Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qulu Yusifovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İstintaq materiallarına əsasən, hadisə 2024-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində baş verib.
Belə ki, Qulu Yusifov zərərçəkmiş Şamil Bədəlovun (soyadı şərtidir) ona baxmasını və digər şəxslə mübahisə etməsini cüzi səbəb kimi bəhanə gətirib. Sonra o, üzərində saxladığı istintaqa məlum olmayan deşici-kəsici alətlə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə bir neçə dəfə zərbə endirib. Nəticədə Şamil hər iki sağrı nahiyəsindən daxilə nüfuz edən, düz bağırsağın zədələnməsi ilə müşayiət olunan iki ədəd deşilmiş-kəsilmiş xəsarət alıb. Ekspertiza rəylərinə görə, bu xəsarətlər insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər kimi qiymətləndirilib.
Məhkəmə iclasında Qulu Yusifov ona Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində deyib ki, hadisə günü dayısı oğlu ilə birlikdə işlədiyi tikinti sahəsindən çıxaraq marketə gedib. Onun sözlərinə görə, həm gedərkən, həm də qayıdarkən zərərçəkmiş Şamil Bədəlovun onlara baxdığını görüb və bu səbəbdən aralarında sözlü mübahisə yaranıb.
Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş şəxs telefonla danışdıqdan sonra onlara “baxmaq olmaz” deyə irad bildirib. O isə cavab olaraq buna etiraz edib və Şamilin niyə bu cür davrandığını soruşub. Qulunun dediyinə görə, daha sonra aralarında gərginlik artıb, zərərçəkmiş şəxs onları təhqir edib və “sizinlə görüşəcəyəm” deyərək hədələyib.
İfadəyə görə, təqsirləndirilən şəxs mübahisəni böyütmək istəmədiyini bildirsə də, qarşı tərəfin təhqiramiz ifadələri davam edib. O, bir müddət sonra zərərçəkmiş şəxsi vurduğunu və hadisə yerindən uzaqlaşdığını söyləyib. Bundan sonra hadisəyə digər şəxs – Fazil də qarışıb. Qulu deyib ki, Fazil Şamildən niyə söyüş söydüyünü soruşduqda onların arasında dava düşüb. Fazil yerə yıxılıb və zərərçəkmiş şəxs onu döyməyə başlayıb.
Bu vəziyyəti görən təqsirləndirilən şəxs həm özünə, həm də yaxın qohumuna qarşı zor tətbiq edildiyini əsas gətirərək, əsəbi halda bıçaqla zərbə endirdiyini bildirib.
Məhkəmə iclası zamanı dövlət ittihamçısının mövqeyi, Qulunun ifadəsi, müdafiə tərəfinin arqumentləri və iş üzrə toplanmış digər sübutlar araşdırılıb. Araşdırmaların nəticəsində məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsin əməli əvvəlcə tövsif edildiyi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən daha yüngül tərkibə malik olan 126.1-ci maddəsinə uyğun qiymətləndirilməlidir.
Beləliklə, məhkəmə qərara alıb ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan – qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməkdə təqsirlidir. Onun təqsiri yalnız qismən etirafedici ifadəsi ilə deyil, həmçinin iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunub.
Kamal Məmmədov