AZ

Ağrıkəsici ilə keçməyən baş ağrıları niyə təhlükəlidir? -Açıqlama

Davamlı və adi ağrıkəsicilərlə keçməyən baş ağrılarına laqeyd yanaşmaq olmaz.

Redaktor.az xəbər verir ki, bu barədə həkim İrina Volqina lenta.ru-ya danışıb.

Həkimin sözlərinə görə, bir və ya iki ağrıkəsici tabletlə aradan qalxmayan və mütəmadi təkrarlanan baş ağrıları orqanizmin ciddi siqnalı ola bilər. O bildirib ki, belə ağrılar miqren, yüksək təzyiq və digər təhlükəli xəstəliklərin əlaməti kimi ortaya çıxa bilər.

İrina Volgina qeyd edib ki, bəzi hallarda baş ağrıları insult, beyin şişi, meningit və sinusit kimi ciddi xəstəliklərlə əlaqəli ola bilər. Həmçinin stress, uzun müddət oturaq işləmək və boyun əzələlərinin gərginliyi də xroniki baş ağrılarına səbəb olur.

Həkim əlavə edib ki, ağrıkəsicilərdən həddindən artıq istifadə də əks təsir yaradaraq baş ağrılarını daha da artırır. Onun sözlərinə görə, ay ərzində 10-15 gündən çox ağrıkəsici qəbul etmək təhlükəlidir.

Volgina vurğulayıb ki, baş ağrısının yerinin dəyişməsi, güclənməsi, qızdırma, ürəkbulanma, qusma, nitq və hərəkət pozğunluğu, həmçinin üz və ətraflarda keyimə kimi hallar müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir.

Aytəkin TOFİQQIZI

Seçilən
31
1
redaktor.az

2Mənbələr