Bakı, 4 may, AZƏRTAC
Yığmanın məşqçilər heyəti çempionat matçlarını izləyirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
O, yerli futbolçuların öz komandalarında meydana çıxmalarının sevindirici hal olduğunu bildirib: “Həmin oyunçular yığmanın toplanışına hazırlıqlı gəlirlər. Bildiyiniz kimi, Millətlər Liqasından əvvəl təlim-məşq toplanışı olacaq. Malta və San Marino ilə yoxlama görüşləri keçirəcəyik. Bu matçlarda uğurlu nəticələr qazanaraq Millətlər Liqasına yaxşı yollanmaq istəyirik. Yəqin ki, kubokun finalı və çempionat yekunlaşdıqdan sonra heyəti tam şəkildə dəqiqləşdirəcəyik”.
Baş məşqçi Millətlər Liqasında əsas məqsədlərinin yenidən C Liqasına yüksəlmək olduğunu söyləyib: “Əlbəttə, D Liqasında olmağı istəməzdik. Hazırkı rəqiblərimiz Litva və Lüksemburq bizə yaxın komandalardır. Növbəti divizion üçün şanslarımız var”.
Qeyd edək ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə bu ilin sentyabr ayında start veriləcək.