AZ

Uşaq qidasına zəhər qatan şəxs saxlanıldı

Avstriyada məşhur “Hipp” markalı uşaq qidalarına zəhər qatmaqda şübhəli bilinən 39 yaşlı şəxs saxlanılıb.

Musavat.com xəbər verir ki, Avstriya polisi bir neçə Avropa ölkəsində istehsalçıları və istehlakçıları hədəf alan şəxsin tutulduğunu açıqlayıb.

Məlumata görə, həmin şəxs gizli şəkildə püre qablaşdırmalarını açaraq onların içinə siçovul zəhəri əlavə edib və məhsulları yenidən satış rəflərinə qaytarıb. Zəhərli uşaq qidaları son bir ay ərzində Avstriya, Çexiya və Slovakiyada aşkarlanıb.

Şübhəli şəxs istehsalçıdan anonim hesab vasitəsilə 2 milyon avronun bitkoinlə ödənilməsini tələb edib və yalnız bundan sonra bu cür əməlləri dayandıracağını bildirib.

Polis 38 gün davam edən araşdırmadan sonra onun izinə düşərək saxlayıb. Məlum olub ki, saxlanılan şəxs Zalsburq şəhərinin sakinidir. O, ifadəsində məhsul qablarını açaraq zəhər əlavə etdiyini və sonra yenidən mağazada rəflərə yerləşdirdiyini etiraf edib.

Araşdırma zamanı hüquq-mühafizə orqanları minlərlə ticarət nöqtəsini yoxlayıb. Hadisə nəticəsində “Hipp” şirkətinin milyonlarla avro zərər gördüyü bildirilir.

 

Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr