AZ

ABŞ Konqresi Trampın İrana qarşı müharibə səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir

Vaşinqtonda Ağ Evə siyasi təzyiq artır, qanunvericilər münaqişədən çıxış strategiyası tələb edir...

Poliqon xəbər verir ki, ABŞ Konqresi ABŞ Prezidenti Donald Trumpın İrana qarşı hərbi kampaniyanı Konqresin təsdiqi olmadan aparmasına imkan verən iki aylıq müddətin başa çatmasından sonra onun səlahiyyətlərini məhdudlaşdırmağa hazırlaşır. Amerika qanunvericiləri təşəbbüsü Ağ Evdən geri almağa və cəmiyyətdə populyar olmayan münaqişədən çıxış strategiyasını formalaşdırmağa çalışırlar.

Məlumata görə, yaranmış vəziyyətdə Vaşinqton administrasiyası yalnız daxili siyasi təzyiqlə deyil, həm də Tehranın mövqeyi ilə üz-üzə qalıb. İran tərəfi də ABŞ-a öz sülh planını təqdim edib. Bu fonda davam edən kövrək atəşkəs şəraitində Donald Tramp həm daxildə, həm də xaricdə artan təzyiqlərlə qarşılaşır.

Qeyd olunur ki, Prezident Trampın mayın 1-də Konqresə ünvanladığı müraciətdə İranla müharibənin faktiki olaraq başa çatdığını bəyan etməsi vəziyyəti sakitləşdirməyə kifayət etməyib. ABŞ siyasi dairələrində bu açıqlama ciddi müzakirələrə səbəb olub və münaqişə mövzusu gündəmdə qalmaqdadır.

Senatda demokratların lideri Çak Şumer sosial şəbəkədəki paylaşımında müharibəni kəskin tənqid edib. O bildirib ki, bu müharibə qanunsuzdur və onun davam etməsi insan həyatını risk altına qoyur, eyni zamanda iqtisadi qeyri-sabitliyi və qiymət artımını dərinləşdirir.

ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkilər yaxınlaşdıqca siyasi qarşıdurma daha da kəskinləşir. Demokratlar respublikaçıları prezidentin ambisiyaları naminə ölkə vətəndaşlarının maraqlarını gözardı etməkdə ittiham edir. Bu çərçivədə onların əsas strategiyası “Müharibə Səlahiyyətləri Qətnaməsi” (hərbi əməliyyatlar üzrə prezident səlahiyyətlərini məhdudlaşdıran qanunvericilik mexanizmi) vasitəsilə Ağ Evin hərbi səlahiyyətlərini məhdudlaşdırmaqdır.

Hazırda hər iki palatada çoxluğun respublikaçılarda olmasına baxmayaraq, onların mövqelərində zəifləmə müşahidə olunur. Son səsvermədə demokratların təşəbbüsü Senatda 47-yə qarşı 50 səslə qəbul edilməsə də, bəzi respublikaçı qanunvericilərin mövqeyini dəyişməsi diqqət çəkir. Bu isə gələcəkdə prezidentin hərbi qərarlarının Konqres tərəfindən daha ciddi nəzarətə məruz qala biləcəyini göstərir.

Analitiklər hesab edirlər ki, ABŞ daxilində artan siyasi parçalanma və İranla bağlı strategiya ətrafında fikir ayrılıqları Vaşinqtonun Yaxın Şərq siyasətinə birbaşa təsir göstərə bilər.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr