AZ

Dəmir atlı qəhrəmanın dastanı- Nuray Rəşid yazır…  

Nəcəfov Məzahir Ramazan oğlu 1973-cü il iyun ayının 28-də Culfa rayonunun Yaycı kəndində anadan olub. O, 1979-1990-cı illərdə Yaycı kənd 1 nömrəli tam orta məktəbdə, 1990-1993-cü illərdə isə Naxçıvan Politexnik Texnikumunda təhsil alıb. Məzahir təhsilini bitirdikdən sonra 1993-cü ildə hərbi xidmətə çağırılıb. Onun xidmət etdiyi bölmə birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyi Tərtər rayonuna, oradan isə Füzuli istiqamətinə göndərilib. Müharibədə tankçı kimi fəaliyyət göstərən Məzahir döyüşə atıldığı ilk günlərdən igidliyi ilə seçilib.

1993-cü ilin dekabrından 1994-cü ilin yanvar ayına qədər bir çox döyüşlərdə vuruşan Məzahir, uğuru ilə Azərbaycan hərb tarixinə düşmüş “Horadiz” əməliyyatında da iştirak etmişdir.

Şəhidimiz 1994-cü il yanvar ayının 27-də düşmənlə son dəfə döyüşmüşdür. Füzuli rayonunun Mahmudlu qəsəbəsi və Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə iyirmi bir yaşlı gənc əsgər Məzahir Nəcəfov itkin düşmüşdür.

Kəndin girəcəyindən döngələrə burulan yollar, neçə il keçsə də, sanki keçmişin xatirələrini qorumaq üçün bəzi xırda işarələri hələ də özündə saxlayırdı. Küçələrin bəzilərindəki evlərin köhnə divarları palçıq və saman qarışığından idi. Kəndin mərkəzində illər ötməsinə baxmayaraq, hələ meyvə verməsə də, ancaq öz vüqarını qoruyan, isti günlərdə insanların pənahına çevrilən nəhəng bir ağac ucalırdı.

Yollardakı arxlar, ara küçələrdə olduğu kimi qalmışdı. Maşınların keçməsinə mane olsa da, sanki kimsə onlara əl vurmağa qıymırdı. Darvazaların rəngi, yanındakı taxta oturacaqlar belə olduğu kimi qalmışdı. Bu yenilənməmək nəyinsə olacağına ümid, kiminsə həsrətli gözləntisi idi.

Bu kəndin minlərlə sakini var idi. Kəndi indiyə qədər çox yağışlar yudu, günəşlər isitdi, çox sazaqlar dondurdu. Lakin dəyişən fəsillər, dözülməz istilər 1993-cü ildən bu yana donan zamanın buzunu aça bilmirdi. Həmin ildən bəri nə qədər insan dünyaya gəlsə, nə qədər ömür sona yetsə də, o kənddə bir nəfər həmişə əskik idi.

Xatirəsi yaşasa da, cismani yoxluğuna “rəhmətlik” belə demək olmurdu. Ölümün də öz möhürü olur axı… Soyuq bir daş, üzərinə həkk olunmuş iki tarix və bir ovuc torpaq. Onda isə bunların heç biri yox idi.

O taxta oturacaqlardan biri də Məzahirin ata yurdunun darvazasının yanında idi. Anası onu yola salandan bəri qapıdakı hər şeyi olduğu kimi saxlayırdı; elə o kənd kimi, o kəndin camaatı kimi… Anası evin çöl qapısını heç vaxt kilidləməzdi. Gecələr yatanda evin işıqlarını yanılı saxlayardı ki, o qapı Məzahir gedəndə necə açılmışdısa, qayıdanda da eləcə bağlansın.

Uşaqlıqda oynadığı, məktəbli olanda addımladığı yollar hələ də həmin çınqıllarla, həmin daşlarla dolu idi. Futbol oynadığı məktəbin meydançasındakı qapı dirəyi belə yerində dururdu. Yaycının küçələrində hər on-on beş addımdan bir basdırılan dirəklərin üstündəki hacıleylək yuvaları da olduğu kimi qalırdı. Hər leylək mövsümü gələndə kəndə qayıdar, kəndin keşiyini çəkirmiş kimi uzaqlara boylanardılar. Sanki onların da gözü Məzahirgilin evi olan o küçəyə dikilirdi…

1993-cü ilin dekabr ayı…

Yaycının şırıltı ilə axan arx sularının səsi Məzahirin qulaqlarında hələ də əks-səda verirdi. Amma indi həmin şırıltı Tərtərdə torpağı göyə sovuran, uzaqdan gələn “Qrad” mərmilərinin uğultusuna qarışmışdı. Daldalandığı səngərlərin birində əsgər yoldaşı ilə gəldikləri doğma yerlər haqqında danışmağa başladılar. Əsgər yoldaşı ondan soruşdu:

-Məzahir, Yaycı kimi sakit bir yerdən belə qanlı-qadalı yerə düşmək necə bir hisdir? Qorxmursan?

Məzahir sonuncu sualı eşidən kimi torpağa zillədiyi baxışlarını qaldırıb, gözlərini birbaşa əsgər yoldaşının gözlərinə dikdi. Bir əli ilə silahını bərk-bərk sıxaraq:
-Yox, qorxmuram, – dedi. Bir az dayanıb davam etdi: – Əslində, bilirsən necədir? Mən elə bilirdim ki, insana ancaq doğulduğu yer doğma olar. Amma bura gələndən sonra anladım ki, Vətən təkcə doğulduğun yer deyil, vətən qorumaq istədiyin hər qarış torpaqdır. Bizim kənddə böyüklərimiz həmişə 1918-ci ilin martından danışardılar. Ermənilər Yaycıya girəndə nə qocaya rəhm etmişdilər, nə də uşağa… Yaycı o vaxt ən ciddi müqavimət göstərən yerlərdən biri olmuşdu. Qız-gəlinlərimiz əsir düşməsinlər, namuslarına xələl gəlməsin deyə özlərini Arazın sularına atırmışlar.

