AZ

“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...”

“Küsüb kənarda dayanmaqla bir iş görmək olmaz... İşləmək lazım idi...
 
“Bu günədək yalnız parlament deyil, həm də hakim partiya başda olmaqla digər siyasi partiyalar da Avropa Parlamenti ilə işləməli idi. Bunlar edilmədiyi üçün həmin qurumun qərarlarına bizim heç bir təsirimiz olmayıb...”
 
“Əslində hər bir dövlət nə qədər beynəlxalq strukturlar varsa, hamısında təmsil olunmalı və onlara təsir imkanları axtarmalıdır...”
 
“AMİP-in Avropa Parlamentində təmsil olunan partiyalarla əlaqələri, əməkdaşlığı mövcuddur...”
 
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram.
Küsüb kənarda dayanmaqla bir iş görmək olmaz. Avropa Parlamenti ilə işləmək lazım idi. O qurumda çox müxtəlif fraksiyalar, çox müxtəlif partiyalar fəlaiyyət göstərir.  Və onların arasından bizə münasib, bizə uyğun olan qruplarla əməkdaşlıq etməliydik, yaxınlaşmalıydıq.  Təəssüf ki, indiyədək bunlar baş verməyib. Halbuki bu günədək yalnız parlament deyil, həm də hakim partiya başda olmaqla digər siyasi partiyalar da Avropa Parlamenti ilə işləməli idi. Bunlar edilmədiyi üçün həmin qurumun qərarlarına bizim heç bir təsirimiz olmayıb. Deyilənləri ona görə etməliydik ki, Azərbaycan əleyhinə danışan çox olsa da, heç olmasa bir neçə nəfər də bizim lehimizə danışsın. Bu günə qədər belə bir şey görməmişəm”. 
 
Azərbaycan Milli İstiqlal Partiyasının  fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov bu fikirləri Moderator.az-a açıqlamasında “Azərbaycan parlamentinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması ilə bağlı qərarına sizin münasibətiniz necədir?” sualını cavablandırarkən dilə gətirib.
 
“Sözsüz ki, Azərbaycanın Avropanın daha bir qurumundan uzaq düşməsi(bundan əvvəl- 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətimiz dondurulub) Rusiya hakimiyyətinin də ürəyincədir?” sualına siyasətçi belə cavab verib:
 
“Əlbəttə. Əslində hər bir dövlət nə qədər beynəlxalq strukturlar varsa, hamısında təmsil olunmalı və onlara təsir imkanları axtarmalıdır. Bu həmin dövlətin siyasi təşkilatları və diplomatik korpusunun vəzifəsidir...”
 
“Milli İstiqlal Partiyasının son illər Avropa Parlamenti ilə əlaqələri olubmu?” sualını isə fəxri partiya lideri belə cavablandırıb:
 
“Bəli, həmin qurumda təmsil olunan partiyalarla əlaqələr, əməkdaşlıq mövcuddur. Sadəcə Milli İstiqlal Partiyası uzun illər parlamentdə təmsil olunmadığı üçün həmin strukturlarda rəsmi olaraq iştirak edə bilmirdik. Son bir ildə yeni-yeni əlaqələr yaranmağa başlayıb. Əvvəldən əlaqə imkanları daha çox idi, təəssüf ki, dediyim səbəbdən onların heç birindən istifadə olunmayıb...”
 
Sultan Laçın 
 
Seçilən
15
1
moderator.az

2Mənbələr