Ses qazeti saytından alınan məlumata görə, ain.az bildirir.
Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatında yüksək nəticələr əldə edərək komanda hesabında Avropa çempionu adına layiq görülmüş yunan-Roma və sərbəst güləş, eləcə də qadın güləşi üzrə milli komandaların üzvlərini və onların məşqçilərini qəbul edib. Görüş zamanı dövlətimizin başçısı idmançıları səmimi-qəlbdən təbrik etmiş, onların qazandıqları uğurların Azərbaycan idmanının inkişafında mühüm mərhələ təşkil etdiyini xüsusi vurğulayıb. Ölkəmizdə idmana olan dövlət dəstəyinin bariz nümunəsi olaraq Azərbaycanın bu istiqamətdə dünyada özünə layiqli yer tutduğu bəyan edilib.
Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. O qeyd edib ki, Azərbaycan idmançılarının beynəlxalq arenalarda əldə etdikləri nailiyyətlər ölkəmizin artan nüfuzunun və hərtərəfli inkişafının bariz nümunəsidir: “Ölkəmizin başçısının da vurğuladığı kimi hər dəfə dövlət bayrağımızın mötəbər yarışlarda ucaldılması xalqımızda böyük qürur hissi doğurur və bu uğurlar cəmiyyətin bütün təbəqələrində böyük sevinc hissi ilə qarşılanır. Sözsüz ki, idman sahəsində əldə edilən bu cür yüksək nəticələr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. İdmançılar tərəfindən qazanılan qələbələr yalnız fərdi nailiyyət kimi deyil, eyni zamanda milli birliyin və həmrəyliyin gücləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə idmanın cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrildiyi və son illər ərzində bu sahədə müşahidə olunan dinamik inkişafın təqdirəlayiq olduğu dövlətimizin başçısı tərəfindən diqqətə çatdırılıb.
Azərbaycan güləşçiləri bu çempionatda da yüksək peşəkarlıq, əzmkarlıq və qələbə əzmi nümayiş etdirərək güclü rəqiblər üzərində inamlı qələbələr qazanmış, nəticədə komanda hesabında Avropa çempionu adına layiq görülmüşlər. Bu uğur ölkəmizin idman tarixində növbəti əlamətdar hadisə kimi qiymətləndirilir. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlar ölkəmizin dünya miqyasında tanıdılmasına, müsbət imicinin formalaşdırılmasına və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verir”.
Deputat bildirib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir: “Bu sahədə həyata keçirilən məqsədyönlü və sistemli tədbirlər, regionlarda müasir idman infrastrukturunun yaradılması, idmançıların sosial müdafiəsinin gücləndirilməsi və onların beynəlxalq yarışlara yüksək səviyyədə hazırlanması üçün əlverişli şəraitin təmin edilməsi əldə olunan uğurların əsasını təşkil edir. Bu uğurlar ölkəmizdə idman sahəsinə və gənc nəslin sağlam ruhda formalaşmasına yönəlmiş ardıcıl dövlət siyasətinin real nəticəsidir. Dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı, müasir idman infrastrukturunun yaradılması və gənclərin idmana geniş cəlb olunması bu nailiyyətlərin əsasını təşkil edir.
Sözsüz ki, milli komanda üzvlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilməsi bu qələbənin əhəmiyyətini daha da artırır. Sözügedən görüş idmançılarımızın əməyinə verilən yüksək qiymətin ifadəsi olmaqla yanaşı, ölkədə idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğının növbəti bariz təzahürüdür. Bu cür görüşlər idmançılar üçün mühüm stimul olmaqla yanaşı, gənc nəslin idmana marağının daha da artmasına xidmət edir.
Əldə olunmuş nəticələr Azərbaycan idmanının beynəlxalq arenada artan nüfuzunu bir daha təsdiq edir. Bu uğur, həmçinin cəmiyyətdə sağlam həyat tərzinin təşviqi, vətənpərvərlik ruhunun gücləndirilməsi və gənclərin fiziki inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısı ilə görüşdə idmançıların da vurğuladığı kimi, əminliklə demək olar ki, Azərbaycan idmançıları gələcəkdə də beynəlxalq yarışlarda yüksək nəticələr əldə edərək ölkəmizi layiqincə təmsil edəcəklər”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.