Danışdıqca səsinə qəribə bir qətiyyət gəldi:

-İndi mən niyə qorxum ki? Nədən qorxum?! Düşündüyün kimi, bura, sadəcə sakitlikdən qaçıb gəlməmişəm. Beynimdə o qanlı tarixin susmayan qışqırığı var. Bəlkə də bu, bir fürsətdir? Bəlkə bu, həmin tarixin bir daha təkrarlanmaması üçün mənə verilən bir işarədir? İndi bura da mənim üçün Yaycıdır. Nə fərqi var ki, haradayam? Öhdəmə düşən nədirsə, onu da edəcəm.

Məzahirin bu sözlərindən sonra əsgər yoldaşının içində dolaşan, amma hiss etdirmək istəmədiyi qorxusu çəkilib getdi. Məzahir kimi cəsur bir insanla çiyin-çiyinə eyni səngərdə olduğu üçün bir az rahatlıq tapdı. Əliylə yaycılı cəsur əsgərin çiynini sıxdı və bütün qorxusunu gülüşləri ilə basdırıb ümidli baxışlarla ona baxdı.
Səngərin soyuğuna inad, iki gənc əsgərin o an paylaşdığı bu səmimiyyət barıt qoxulu havanı bir anlıq yumşaltdı. Amma müharibənin öz qanunları vardı. Məzahirin çiynini sıxan o dost əli bəlkə də gələcəkdə bu anı xatırlayan yeganə şahid olacaqdı.

1994-cü ilin yanvar ayı…

Məzahirin hərbi xidmət dövrü onu bir əsgərdən daha çox bir döyüşçü kimi yetişdirirdi. Kəndin daşlı kəsəkli yollarında qaçışan bu oğlan indi tankla tanımadığı, suyunu içmədiyi, yıxılıb- durmadığı yerləri qarış-qarış tanımağa başlamışdı. Həyatda qalmaq üçün düşdüyün mühitə öyrəşməlisən. O da elə edirdi. Cəbhəylə bağlı hər hansı yenilik onu narahat etmir, qorxutmurdu. Harada tank sürürdüsə, harada düşmən qarşısında sipər olurdusa, ora onun üçün doğma idi.

Füzuli, Qaraxanbəyli kəndi…

Artıq cəbhədə vəziyyət son həddə qədər gərgin idi. Təlimlərdə hər çətinliyə alışan, silahla davranmağın sirlərini mənimsəyən əsgərlər üçün indi əsl imtahan vaxtı gəlib çatmışdı. Komandanlığın əmri isə qəti idi: döyüş qabiliyyəti yüksək olan, hazırlıqlı əsgərlər dərhal Füzuli istiqamətinə göndərilməliydi. Füzuli o vaxtlar, sadəcə bir cəbhə xətti deyil, odun, alovun və ölümün bir addımlığı sayılırdı.
Məzahir də taleyin seçdiyi həmin insanlardan biri oldu. Cəmi 21 yaşı olsa da, o, nə oddan, nə də alovdan qorxurdu. Çünki onun zehnində və qəlbində elə bir ocaq qalanmışdı ki, bu döyüş onun üçün tarixin verəcəyi ilk və sonuncu fürsət idi.
Məzahir tanka qalxanda, kənarda duran əsgər yoldaşı narahatlıqla qışqırdı. Səsi top gurultularının və tank mühərrikinin nəriltisi arasında güclə eşidilirdi:

-Buraları tanımırsan, tanımadığın yerlərdə sənin tankda nə işin var? Düş aşağı!

Məzahir tankın boğuq səsini yaracaq qədər uca və qətiyyətli bir səslə cavab verdi:

-İndi bilinəcək nəyə qadirəm! Əgər bu dar məqamda bu tankı sürməyəcəmsə, əsgərlikdən qayıdanda hansı üzlə “mən tank sürmüşəm” deyə bilərəm?!

O, bu sözləri deyib tankın lyukunu bağladı. O an Məzahir üçün tanımadığı Füzuli düzü doğma Yaycı küçələrinə çevrildi.

Barıt qoxusu, tankların nəriltisi və mərmi uğultusu qışın sazağına qarışmışdı.
Füzulinin Mahmudlu qəsəbəsi və Qaraxanbəyli kəndi istiqamətində gedən amansız döyüşlər zamanı Məzahir yenə tankına eyni inamla mindi. O, dəmir atını birbaşa ölümün gözünə sürdü. Bu dəfə Məzahirin tankı barıt dumanının içində gözdən itdi. Duman nəinki tankı, hətta tankın səsini də boğmuşdu.

Qədər öz sözünü demişdi. Tarixə imzasını atan bu gəncin heç vaxt başdaşı olmayacaqdı. İnsanlar onun adını çəkəndə “rəhmətlik” kəlməsini dilinə gətirməyə belə tərəddüd edəcəkdilər. Çünki məzarı olmayan qəhrəmana “öldü” demək, ümidi tamamilə dəfn etmək qədər ağır idi.

Müəllif Nuray Rəşid

Seçilən
14
veteninfo.az

1Mənbələr