AZ

“Qərb-Azərbaycan soyuqluğu Rusiyanın regionda manevr imkanlarını nisbi şəkildə genişləndirir...”-MÜSAHİBƏ

“Avropa siyasi sammitin Ermənistanda keçirilməsi rəsmi İrəvanın Qərblə siyasi yaxınlaşma kursunu nümayiş etdirmək üçün mühüm platformadır.
 
“Ermənistan bu cür tədbirlər vasitəsilə özünü Avropa siyasi məkanının bir hissəsi kimi təqdim etməyə çalışır. Azərbaycan isə...”
 
“ABŞ ümumilikdə Ermənistanın Qərbə inteqrasiyasını və siyasi-iqtisadi yaxınlaşmasını dəstəkləyir...”
 
ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli ilə Moderator.az üçün budəfəki söhbətimizdə Ermənistanda Avropa Siyasi Birliyinin  8-ci sammitinin keçirilməsindən, bu tədbirin ölkədə 7 iyunda gözlənilən parlament seçkilərinə təsirindən, Azərbaycanla Avropaq qurumları arasındakı soyuqlaşmadan və bunların fonunda Rusiya və ABŞ-ın regiondakı siyasi gedişlərindən və s. bəhs etdik.
 
-Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması fonunda Ermənistanda Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitinin keçirilməsinə necə baxırsız? 
 
-Bu vəziyyət regionda geo-siyasi balansın müəyyən dərəcədə dəyişdiyini və fərqli istiqamətlərdə hərəkətin gücləndiyini göstərir. Sammitin Ermənistanda keçirilməsi rəsmi İrəvanın Qərblə siyasi yaxınlaşma kursunu nümayiş etdirmək üçün mühüm platformadır. Bu həm simvolik, həm də praktiki əhəmiyyətə malik bir hadisədir. Ermənistan bu cür tədbirlər vasitəsilə özünü Avropa siyasi məkanının bir hissəsi kimi təqdim etməyə çalışır.
 
Azərbaycan isə daha ehtiyatlı və praqmatik bir yanaşma nümayiş etdirir. Bu yanaşma, bir tərəfdən, milli maraqları qorumağa, digər tərəfdən isə müxtəlif güc mərkəzləri arasında balansı saxlamağa hesablanıb. Yəni söhbət tam və birdəfəlik uzaqlaşmadan getmir. Burada daha çox taktiki məsafənin qorunması, münasibətlərin şərti və mövzuya görə tənzimlənməsi müşahidə olunur.
 
Eyni zamanda, bu fərqli yanaşmalar regionda rəqabət elementini də artırır və hər iki ölkənin xarici siyasət prioritetlərinin daha aydın şəkildə formalaşmasına təsir edir. Bu baxımdan, baş verənlər yalnız bir tədbirin keçirilməsi deyil, daha geniş geo-siyasi dinamikanın tərkib hissəsi kimi qiymətləndirilməlidir...
 
-Ayrıca Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfərini necə dəyərləndirirsiz? 
 
-Zelenskinin İrəvana səfəri əsasən simvolik və siyasi mesaj xarakteri daşıyır. Bu addım Ermənistanın Qərb orbitinə yaxınlaşma kursunu daha da aydın şəkildə göstərir və beynəlxalq arenada onun yeni istiqamətini vurğulayır. Bu səfəri Rusiyaya ünvanlanmış dolayı siyasi siqnal kimi də qiymətləndirmək olar. Bununla yanaşı, səfərin ciddi praktiki nəticələr doğuracağı gözlənilmir. Səfər daha çox siyasi jest, diplomatik dəstək nümayişi və mövqelərin koordinasiyası kimi dəyərləndirilə bilər. Uzunmüddətli perspektivdə isə belə təmaslar Ermənistanın xarici siyasət kursunun formalaşmasına müəyyən təsir göstərə bilər...
 
-Yəqin ki, Ermənistanda Avropa miqyaslı bir siyasi tədbirin keçirilməsi fonunda Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrinin pozulması Rusiya hakimiyyətinə bir növ toxtaqlıq verir? 
 
-Qismən, bəli. Qərb-Azərbaycan münasibətlərində yaranan müəyyən soyuqluq Rusiyanın regionda diplomatik və siyasi manevr imkanlarını nisbi şəkildə genişləndirir. Bu vəziyyət Moskvanın təsir imkanlarını qısamüddətli perspektivdə artırır və müəyyən “rahatlıq” yaradır.
Lakin bu, uzunmüddətli və strateji üstünlük kimi qiymətləndirilməməlidir. Çünki Azərbaycanın xarici siyasəti çoxvektorlu və balanslıdır. Azərbaycanın xarici siyasəti müxtəlif güc mərkəzləri ilə paralel münasibətləri qorumağa yönəlib. Bu səbəbdən yaranan boşluq daha çox situativ/keçici xarakter daşıyır və dəyişkən beynəlxalq şəraitdə tez bir zamanda fərqli istiqamət ala bilər... 
 
-Avropanın nüfuzlu liderlərinin İrəvana gəlişi 7 iyun seçkilərində Paşinyan komandasının qələbə şanslarına yetərli təsir göstərəcəkmi? 
 
-Bunun müəyyən psixoloji və siyasi təsiri ola bilər. Bu, Nikol Pashinyan komandasına əlavə beynəlxalq legitimlik qazandıra və onun komandasının beynəlxalq siyasi mövqeyini gücləndirə bilər. Xüsusilə, seçki kampaniyası dövründə belə səfərlər ictimai rəyə müəyyən təsir göstərir və seçicilərdə sabitlik və xarici dəstək hissi yarada bilər. Bununla belə, həlledici faktor yenə də ölkədaxili sosial-iqtisadi vəziyyət, seçicilərin gündəlik problemləri və siyasi rəqabətin səviyyəsi olaraq qalır. Xarici dəstək önəmlidir, amma seçkinin nəticəsini təkbaşına müəyyən edən əsas amil deyil...
 
-Yəqin ki, Avropa ilə bərabər ABŞ dövləti də vitse-prezident C.D.Vensin İrəvana səfəri zamanı söylədiklərinə uyğun olaraq Paşinyana dəstək verəcək?
 
-ABŞ ümumilikdə Ermənistanın Qərbə inteqrasiyasını və siyasi-iqtisadi yaxınlaşmasını dəstəkləyir. Bu dəstək daha çox siyasi islahatlar, demokratik institutların gücləndirilməsi və regional sabitlik kimi çərçivələrdə ifadə olunur. Burada ABŞ-ın öz strateji maraqlarının qorunması da ciddi rol oynayır. Lakin açıq və birbaşa seçki müdaxiləsi və ya konkret bir siyasi qüvvənin lehinə kampaniya xarakterli addımların atılması gözlənilmir. ABŞ siyasəti adətən bu cür hallarda ehtiyatlı və balanslı yanaşma sərgiləyir. Dəstək əsasən diplomatik kanallar, təşkilatlararası əməkdaşlıq və strateji mesajlar vasitəsilə həyata keçirilir və bu da daha uzunmüddətli, struktur xarakterli təsir yaradır...
 
Sultan Laçın
 
Seçilən
17
2
moderator.az

3Mənbələr