Mayın 3-də Serbiya Respublikasının paytaxtı Belqraddan Azərbaycan Respublikasının paytaxtı Bakıya birbaşa uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
İki şəhər arasında ilk aviareysi "Air Serbia" aviaşirkəti həyata keçirib.
Uçuşlar həftədə iki dəfə - Belqraddan uçuşlar çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri üçün planlaşdırılıb.
Marşrut Azərbaycan ilə Avropa arasında hava əlaqələrini genişləndirərək turizm və işgüzar münasibətlərin inkişafına töhfə verir. İki ölkə arasında mövcud vizasız rejim isə səyahəti daha əlçatan edir və istiqamətə marağı artırır.
İlk reysin sərnişinləri aeroporta eniş zamanı ənənəvi su tağı mərasimi ilə qarşılanıb. Tədbir çərçivəsində Azərbaycan mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.
Rəsmi mərasimdə Azərbaycan hökumətinin təmsilçiləri, Serbiya nümayəndə heyəti və "Air Serbia" rəhbərliyi iştirak ediblər.
Qeyd edək ki, yeni marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olmaqla yanaşı, Bakının regionun aparıcı aviasiya və turizm mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir.