AZ

Xaricdə təhsil hər zaman üstünlük deyil - "Diplom hər qapını açmır"

Müasir dövrdə bir çox gənc daha yaxşı karyera imkanları əldə etmək üçün xaricdə təhsilə üstünlük verir. Qloballaşan dünyada beynəlxalq təhsil almaq cəlbedici görünsə də, bu seçim hər zaman uğur vəd etmir.

Bu baxımdan maraq doğuran əsas sual budur: xaricdə təhsil həmişə uğurlu karyera təmin edirmi, yoxsa bəzi hallarda yerli təhsillə də eyni, hətta daha yaxşı nəticə əldə etmək mümkündür?

Mövzu ilə bağlı AzEdu.az-a fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov açıqlama verib.

O qeyd edib ki, Qərb universitetlərində təhsil tələbəyə təqlid edən deyil, yaradan mütəxəssis mentaliteti aşılayır:

178981

"İlk növbədə xaricdə təhsilin karyera inkişafına təsirini bir neçə kontekstdə təhlil edək. Məsələyə insan kapitalı nəzəriyyəsi və müasir əmək bazarı prizmasından yanaşdıqda mənzərə daha aydın görünür. Xaricdə təhsilin karyera inkişafına təsirini şərtləndirən əsas strateji üstünlüklərə toxunmaq olar.

Kifayət qədər ciddi beynəlxalq akkreditasiyalara malik universitetlər, eləcə də beynəlxalq reytinq cədvəllərində öndə gedən top universitetlər tələbəyə qlobal korporasiyaların “dilində” danışmağı öyrədir. Əmək bazarının yüksək tələblərinə cavab vermək, şirkətlərin gözləntilərinə uyğun düşünmək və işləmək bacarığı formalaşdırır. Bu isə təkcə texniki biliklərlə məhdudlaşmır, daha çox iş proseslərinin beynəlxalq standartlara uyğun şəkildə idarə edilməsi bacarığını əhatə edir.

Digər tərəfdən, qlobal şirkətlər üçün bu, sadəcə xarici dil bilmək və ya nüfuzlu universitetlərdə oxuyub fərqlənmək deyil, eyni zamanda müxtəlif mentalitetə malik komandalarda kommunikasiya qurmaq, prosesləri idarə etmək və ortaq dil tapmaq bacarığıdır. Xaricdə təhsil bu kompetensiyanı süni şəkildə yox, daha çox təbii yolla formalaşdırır. Eyni zamanda, xüsusilə Qərb universitetlərində təhsil sadəcə mühazirə dinləmək deyil, laboratoriyalarda real layihələrin bir parçası olmaqdır. Bu isə tələbəyə təqlid edən deyil, yaradan mütəxəssis mentaliteti aşılayır".

Xüsusilə hüquqşünaslıq kimi ixtisaslarda bir çox hallarda Azərbaycan universitetində oxumaq daha uyğun imkanlar vəd edə bilər:

“Üstünlüklər, təbii ki, hər ölkədə eyni dərəcədə effektiv deyil. Məsələn, Almaniya, Amerika Birləşmiş Ştatları, İsveçrə kimi ölkələrdə fənlərarası, multi, inter və transdisiplinar yanaşmalar üzərində qurulan təhsil sənaye ilə birbaşa inteqrasiya olunduğu üçün yerli təhsildən kəskin şəkildə üstün ola bilir. Burada əsas üstünlüklərdən biri də geniş təcrübə imkanlarıdır. Söhbət xüsusilə mühəndislik və texnoloji ixtisaslardan gedir.

Amma humanitar və sosial elmlərdə vəziyyət bir qədər fərqlidir. Bu sahədə xaricdə təhsil daha çox analitik təfəkkür və tənqidi yanaşma üzərində qurulur. Lakin bu ixtisas sahibləri üçün yerli bazarda karyera qurmaq baxımından yerli konteksti bilmək bəzən daha kritik rol oynayır. Bu mənada, xüsusilə hüquqşünaslıq kimi ixtisaslarda bir çox hallarda Azərbaycan universitetində oxumaq daha uyğun imkanlar da vəd edə bilər. Çünki tələbə yerli qanunvericiliyi daha dərindən mənimsəyir və eyni zamanda onun tələblərinə uyğun şəkildə daha vacib kadr kimi özünü reallaşdıra bilir.

