AZ

OPEC+ ölkələri iyunda neft hasilatını artıracaq

Bakı, 4 may, AZƏRTAC

OPEC+ könüllü ölkələrinin növbəti görüşü bu il iyunun 7-də - alyansın nazirlərinin görüşü ilə eyni gündə keçiriləcək. Bu tədbirdə 2027-ci il üçün kvotaların hesablanacağı maksimum dayanıqlı istehsal gücü (MSC) razılaşdırıla bilər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bundan əvvəl neft hasilatını müəyyən edilmiş kvotalardan kənara çıxaraq könüllü azaldan yeddi OPEC+ ölkəsi 2026-cı ilin iyun ayında istehsal həcmlərinin tədricən bərpasını davam etdirmək qərarına gəlib. Bu qərar videokonfrans vasitəsilə keçirilən görüşdə razılaşdırılıb.

Bu ölkələr Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Omandır. Bu koalisiya əvvəllər “Səkkizlik qrupu” kimi tanınırdı, lakin Birləşmiş Ərəb Əmirlikləri 1 may 2026-cı il tarixindən etibarən müstəqil istehsal siyasəti yürütmək niyyətində olduğunu bildirərək OPEC və OPEC+-dan çıxıb.

BƏƏ-nin bu addımı nəzərə alınıb və hasilatın bərpa sürəti tənzimlənib. Ölkələr aprel və may aylarında bazara gündəlik 206 min barel neft çıxarsalar da, iyun ayında bu rəqəm sutkalıq 188 min barel olacaq. Nəticədə könüllü ölkələrin ümumi hasilatı gündə 30.447 milyon barelə çatacaq.

Əvvəllər azaldılmış həcmlərin (gündəlik 1.65 milyon barel) bərpası 2025-ci ilin oktyabr ayında başlayıb. 2026-cı ilin birinci rübündə mövsümi amillər səbəbindən proses müvəqqəti olaraq dayandırılıb, daha sonra yazda yenidən sürətlənib.

OPEC-in Kommünikesində ölkələrin neft bazarının sabitliyini təmin etməyə sadiq qaldığı, tələb və təklifdəki dəyişikliklərə çevik reaksiya verməyə hazır olduqları vurğulanır. Bazar şəraitindən asılı olaraq, hasilatın daha çox artırılması, fasilə və ya əlavə məhdudiyyətlərə qayıtma variantları da mümkündür.

Xüsusi diqqət kompensasiya mexanizminə yönəldilib: ölkələr 2024-cü ilin yanvar ayından bəri icazə verilən artıq istehsalı tam kompensasiya etmək niyyətlərini təsdiqləyib. Birgə Nazirlər Monitorinq Komitəsi (JMMC) bu öhdəliklərə əməl olunmasını izləməyə davam edəcək və tezliklə yenilənmiş kompensasiya cədvəlinin hazırlanması gözlənilir.

2025-ci ildə gündə təxminən 3,1 milyon barel neft hasil edən BƏƏ-nin təşkilatdan çıxması OPEC+ alyansının qlobal bazardakı payını bir qədər - 55,9 faizdən 51,7 faizə qədər azaldır. Bununla belə, analitiklər alyansın təsirinin əhəmiyyətli olaraq qaldığına inanırlar, baxmayaraq ki, rəqabətin artması və qiymət dəyişkənliyi riskləri də artır.

 

Seçilən
1
azertag.az

1Mənbələr