Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yüzilikdə milli tariximizin və taleyimizin bir çox dönüş anları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevin adı və parlaq əməlləri ilə bağlı olmuşdur. Heydər Əliyev şəxsiyyəti o qədər böyük, o qədər misilsizdir ki, bu gün Onun xalqımız və dövlətçiliyimiz qarşısındakı xidmətlərindən danışarkən, təkcə bu böyük şəxsiyyətin respublikamıza rəhbərliyi illərində həyata keçirilmiş nəhəng işləri və nailiyyətləri qeyd etməklə kifayətlənmək mümkün deyil.
Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, vətənpərvərliyi,milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".
Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, onun daha da təkmilləşdirilməsində doğma dilimizin müstəsna rol oynadığı şübhəsizdir. Bu vacib amili nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. Ulu öndər Heydər Əliyev müstəqillik illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafına diqqət yetirirdi. O, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür və milli-mənəvi dəyərləri bu ideologiyanın ən mühüm istiqamətlərindən və tərkib hissələrindən biri kimi qiymətləndirirdi. Onun vaxtilə söylədiyi və bütün dünya azərbaycanlıları üçün həmişə bir fəaliyyət devizi olacaq bu fikri nə qədər dərin və mənalıdır: "Hər bir azərbaycanlı mənsubiyyətinə görə qürur keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq". Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Milli dəyərlərimizə dərindən bələd olan Ümummilli Liderimiz xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: "Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır".
Ulu öndər Heydər Əliyev türkdilli xalqlarln öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət-ənənələrini qorumağı və onları zənginləşdirməyi həmişə dəstəkləmişdir. Bu baxımdan ümummilli lider Heydər Əliyev türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə xüsusi diqqət yetirmişdir.
Azərbaycan cəmiyyətinin ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi kimi vahid məqsəd ətrafında birləşdirilməsi, onun mübariz ruhunun təşkilatlandırılması və istiqamətləndirilməsi, mənəvi potensialının üzə çıxarılması üçün ulu öndər Heydər Əliyevin istinad etdiyi ən qiymətli meyar və nümunələrdən biri xalqın hərbi və qəhrəmanlıq tarixi idi. Bu tarixi o, keçmişimizdən miras qalmış zəngin və ibrətamiz bir sərvət kimi qiymətləndirir və ölkənin müdafiəsinin təşkilinin müxtəlif məsələləri ətrafında etdiyi çıxışlarında hər bir vətəndaşı da bu tarixə tapınmağa çağırırdı. Ölkə rəhbərinin fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə, torpağa bağlılıq, Vətənə sevgi tarixi idi və bu tarixə sədaqət əldə edilmiş müstəqilliyin həmişəyaşarlığına real zəmin yarada bilərdi. Məsələn, Azərbaycan xalqının ümummilli lideri bildirirdi: "Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissidir. Güman edirəm ki, xalqımızın tarixi ənənələrimizi, keçmişimizi yada salaraq Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görəcəkdir". Başqa bir çıxışında ulu öndər Heydər Əliyev "Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri bu gün müstəqil Azərbaycan dövlətində yenidən yüksəlmişdir və daha da canlanacaqdır", - deyirdi. Onun belə bir fikri də vardır: "Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır".
Hərbi irsin öyrənilməsinin metodoloji, elmi-praktiki, mənəvi-tərbiyəvi əhəmiyyəti vardır. Bu məqamların hər biri özlüyündə vacib məsələlərdir və ölkənin müdafiəsinin təşkilində onlar öz aktuallığını itirməmişlər. İlk baxışdan güman etmək olar ki, elmin, texnikanın yüksək inkişaf səviyyəsi ilə səciyyələnən müasir həyatda hərbi irsin, tarixi ənənələrin öyrənilməsinin ciddi bir səmərəsi ola bilməz. Lakin elə elmi və praktiki qənaətlər vardır ki, həmin qənaətlər hər zaman öz aktuallığını qoruyub saxlamaqdadır. Çünki onlar hərb işinin əsasını təşkil edir və onlar mahiyyət etibarı ilə dəyişməzdir. Dəyişən yalnız onları hərəkətə gətirən qüvvələrdir. Məsələn, xalq ilə ordu arasındakı münasibətlər, müharibənin aparılmasına xalqın münasibəti və onun müharibəyə necə səfərbər olunması, ölkənin müdafiəsinin təşkilində xarici siyasətin nəzərə alınması, ölkənin müdafiəsinin təşkilinin maddi və mənəvi amillərdən asılılığı, ölkənin müdafiəsinin təmin edilməsi üçün dövlətin apardığı siyasətin xarakteri və s. Bu məqamların sayı çoxdur və Azərbaycan xalqının qəhrəmanlıq tarixi də bütün bu məqamların yüksək məharətlə icrasının ifadəsidir. Ulu öndər Heydər Əliyev də məhz Azərbaycan xalqının belə qəhrəmanlıq tarixini bugünkü mübarizə üçün örnək sayırdı.
Azərbaycanın müstəqilliyinə sədaqət nümayiş etdirən, mənəviyyatca saf olan zabit kadrlarının hazırlanması üçün ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin yaradılmasına və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Məlumdur ki, hələ sovet dövründə Heydər Əliyev bu mühüm sahədə dəyərli işlər görmüşdü və milli hərbi kadrlar hazırlığı üçün qiymətli bir baza yaratmışdı. Ona görə də müstəqillik illərində hərbi təhsil bazasının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün əlverişli imkan mövcud idi. Ulu öndər Heydər Əliyev iştirak etdiyi tədbirlərdən birində Azərbaycanda Ali Hərbi Məktəbin, Ali Hərbi Təyyarəçilik Məktəbinin, Ali Hərbi Dənizçilik Məktəbinin, Hərbi Akademiyanın, müxtəlif təkmilləşdirmə kurslarının mövcudluğunu və onların milli hərbi kadrlar hazırlığı istiqamətindəki fəaliyyətini məmnunluqla qeyd edirdi. Onun sözlərinə görə, artıq formalaşmış olan hərbi təhsil sistemi Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün yeni zabitlər, müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayacaqdır ki, bu da Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafına kömək edəcəkdir.
Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda hərbi təhsil sisteminin inkişafına və möhkəmləndirilməsinə xüsusi diqqət yetirməsinin nəticəsi idi ki, atəşkəs dövründə mövcud olan hərbi təhsil sisteminin kifayət qədər təkmilləşdirilməsi üçün ciddi işlər görüldü. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qətiyyəti nəticəsində 1971-ci ildə əsası qoyulmuş Cəmşid Naxçıvanski adına xüsusi internat məktəbi 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır. Atəşkəs dövründə ulu öndər Heydər Əliyev dəfələrlə liseydə olmuş, orada hərbi təhsilin gedişi ilə maraqlanmışdı. 2003-cü ilin aprelində ulu öndər Heydər Əliyev liseyin təşkilinin 30 illiyinə həsr edilmiş təntənəli mərasimdə də iştirak etdi. Bu tipli tədris ocağının milli kadrların hazırlanması sahəsindəki əhəmiyyəti nəzərə alındığı üçün Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı təşkil edildi. 2004-cü ildə isə bu liseyin bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradıldı.
Sovet dövründən mövcud olan ali hərbi məktəblərin fəaliyyəti isə atəşkəs dövründə daha da təkmilləşdirildi. Hələ sovet dövründə zabit kadrların hazırlığının tanınmış məktəblərindən olan Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi Azərbaycanın müstəqilliyinin qazanılmasından sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi adlandırıldı. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli sərəncamı ilə bu məktəb Azərbaycan Ali Hərbi Məktəbi adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanı ilə məktəb indi Heydər Əliyevin adını daşıyır.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğunda irəli sürdüyü tələblərə onun bu istiqamətdəki təşkilatçılıq qabiliyyəti və işgüzarlığı nümunə idi. Məsələn, təkcə 1993-1998-ci illər ərzində ulu öndər Heydər Əliyev tərəfindən ordu quruculuğu məsələləri ilə bağlı müşavirə, iclas və görüş keçirilmişdi. Həmin tədbirlərdə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qarantı olacaq möhkəm ordu formalaşdırılmasının ən müxtəlif məsələləri və vəzifələri müzakirə edilmiş, əldə olunmuş qərarlar Müdafiə Nazirliyinin və digər müvafiq dövlət strukturlarının fəaliyyətinin əsasını təşkil etmişdi. Ordu quruculuğu məsələlərinə dövlət rəhbərliyinin qayğı və tələbkarlığının artırılması, bu istiqamətdə görülən işlərin sistemləşdirilməsi və təkmilləşdirilməsi Silahlı Qüvvələrin formalaşmasına da müsbət təsir göstərirdi.
Ulu öndər Heydər Əliyevin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu vəminlərlə hektar ərazi işğaldan azad edildi. Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Müasir ordu quruculuğunu xarakterizə edən, milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin vətənpərvərliyin ən qüdrətli mühafizəçisi kimi görürük.
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Azərbaycanın mədəniyyət inciləri olan muğamın, aşıq musiqisinin, xalçaların YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. Bundan əlavə, nadir təbiət nümunələrinin, arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin dövlət tərəfindən mühafizə edilməsi, muzeylərin yaradılması və təmir-bərpa işlərinin aparılması Azərbaycan milli-mədəni irsinin qorunmasında dövlətin gördüyü işlər sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".
Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır.
2 may 2024-cü il tarixində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş “ Heydər əliyev irsini öyrənirik” adlı tədbir keçirilib.Yubiley tədbirində cıxış edən Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri,İctimai xadim Muğan Əliyev cıxış edərək tədbir iştirakcılarını 9 may qələbə günü münasibətilə təbrik etdi və o qey edərək bildirdi ki,Dövlət gənclər siyasətindən,İdman siyasətindən tədbir iştirakcıların nəzərinə çatdırdı. Sonra o,qeyd etdiki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq","Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikrlərini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı. 2020-ci ildə ata vəsiyyətini həyata keçirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 gündə Qarabağı düşmən tapdağından azad etməsinin ulu öndərin təməlini qoyulduğu stradegiyanln təntənəsini adlandlrlrdl.
Bu gün Gənc vətənpərvərlər İB sədri,ictimai xadim olaraq deyə bilərəm ki, Ulu öndər Heydər Əliyevin cismən aramızda olmaması xalqımız üçün nə qədər ağırdırsa, İlham Əliyev kimi müdrik və bacarıqlı bir dövlət başçısının Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməsi ən böyük xoşbəxtlikdir. Çünki, Azərbaycanda hüquqi dövlətin banisi, ömrünün 40 ilə yaxın bir müddətini xalqımızın taleyi ilə sıx bağlayan Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin onun siyasi kursunun əzmkar davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz bu gün misli görünməyən sürətli inkişaf dinamikası əldə edərək regionun lider dövlətinə çevrilmişdir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada öncül ölkələrdən olmaqla əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır.
Müqamət Süleyman oğlu Əliyev (Muğan)
Gənc Vətənpərvərlər İctimai Birliyin (GVİB) sədri, ictimai xadim
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.