AZ

“Azərbaycan güləş məktəbi zəngin ənənələrə malikdir”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş güləş üzrə Avropa çempionatında yüksək nəticələr əldə edən milli komanda üzvləri və onların məşqçiləri ilə keçirdiyi görüşdə yunan-roma və sərbəst güləş, eləcə də qadın güləşi üzrə Avropa çempionu olan və müxtəlif medallar qazanan idmançılar iştirak ediblər”.

Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

O deyib ki, görüş zamanı Dövlət Başçısı Azərbaycan milli komandasının əldə etdiyi nəticələri yüksək qiymətləndirərək bildirib ki, Avropa çempionatında komanda hesabında birinci yerə yüksəlmək böyük nailiyyətdir: “Müasir dövrdə güləş üzrə rəqabət daha da güclənib və bu şəraitdə əldə olunan qələbə idmançılarımızın peşəkarlığını və hazırlıq səviyyəsini bir daha sübut edir. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan güləş məktəbi zəngin ənənələrə malikdir və bu ənənələr uğurla davam etdirilir. O, xüsusilə gənc idmançıların da böyük nəticələr qazanmasını müsbət hal kimi qiymətləndirərək ölkədə seleksiya və məşq prosesinin düzgün qurulduğunu diqqətə çatdırıb”.

P.Vəliyevanın sözlərinə görə, idmanın cəmiyyətimiz üçün əhəmiyyətini nəzərə alaraq qeyd etmək olar ki, beynəlxalq yarışlarda Azərbaycan bayrağının ucaldılması xalqda qürur hissi doğurur və bu uğurlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır: “Son illərdə ölkəmizdə idman sahəsində əldə olunan nailiyyətlər olduqca qürurlu və sevindiricidir. Bundan başqa güləş federasiyasının və məşqçilərin fəaliyyəti də yüksək qiymətləndirilməlidir. Federasiyanın rəhbərliyində və məşqçi heyətində vaxtilə böyük uğurlar qazanmış tanınmış idmançıların təmsil olunması bu sahənin inkişafına müsbət təsir göstərir. Keçirilmiş Avropa çempionatında həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında birinci yerin qazanılması xüsusi əhəmiyyət kəsb edir və bu nəticə Azərbaycanın beynəlxalq idman arenasındakı mövqeyini daha da möhkəmləndirir. Həm Olimpiya Oyunlarında, həm də dünya və avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Uğurlarımızla bərabər məğlubiyyətlər də olsa da, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir”.

Deputat həmçinin qeyd edib ki, Azərbaycanın idman sahəsində böyük təcrübələri vardır: “Belə ki, ölkəmizdə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi çox böyük beynəlxalq yarışlar keçirilmişdir. Eləcə də ötən il MDB oyunları ölkəmizin müxtəlif bölgələrində keçirilmişdir. Bu hal onu göstərir ki, Azərbaycanda idman sahəsində çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Oğlan idmançılarla yanaşı, qız güləşçilərin də medalçılar arasında olmaları çox sevindirici və müsbət haldır ki, bu da qızlar arasında gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Azərbaycanın bütün idman sahələri hər zaman Ölkə Başçısının diqqət mərkəzində olub və bu idman sahələrində uğur qazanan və ölkəmizin bayrağını dünya idman arenasında dalğalandıran idmançılarımıza daim qayğı və hörmət nümayiş etdirilib. Ümid edirik ki, ölkə rəhbərinin diqqəti və qayğısı idmançılarımızı bir daha motivasiya edərək onların gələcək yarışlarda da uğur qazanacaqlarına zəmin yaradacaq”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
2
icma.az

5Mənbələr