Tutaq ki, biznes, iqtisadiyyat, maliyyə ixtisasları üzrə London, Nyu-York və ya Sinqapur kimi maliyyə mərkəzlərində təhsil almaq həmin bazara ən yaxın nöqtədə olmaq şansı verir. Burada universitetin adı belə işə qəbul prosesində həlledici rol oynayır".

Xaricdə təhsil hər zaman üstünlük yaratmır, bu, daha çox insan kapitalının necə formalaşmasından və əmək bazarının tələblərinə nə dərəcədə uyğunlaşmaqdan asılıdır:

“Xaricdə təhsil hər zaman üstünlük təmin etmir. Bu üstünlüyü müəyyən edən faktorlar arasında yerli universitetlərin və yerli təhsilin daha effektiv ola biləcəyi məqamları nəzərə alsaq, burada nostrifikasiya və hüquqi maneələr ön plana çıxır. Məsələn, tibb, hüquq və memarlıq kimi lisenziya tələb edən sahələrdə xarici diplomun yerli qanunvericiliklə uyğunlaşdırılması bəzən karyeranı ləngidə bilər.

Eyni zamanda, bir çox yerli sənaye sahələrində işə qəbul şəxsi tövsiyələr və ya universitetlərin yerli şirkətlərlə birbaşa əməkdaşlığı üzərində qurulur. Xaricdən qayıdan gənc isə bu qapalı ekosistemə daxil olmaqda çətinlik çəkə bilər. Həmçinin, həddindən artıq ixtisaslaşma da bəzən problem yaradır. Bəzi hallarda xaricdə əldə edilən çox dar və ya yüksək texnoloji ixtisas üzrə yerli bazarda müvafiq iş yeri və ya infrastruktur olmur. Bu halda mütəxəssis iş tapmaq üçün məcburən xaricə yönəlmək durumunda qalır.

Ümumilikdə, mən hesab edirəm ki, nəticəni təmin edən amillər üzərində də düşünmək vacibdir və bu məqamlara diqqət yetirilsə, daha peşəkar və əsaslandırılmış fikir formalaşdırmaq olar. Bəzən təkcə nəzəriyyə deyil, bazara nə dərəcədə yaxın olmaq da çox önəmlidir. Universitetin sənaye ilə əlaqəsi məsələsi burada özünü xüsusilə göstərir".

Tələbə xaricdə yalnız dərslərlə kifayətlənirsə, sosiallaşmırsa, onun diplomu yerli diplomdan çox da fərqlənməyəcək:

“Digər tərəfdən, diplomun arxasında “mən filan universiteti bitirmişəm” deməklə kifayətlənməyib, xaricdə təhsil aldığı dövrdə tələbənin iş təcrübəsi toplaması da çox önəmlidir. Tələbənin xaricdə qazandığı bilikləri yerli bazara necə adaptasiya edəcəyini əvvəlcədən planlaşdırması da vacibdir.

Bu mənada, əslində mən xaricdə təhsilin tərəfdarıyam, amma düşünürəm ki, tələbə xaricdə yalnız dərslərlə kifayətlənirsə, sosiallaşmırsa, onun diplomu yerli diplomdan çox da fərqlənməyəcək. Lakin söhbət ondan gedir ki, biz top universitetlərdən danışırıqsa, təbii ki, birmənalı olaraq o fikirdəyəm və hər zaman da olmuşam ki, top universitetdə təhsil almaq karyera üçün böyük imkanlar yaratmaq deməkdir, yəni karyera üçün əvvəlcədən qoyulmuş bir investisiyadır.

Bu mənada yenə də qeyd etmək istəyirəm ki, hansı xarici universitetdə və harada oxumaq çox önəmlidir. Gənclər ölkə və ixtisas seçiminə ciddi yanaşmalıdırlar. Məsələn, Gürcüstanda və Ukraynada akkreditasiyası olmayan universitetlər var. Belə yerlərdə oxuyub sonra “diplom gətirmişəm” demək kifayət deyil. Əgər həmin diplom ölkədə tanınmırsa, bu təhsil sayılmır. Söhbət ciddi təhsildən gedirsə, təbii ki, xaricdə təhsilin birmənalı üstünlükləri var və bu, danılmazdır".

Seçilən
18
1
azedu.az

2Mənbələr