qeyd edib ki, son beş ildən artıq müddətdə Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsinin 16 dəfə artması əməkdaşlığın real və davamlı nəticələr verdiyini nümayiş etdirir. Nazir bildirib ki, birbaşa aviareyslərin açılması turizm sahəsində qarşılıqlı axının genişlənməsinə, işgüzar əlaqələrin güclənməsinə və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.

Serbiya rəsmisi, həmçinin mədəniyyət və idman sahələrində əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edərək, bu sahələr üzrə mübadilələrin yaxın dövrdə daha da intensivləşəcəyinə əminliyini ifadə edib.

Müxbir - Vüqar Qurbanoğlu
Fotoqraf - İlkin Cavanşirov
Operator - Namiq Abdullayev
Seçilən
34
50
azertag.az

10Mənbələr