Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Kəmalə Ağazadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sığınacaqlarda yerləşdirilən uşaqların üz görünüşlərinin, məlumatlarının sosial şəbəkələrdə açıq şəkildə paylaşılmasının qanunsuz olmasına dair çağırışına münasibət bildirib.
K.Ağazadə Pravda.az-a açıqlamasında deyib ki, rəhbərlik etdiyi sığınacaqdakı uşaqların həyat hekayələri paylaşılmır.
O qeyd edib ki, sosial şəbəkə hesablarında tədbirlərdən şəkillər paylaşılır: “Uşaqların həyat hekayəsi ilə bağlı, ümumiyyətlə, heç bir paylaşımımız olmur. Bütün dünyada sığınacaqlar tədbirlərdən paylaşımlar edirlər. Söhbət konkret olaraq bizim sığınacaqdan gedirsə, bu, yanlış fikirdir. Hamıda paylaşımlar açıqdır. Uşaq müəssisələrində görüşlərdən o qədər şəkillər çəkilir ki... Məgər biz uşaqların ad və soyadları, həyat hekayələri ilə bağlı müzakirələr açırıq? Bu, mümkün deyil. Böyük yaşda - 16 yaşdan yuxarı olan qızların keyslərində hər birinin razılığı var ki, video kadrlara düşməsinə icazə verir, ya yox. Həmçinin valideynlərin də bizdə etibarnamələri var, orada da bu bənd əksini tapıb. Uşaqların həyat hekayələrini paylaşmadığımıza görə hər hansı qanun pozuntusu etmirik. Sırf bizim adımızı deyirlər, sağ olsunlar. Daha çox həmişə işləyən insanları hədəf götürürlər. Heç bir problem yoxdur. Qanunvericiliklə bağlı nələrdəsə yanlışımız varsa, çalışacağıq ki, düzəldək. Uşaqlarımızın problemlərini də paylaşmırıq. Ağlayan "smayliklər" qoysaq, qida, ərzaq istəməyimizlə bağlı paylaşım etsək, daha çox xoş olacaq? Biz ailə modelini göstəririk ki, ailələrdə uşaqlar bu cür həyat tərzi sürsələr, diqqətlə, qayğı ilə əhatə olunsalar, heç bir ailə modelimiz dağılmaz. Ailə modellərini təbliğ edirik, qanun pozmuruq. Sıfr öz qəyyumluğumda olan uşaqlarla bağlı paylaşımlar edirəm. Bizim sığınacaqda o qədər cinayət tərkibli işləri olan uşaqlar var ki, onları, heç vaxt göstərmirik. Hətta üzlərinin belə kameraya düşməməsi üçün tədbirlərdə tamam kənar yerdə dayanırlar”.
Aytəkin Qardaşova