AZ

COP29 dan WUF13 ə: qlobal təşəbbüslər, faydalı dialoqlar məkanı Azərbaycan məqalə

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Naxçıvan, 4 may, AZƏRTAC

Azərbaycanın beynəlxalq miqyasda yüksələn siyasi nüfuzu və zəngin təcrübəsi ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə öz real təsdiqini tapır. Ölkənin elmi, mədəni və ictimai-siyasi tarixinə mühüm nailiyyətlər kimi həkk olunan bu tədbirlər Cənubi Qafqazın lider dövlətinin həm də qlobal təşəbbüslər və strateji dialoqlar məkanına çevrilməsini şərtləndirir. Bu, Azərbaycanın yeni dünya düzəninin formalaşmasında artan rolunun bariz göstəricisidir. Bu qlobal nüfuzun ən parlaq nümunələri sırasında 2024-cü ilin noyabrında Bakıda 196 ölkədən 72 min iştirakçının və 80 dövlət liderinin təmsilçiliyi ilə keçirilən, mühüm qərarların qəbul olunduğu COP29 konfransını xüsusi qeyd etmək olar. Azərbaycanın daxili və xarici siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin, eləcə də ölkə diplomatiyasının qazandığı müsbət imicin növbəti göstəricisi isə 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) ev sahibliyi statusunun qazanılmasıdır.

WUF13 Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi zəngin təcrübənin geniş ictimaiyyətə tanıdılması, habelə qədimliklə müasirliyin vəhdətindən doğan unikal mədəniyyətimizin və memarlığımızın təbliği baxımından tarixi hadisə kimi yadda qalacaq. Forum, eyni zamanda, respublikamızın ümumdünya urbanizasiya proseslərində iştirak imkanlarının genişləndiyini və bu sahədə etibarlı tərəfdaş kimi böyük etimad qazandığını nümayiş etdirir.

Azərbaycan qlobal şəhərsalma mərkəzinə çevriləcək

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən 2001-ci ildə təsis olunan Ümumdünya Şəhərsalma Forumu (WUF) hazırda dayanıqlı şəhər inkişafı sahəsində dünyanın ən nüfuzlu qlobal platforması hesab edilir. Forumun əsas məqsədi sürətli urbanizasiya proseslərinin getdiyi müasir dünyada şəhərlərin sosial, iqtisadi və ekoloji baxımdan davamlı inkişafını müzakirə etmək, dövlətlər arasında təcrübə və ideya mübadiləsinə şərait yaratmaqdır. İndiyədək Nayrobi, Barselona, Rio-de-Janeyro, Kuala-Lumpur və Əbu-Dabi kimi şəhərlərin ev sahibliyi etdiyi bu mötəbər tədbir urbanizasiyanın müxtəlif aspektləri ilə məşğul olan minlərlə iştirakçıya şəhərlərin planlaşdırılması və idarə edilməsi sahəsində biliklərini bölüşmək üçün əlverişli imkanlar təqdim edir.

Bu amillər fonunda Bakıda keçiriləcək WUF13-ün çoxsaylı tədbirləri vasitəsilə yeni qlobal çağırışların müzakirəsinə vəsilə olacağını və beynəlxalq tərəfdaşlıqlar üçün münbit zəmin hazırlayacağını əminliklə söyləmək olar. Forum çərçivəsində müxtəlif ölkələrdən dövlət rəsmiləri, qeyri-hökumət təşkilatları, sahə mütəxəssisləri, ekspertlər və özəl sektor nümayəndələri bir araya gələrək geniş fikir mübadiləsi aparacaq, yeni bilik və təcrübələrə yiyələnəcəklər. Ümumdünya Şəhərsalma Forumu şəhərsalma sahəsində innovativ ideyaları ortaya çıxarmaqla yanaşı, respublikamızın dinamik inkişaf edən iqtisadi sahələrinə xarici sərmayələrin cəlbi və turizm sektorunun tərəqqisi üçün geniş perspektivlər də vəd edir.

Azərbaycanın şəhərsalma modeli dünya üçün nümunədir

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və Tədbirlər Planının təsdiq olunması da bu sahədə fəaliyyətin konsepsiya əsasında qurulmasına və beləliklə də, WUF13-ün yüksək səviyyədə təşkilinə imkan verəcək mühüm amildir. Bu qərar, eyni zamanda, ölkədə şəhərsalma siyasətinin sistemli şəkildə inkişafına, memarlıq irsinin qorunmasına, müasir urbanizasiya çağırışlarına uyğun yeni yanaşmaların tətbiqinə geniş imkanlar yaradır. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçiriləcək layihələr Azərbaycanın şəhərlərinin daha dayanıqlı, funksional və estetik baxımdan müasir standartlara uyğun inkişafını sürətləndirəcək, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün əlverişli platforma formalaşdıracaq. Bu, həm də ölkəmizin şəhər planlaşdırılması sahəsində qazandığı təcrübənin sistemləşdirilməsi və qlobal urbanizasiya proseslərinə daha fəal inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.

