“ABŞ və Azərbaycan arasında Strateji Əməkdaşlıq Xartiyasının imzalanmasından bəri ikitərəfli əlaqələr inkişaf edib”. Bu barədə Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon jurnalistlərə bildirib. Onun sözlərinə görə, 2025-ci ilin avqust ayında Vaşinqtonda Azərbaycan və ABŞ liderlərinin görüşündən bəri iki ölkə arasındakı münasibətlərdə müsbət dinamika müşahidə olunub. Emi Karlon vurğulayıb ki, avqust görüşündən sonra Vaşinqton və Bakı 2026-cı ilin fevral ayında ABŞ-ın vitse-prezidenti C.D. Vensin Azərbaycana səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası üzərində işləməyə başlayıblar.

“Sənəd nəqliyyat əlaqələrinin, ticarət və iqtisadi əməkdaşlığın, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına yönəlib. Xartiyanın imzalanmasından bəri ABŞ-dən texniki ekspertlər və digər mütəxəssislər konkret layihələrə başlamaq və ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün Azərbaycana səfər ediblər”, - deyə diplomat qeyd edib.
“Emi Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini bir daha təsdiqləyir”.
Bu barədə isə diplomatik missiyanın sosial media səhifəsindəki paylaşımda bildirilir. Qeyd olunur ki, “Karlonun həm Ağdama, həm də Füzuliyə səfəri fevral ayında Prezident İlham Əliyev və Vitse-prezident Vens tərəfindən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsini, eləcə də Cənubi Qafqazda sülhün, sabitliyin və uzunmüddətli bərpanın təşviq edilməsinə dair ortaq öhdəliyimizi bir daha təsdiqləyir”.
Bəs ABŞ ilə əlaqələrimiz dinamik inkişafdadırsa, iki ildir Azərbaycana niyə yeni səfir təyin edilmir?
Politoloq Züriyə Qarayeva hesab edir ki, səfir təyinatı təkcə ABŞ lideri tərəfindən verilən qərarla olmur. Onun sözlərinə görə, Senat da namizədi təsdiq etməlidir. Bundan əlavə, aqreman olduğunu xatırladan politoloqun fikrincə, indi Birləşmiş Ştatların başı çox qarışıqdır: "Nəzərə alaq ki, Cənubi Qafqaz ölkələrinin heç birinə səfir göndərilməyib. Bunu yalnız Azərbaycanla əlaqələndirmək olmaz. Görünür ki, bu məsələdə Senatın rəyi olmalıdır. Hər üç ölkənin səfirsiz qalması münasibətləri korlamasa da, bu təyinata ehtiyac olduğuna inanıram".

Ekspert qeyd edib ki, Tramp iqtidarı Azərbaycan və Ermənistanla əlaqələri inkişaf etdirir, Gürcüstana isə soyuq münasibət müşahidə olunur: "Səfir təyinatı eyni vaxtda reallaşa bilər. Amma demokratların buna maneə olduğu istisna deyil. Xüsusən də Azərbaycana qarşı bir rəy formalaşdırılır. Onların və erməni lobbisinin təsiri göz qabağındadır. Amma Tramp hakimiyyəti səfir mövzusunu gözardı etməməlidir".
Z. Qarayeva bu il ərzində səfir postuna namizəd irəli sürülməsini gözləyir: "Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirir. Belə bir şəraitdə səfirin fəaliyyəti bu əməkdaşlığa töhfə verə bilər. Azərbaycan bu məsələni gündəmə gətirməlidir ki, münasibətlər daha da yaxşılaşsın".

Xatırladaq ki, sonuncu səfir Mark Libbi olub. O, səhhəti ilə əlaqədar vəzifəsindən istefa verdiyini açıqlayıb. Qeyd edək ki, bundan əvvəl də ABŞ Azərbaycana səfir təyinatını uzun müddət gecikdirmişdi. 2009-cu ilin yanvar ayında ABŞ-ın Bakıdakı səfiri Enn Dörsinin səlahiyyət müddəti başa çatmış, lakin onun yerinə təyin edilən Riçard Morninqstarın namizədliyi yalnız 2012-ci ildə, düz 3 il sonra təsdiqlənmişdi. Bu müddət ərzində ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəliyinə müvəqqəti işlər vəkili rəhbərlik edirdi, yəni ölkədə səfir səviyyəsində siyasi təmsilçilik faktiki olaraq yox idi. Həmin dövrdə ABŞ mediası və ekspert dairələri bu təyinatın gecikməsində erməni lobbisinin Senatdakı təzyiqlərini əsas amillərdən biri kimi göstərmişdi. Xüsusilə Kaliforniya, Nyu-York və Massaçusets kimi ştatlardan olan erməni əsilli senatorlar və onların müttəfiqləri, Azərbaycana yeni səfir təyinatını müxtəlif bəhanələrlə əngəlləyirdilər.
Emil Salamoğlu
Musavat.com