AZ

QAFQAZDA SÜLH AVROPANI DA BÖLGƏDƏN QOVUR AZAL təyyarəsi, İran dronları, indi də Avropa qətnaməsi...

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dildə sülhdən danışsalar da, Qafqaza soxulmuş güclər bölgədə yenidən idarə olunan konfliktlər dövrünə qaytarmaqda maraqlıdırlar.

Namiq Bilal

Avropa Parlamenti Azərbaycana qarşı növbəti qətnamə qəbul etdi. Qətnamədə qeyd edilir ki, Qarabağı tərk etmişermənilər geri qaytarılsın, “erməni irsi” qorunsun, Bakı həbsxanalarındakı separatçı erməni cinayətkarlar dərhal azad edilsin və s. . Düzdür, qətnamədə ˝sülhü alqışlayırıq˝, ˝ərazi bötövlüyü toxunulmazdır˝ və bu kimi gəlişi gözəl mənasız çağırışlar da var. Avropalılar həmin çağırışları otuz il durmadan təkrarlayıblar, əməldə isə erməni işğalını dəstəkləyən bütün addımları atıblar.

Bir maraqlı məqama diqqət yetirək. Avropalıların, rusların və farsların fundamental maraqları əksər sahələrdə daban-dabana ziddir. Ukrayna münaqişəsində Avropa Rusiya ilə faktiki müharibədədir. İran məsələsində də Avropa anti-İran cəbhəsində, Rusiya isə İranın yanında yer alır. Amma mövzu Türkiyə və ya Azərbaycan olunca, əbədi düşmənlər bütün ziddiyyətləri arxa plana ötürüb birləşirlər. Avropalıları, rusları, farsları və hətta çinliləri bir araya gərirən ana strateji maraq anti- türk mövqeyidir.

Həm Azərbaycan, həm də Türkiyə Cümhuriyyəti qonşularla münasibətlərdə bu reallığı hər zaman diqqət mərkəzində saxlamaq zorundadırlar. Belə durumlarda dövlətlər ˝təmkin, yoxsa təpki˝ kimi çətin seçim qarşısında qalırlar.

Son illərin təcrübəsi bir məqamı aydın şəkildə nümayiş etdirir. Dövlətlər arası münasibətlərdə nə ədalət, nə hüquq, nə də mənəvi dəyərlər keçərli deyil. Keçərli olan yalnız güc və təpki vermək iradəsidir. Azərbaycan da öz boyuna və gücünə adekvat şəkildə üzərinə yeriyən təzyiqlərə təpki ilə cavab verir.

Rusiya AZAL-ın təyyarəsini vurdu. Azərbaycan son dərəcə sərt təpki verdi, mövqeyindən geri addım atmadı. Sonunda Rusiya kimi dünya hegemonu rəsmi Bakının haqlı mövqeyini qəbul etmək məcburiyyətində qaldı.

İrandan Naxçıvana dron hücumu edildi. Azərbaycan yenə sərt ətpki verdi, üstəlik İranla quru sərhədlərini iki günlük bağladı. İran ˝dronu biz atmadıq˝ deyib məsələnin araşdırılacağını bəyan etmək zorunda qaldı.

Azərbaycanın həm Rusiyaya, həm də İrana verdiyi təpki hansısa emosional atılım deyil. Bu sərt təpkilərin arxasında qarşılıqlı maraqlara əsaslanan dərin hesab dayanır. Azərbaycan həm Rusiya, həm də İran üçün vazkeçilməz tərəfdaşdır. Rəsmi Bakı bu vazkeçilməzliyin sərhədlərini dəqiq hesablaya bilir və təpkisinin dozunu həmin sərhədlərin tam dibinə qədər artırır.

İndi də Avropa Parlamenti erməni qətnaməsini ortalığa atdı. Üstəlik, yaranmış yeni reallıqları nəzərə almadan. Bugünkü vəziyyət bir neçə il əvvəlkindən tam fərqlidir. Azərbaycan ərazi bütövlüyünü hərbi yolla təmin edib, Bakı öz gücünün sərhədlərini gözəl hesablayır. Avropa da əvvəlki kimi nəhang geopolitik güc mərkəzi deyil.

Yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq münasibətlərdəki ana şərtlərdən biri, bəlkə də birincisi, kimin kim üçün daha vazkeçilməz tərəfdaş olmasıdır. Bu gün Azərbaycan Avropa üçün qat-qat daha önəmlidir, nəinki Avropa Azərbaycan üçün. Ukrayna müharibəsi və Körfəz böhranı Avropanın enerji damarlarını ölümünə sıxır.

Azərbaycan həm özü enerji mənbəyidir, həm də Mərkəzi Asiya enerjidaçıyıcılarının Avropaya ötürülməsi üçün əsas güzərgahdır. Və belə kritik məqamda Avropa Parlamenti Azərbaycanı qarçısına alan qətnamə çıxarır.

Son dərəcə məniqsiz görünən bu qətnamənin meydana çıxma səbəbini araşdırmağa çalışaq.

Cənubi Qafqaz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri üçün tək keçid yoludur. Bu regionda Avropanın, ABŞ-nin, Rusiyanın, Çinin və İranın həyati dərəcədə önəmli maraqları var.

Acınacaqlı haldır ki, adları çəkilən güclər Cənubi Qfqaza yaradıcı-qurucu lalihələrlə deyil, millətlər arası konfliktləri körükləmək və yönəltmək yolu ilə giriblər. Bölgənin ən qanlı konflikti olan Ermənistan-Azərbaycan qarşıdurması yekunlaşıb. Nəticədə Qafqaza soxulmuş güclər oyundankənar vəziyyətdə qalıblar. Dildə sülhdən danışsalar da, yuxarıda adları çəkilən güclərin hamısı Cənubi Qafazı yenidən idarə olunan konfliktlər dövrünə qaytarmaqda maraqlıdırlar.

Azərbaycana təsir imkanları yoxdur. Qalır Ermənistan tərəfi. Həm Rusiyanın, həm də Avropanın Ermənistan və Qarabağ faktoru ilə bağlı fəaliyyətlərindəki sinxronluğa diqqət yetirək. Hər iki tərəf Qarabağı tərk etmiş ermənilərin yenidən ölkəmizə qaytarılmasından danışır, erməni milli hissiyatını anti Azərbaycan ovqatına kökləyirlər.

Dövlətlər öz siyasətlərini üç il-beş il üçün deyil, daha böyük zamanlar üçün qururlar. Rusların və avropalıların bu günkü Qarabağ canfəşanlığının mahiyyəti də erməni və türk milli kimliklərinin barışmasını maksimum əngəlləmək, və gələcəkdə, daha uyğun şəraitdə Cənubi Qafqazı yenidən alovlandırmaqdır. Rəsmi Bakı heç şübhəsiz bu senarini görür və Avropaya ˝Avropa Parlamenti˝ təpkisini yetərincə sərt formada verir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
azpolitika.info

1Mənbələr