AZ

Biz inkişaf edirik, yoxsa özümüzdən uzaqlaşırıq- ÖZƏL

"Səhər radio dinləyirdim. İş elanları verilir, zəng edənlər isə özlərinə uyğun vakansiyalarla maraqlanırlar. Bir tikinti şirkəti mühəndis axtar. Zəng edən şəxs də məhz bu sahənin adamı idi, peşəsinə və ixtisasına tam uyğun gəlirdi. Təcrübəsi var, biliyi var, işin içindən çıxmağı bacaran bir insan. Verilən sualların hamısına cavab verdi. Sanki hər şey qaydasında gedirdi. Ta ki, o bir cümləlik hökm səslənənə qədər ki, İngilis dili zəifdir. Və bununla da, onun bütün peşəkarlığı bir anda dəyərsizləşdirildi". "Olaylar" xəbər verir ki, bunu VHP sədrinin müavini - partiya Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib: "İnsan düşünür Sumqayıtda tikilən bir binanın betonu ingiliscə qarışdırılırmı. Divarların dili varmı ki, onlar yalnız xarici sözlərlə qalxsın. Yoxsa bu torpağın üstündə ucalan hər daşın öz yaddaşı, öz dili Azərbaycan dili yoxdurmu?
Bu artıq təkcə bir iş elanının hekayəsi deyil. Bu, öz dilinə yadlaşan bir sistemin səssiz dramıdır. Sanki burada bilik də, məntiq də yox, sadəcə bir etiket tələb olunur. İngilis dili bir alət olmaqdan çıxıb, bir maneəyə çevrilib. O maneə ki, insanın illərlə qazandığı təcrübəni bir cümlə ilə silib atır.
Bəs dövlət dili nə üçündür. Kağız üzərində qalmaq üçünmü. Yoxsa yalnız rəsmi çıxışlarda xatırlanmaq üçün. Əgər bu ölkədə bir mühəndis öz torpağında, öz dilində iş tapa bilmirsə, problem onun dil bilməməsində deyil, problem bizim düşüncə tərzimizdədir.
Radiodan gələn səs susdu. Amma o sual havada qaldı.
Biz doğrudanmı inkişaf edirik, yoxsa sadəcə özümüzdən uzaqlaşırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr