AZ

Rüşü daşı təbiətin “gizli gigiyena sirri”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Rüşü daşı, qədim dövrlərdən bəri insanların gündəlik həyatında istifadə etdiyi gözəllik vasitəsidir.

Təbii minerallardan ibarət olan bu daş ruşu, rüşür, rüşul və buna bənzər adlarla tanınıb. Çox ucuz qiymətə olan rüşü kalium alum tərkibli bir maddədir və tarix boyu həm Şərq, həm də Qərb mədəniyyətlərində gigiyena məqsədilə istifadə olunub.

Tarixən rüşü daşından əsasən tibbi və məişət məqsədləri üçün istifadə edilib. Xüsusilə bərbərxanalarda ülgüc sonrası yaranan xırda kəsiklərin qanını dayandırmaq üçün istifadə edilirdi. Zamanla bu daş həm də təbii dezodorant kimi məşhurlaşdı, çünki dəridə bakteriyaların çoxalmasının qarşısını alır və qoxunu azaldır.

Rüşü daşı yalnız tibbi məqsədlərlə deyil, gündəlik məişətdə də geniş istifadə olunub. Ən maraqlı cəhətlərdən biri onun suyun təmizlənməsində tətbiq edilməsidir: qədim dövrlərdə insanlar bulanıq suyu durultmaq üçün bu daşdan istifadə edirdilər. Bundan başqa parçaların boyanması zamanı rəngin daha yaxşı hopmasını təmin etmək üçün də işlədilib. Bu, onun çoxşaxəli xüsusiyyətlərə malik olduğunu göstərir.

Hazırda bir çox insan yenidən bu təbii vasitədən istifadə etməyə başlayıb. Ətri və qoxusu olmayan bu daşa İran mağazalarında, hətta kiçik dükanlarda belə rast gəlmək mümkündür.

Rüşü daşı ümumilikdə təhlükəsiz hesab olunsa da, həssas dərisi olan şəxslər istifadə zamanı ehtiyatlı olmalı və zərurət yarandıqda mütəxəssis məsləhəti almalıdırlar.

Bu gün rüşü daşı daha çox təbii gigiyena vasitəsi kimi istifadə olunur. Onun tarixindən isə görünür ki, insanlar bu cür təbii vasitələrdən min illər əvvəl də istifadə ediblər.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
bizimyol.info

1Mənbələr