İran ilə ABŞ–İsrail xətti arasında davam edən gərginlik həm qapalı diplomatik danışıqlar, həm də Hörmüz boğazındakı hərbi hərəkətlilik fonunda yeni mərhələyə keçib. Yaxın Şərqdə vəziyyət bir tərəfdən siyasi razılaşmalar, digər tərəfdən isə qarşılıqlı təhdidlər fonunda qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi üçün həlledici amilə çevrilir.
İranın təqdim etdiyi 14 maddəlik yeni təkliflə ABŞ-ın Hörmüz boğazında başladığı “Azadlıq Layihəsi” adlı hərbi əməliyyat regionda vəziyyəti daha da mürəkkəbləşdirir. Vaşinqtonun ticarət axınını qorumaq məqsədilə atdığı addımlar bazarlarda qismən sabitlik yaratsa da, Tehranın sərt reaksiyası və aviasiya sektorundan gələn iflas xəbərləri böhranın iqtisadi nəticələrinin dərinləşdiyini göstərir.
Diplomatik təmaslar: Pakistan vasitəçi rolunda
Tehran və Vaşinqton arasında gərginliyin azaldılması üçün Pakistan üzərindən aparılan diplomatik danışıqlar intensivləşib. İran böhranın həlli və nüvə danışıqlarına qayıdış məqsədilə ABŞ-a 14 maddəlik təklif təqdim edib.
ABŞ prezidenti Donald Trump sənədin alındığını təsdiqləsə də, onun hələlik qəbul edilə bilən səviyyədə olmadığını bildirib. Təklifdə Hörmüz boğazındakı blokadanın aradan qaldırılması və sanksiyaların yumşaldılması qarşılığında nüvə danışıqları üçün konkret təqvimin müəyyənləşdirilməsi kimi mühüm bəndlər yer alır.
ABŞ administrasiyası isə İranın hələ “kifayət qədər güzəştə getmədiyini” düşünərək ehtiyatlı mövqe sərgiləyir. İran Xarici İşlər Nazirliyi isə qərarın Vaşinqtondan asılı olduğunu vurğulayır.
Hörmüzdə hərbi gərginlik artır
Diplomatik səylərə baxmayaraq, Hörmüz boğazında vəziyyət getdikcə daha çox hərbi qarşıdurma xarakteri alır. ABŞ Mərkəzi Komandanlığı – CENTCOM – “Azadlıq Layihəsi” əməliyyatının başladığını açıqlayıb.
Təxminən 15 min hərbçi və 100-ə yaxın dəniz və quru vasitəsinin iştirak etdiyi əməliyyatın məqsədi bölgədə qalan neytral ölkə gəmilərinin təhlükəsiz keçidini təmin etməkdir.
İran isə bu addımı atəşkəsin pozulması kimi qiymətləndirir. İran İnqilab Keşikçiləri Korpusu ABŞ qüvvələrinin bölgəyə yaxınlaşacağı təqdirdə hədəf alınacağını bəyan edib.
Neft bazarında yeni reallıq
Bazarlar ABŞ-ın addımını enerji təchizatı baxımından müsbət qiymətləndirərək həftəyə artımla başlayıb. Analitiklər bildirir ki, artıq bazarda neftin keyfiyyətindən çox, ona çıxış imkanları qiymətə təsir edir.
Brent markalı neftin qiyməti ötən həftə 112 dollara qədər yüksəlsə də, risklərin qismən azalması ilə 106–108 dollar aralığına enib. OPEC+ ölkələrinin hasilatı artırmaq qərarı da qiymətlərin düşməsinə təsir edib.
Qızıl bazarında isə qeyri-müəyyənlik davam edir. Təhlükəsiz liman kimi qızıl yüksək tələbat görməkdə davam edir.
Aviasiya sektorunda ilk iflas
Böhranın iqtisadi təsirləri aviasiya sektorunda da özünü göstərməyə başlayıb. ABŞ-ın Spirit Airlines şirkəti artan yanacaq xərcləri səbəbindən iflas elan edib. Şirkətin fəaliyyətini dayandırması nəticəsində minlərlə insan işsiz qalıb.
Mütəxəssislər hesab edir ki, bu hal aviabiletlərin bahalaşmasına və sektorda birləşmələrin artmasına səbəb ola bilər.
Mərkəzi banklar narahatdır
Qlobal maliyyə institutları vəziyyəti diqqətlə izləyir. ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Jerome Powell və Avropa Mərkəzi Bankının prezidenti Christine Lagarde enerji böhranının inflyasiyanı yenidən sürətləndirə biləcəyi və iqtisadiyyatları stagflyasiya riskinə yaxınlaşdıra biləcəyi barədə xəbərdarlıq ediblər.
Bu səbəbdən faiz endirimi ilə bağlı gözləntilər də təxirə salınır.
Nərgiz,
Sitat.info