ABŞ-da yaşayan azərbaycanlı iş adamı Fərid Ismayılzadə tərəfindən maliyələşmiş və idarə olunan "Elven Technologies" şirkəti dünyanın ən nüfuzlu startap müsabiqələrindən biri olan "TiE50 Awards"ın qalibləri sırasında yer alıb.
Bu barədə Marja.az-a Fərid Ismayılzadə məlumat verib.
İş adamı qeyd edib ki, “TiE50” mükafatı hər il "TiE Silicon Valley" tərəfindən təqdim olunur və süni intellekt, dərin texnologiyalar (deep tech) və iqlim texnologiyaları sahəsində fəaliyyət göstərən ən perspektivli startapları müəyyən edir. Bu siyahıya daxil olmaq şirkətin həm texnologiyasının, həm də bazar potensialının beynəlxalq səviyyədə tanınması deməkdir.
"Elven Technologies" litium-ion batareyalarının təhlükəsizliyi sahəsində innovativ həllər üzərində çalışır. Şirkət tərəfindən hazırlanmış materiallar və konteyner sistemləri yüksək temperatura davamlı, yüngül və elastik olmaqla, elektrik avtomobillərində batareya qorunması, həmçinin zədələnmiş və istifadə müddəti bitmiş batareyaların saxlanması və daşınması üçün nəzərdə tutulub.
Hazırda şirkət bir sıra iri beynəlxalq şirkətlərlə pilot layihələr həyata keçirir. İlkin nəticələr müsbət qiymətləndirilir və bu layihələrin uzunmüddətli kommersiya əməkdaşlıqlarına çevrilməsi gözlənilir.
Fərid Ismayılzadə bildirib ki, əldə olunan bu uğur və mövcud əməkdaşlıqların genişlənməsi yaxın dövrdə Series A investisiya mərhələsinə keçidi sürətləndirəcək. Bu mərhələdə əsas hədəflər istehsalın miqyaslandırılması, tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və qlobal bazarlarda aktiv fəaliyyətin gücləndirilməsidir.