WUF13 çərçivəsində beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olacaq ən vacib məqamlardan biri, şübhəsiz ki, ölkəmizdə şəhərsalma sahəsində qazanılan uğurlu təcrübə və şəhər quruculuğu prosesində tarixlə müasirliyin harmonik vəhdətidir. Azərbaycana səfər edən rəsmi şəxslər və turistlər Bakı, Naxçıvan, Gəncə kimi şəhərlərimizin timsalında bu inkişafı illərdir yüksək qiymətləndirirlər.

Bu baxımdan, 30 il ərzində işğalçılıq siyasətinə və vandalizmə məruz qalmış Qarabağ və Şərqi Zəngəzur torpaqlarının müasir yanaşma ilə bərpası xüsusi əhəmiyyət kəsb edir. Regionun ekoloji cəhətdən təmiz, texnolojı baxımdan ən inkişaf etmiş metodlar, o cümlədən “yaşıl enerji”, “sıfır tullantı”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulması beynəlxalq layihə institutları, habelə BMT-nin Məskunlaşma Proqramının rəhbərliyi tərəfindən rəğbətlə qarşılanır. Məcburi köçkünlərin qayıdışı üçün icra olunan ilk pilot layihə — Zəngilanın Ağalı kəndi bu gün dünyanın ən müasir yaşayış məskənlərindən biri kimi nümunə göstərilir. Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində aparılan bərpa və yenidənqurma işlərində ən təqdirəlayiq məqamlardan biri müasirləşmə ilə yanaşı, qədimliyin də qorunub saxlanılmasıdır. Azad edilmiş şəhərlərin Baş planları ərazinin tarixi-memarlıq irsi və çoxəsrlik mədəni dəyərləri nəzərə alınmaqla tərtib edilir. Bütün bunlar WUF13 platformasında Azərbaycanın təkcə enerji ixracatçısı kimi deyil, həm də dayanıqlı inkişaf və müasir şəhərsalma modellərini uğurla tətbiq edən ölkə kimi rəğbət qazandığını bir daha göstərir.

WUF13-ə aparan uğurlu yol

BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı sayəsində ölkəmiz artıq üç mühüm foruma uğurla ev sahibliyi edib. Digər strateji sahələrdə olduğu kimi, şəhərsalma istiqamətində də beynəlxalq tədbirlərin keçirilməsi baxımından respublikamız zəngin təcrübə qazanıb. Belə ki, 2022-ci ildə Ağdamda, 2023-cü ildə Zəngilanda və 2025-ci ildə Xankəndidə təşkil olunan Azərbaycan Milli Şəhərsalma forumları dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin təcrübə mübadiləsi və dayanıqlı inkişaf naminə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün uğurlu platformaya çevrilib. Dünyanın tanınmış layihə rəhbərlərini və nüfuzlu qonaqları bir araya gətirən həmin tədbirlərin məhz işğaldan azad edilmiş ərazilərdə keçirilməsi böyük rəmzi məna daşıyır. Bu, uzun illər şəhərləri dağıdılan, viran edilən və ərazisində qanunsuz məskunlaşma siyasəti aparılan Azərbaycanın beynəlxalq ictimaiyyətə ünvanladığı ədalət mesajı idi. Xüsusilə Xankəndi forumu həm təşkilatçılıq səviyyəsi, həm də strateji əhəmiyyəti baxımından WUF13-ə gedən yolda mühüm və tarixi bir mərhələ kimi qiymətləndirilir.

Azərbaycanın qazandığı zəngin təşkilatçılıq təcrübəsi deməyə əsas verir ki, paytaxt Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi edəcək. COP29 konfransı bir daha sübut etdi ki, Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda Azərbaycan etibarlı tərəfdaş və məsuliyyətli ev sahibi kimi qlobal məsələlərin həllində nəticəyönümlü fəaliyyət nümayiş etdirir. Bu baxımdan, WUF13-ü beynəlxalq ictimaiyyətin respublikamıza artan etimadının göstəricisi və COP29-un məntiqi davamı kimi dəyərləndirmək olar. Həm COP29, həm də WUF13 ölkəmizin artıq təkcə regional deyil, həm də qlobal əhəmiyyətli problemlərin müzakirə olunduğu mühüm dialoq məkanına çevrildiyini və bu prosesin davamlı xarakter aldığını bir daha təsdiqləyir.

Əminliklə qeyd etmək olar ki, WUF13 qədim və zəngin şəhərsalma ənənələrinə malik olan Azərbaycanın bu sahədəki geniş potensialını beynəlxalq müstəvidə növbəti dəfə nümayiş etdirəcək. Bu mühüm tədbir müasir dövrün çağırışlarına cavab verən innovativ tikinti və bərpa layihələrinin təşviqinə təkan verməklə yanaşı, davamlı inkişaf prinsiplərinə söykənən yeni yanaşmaların formalaşmasına şərait yaradacaq. Eyni zamanda, forum Azərbaycanın qurub-yaratmaq fəlsəfəsini ön plana çıxaracaq. Beləliklə, WUF13 şəhərsalma sahəsində sülh, qarşılıqlı anlaşma və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edən uğurlu platforma kimi tarixə düşəcək.

Müxbir - Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
2
azertag.az

3Mənbələr