Bakı, 4 may, AZƏRTAC
Son dövrlərdə Avropa ölkələrinin Azərbaycana artan marağı müşahidə olunur ki, bu da yüksək səviyyəli qarşılıqlı səfərlərdə aydın şəkildə özünü göstərir. Bu maraq Azərbaycanın regionda və qlobal miqyasda sabit, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi ilə əlaqədardır. Ölkəmiz nəyinki regionda, həm də dünyada ən sabit ölkələrdən sayılır.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.
Onun sözlərinə görə, qeyd olunan sabitlik təkcə siyasi cəhətdən deyil, iqtisadi və maliyyə tərəfdən də hakim xarakter daşıyır.
“Bundan əlavə, sözsüz ki, diqqəti və marağı cəlb edən həm də ölkəmizin sahib olduğu enerji resurslarıdır. O cümlədən, bu sahədə malik olduğumuz müvafiq infrastruktur və sənayedir. Dünənə qədər Azərbaycanda kifayət qədər qaz yoxdur, neft yoxdur və digər resurslar yoxdur deyənlər, qapımızda növbəyə düzülüblər. Ümumiyyətlə, Avropa ölkələri ilk növbədə neftə və qaza görə Bakıya yaxınlaşmaqdadırlar. Bunu son günlər ərzində Latviya və Çexiyanın hökumət və dövlət başçılarının Qəbələyə səfərləri də sübut etdi.
Azərbaycanın Çexiya ilə cari ilin ilk rübü ərzində ixrac və idxal əməliyyatları müvafiq olaraq 185 563,70 min və 10 149,08 min dollar təşkil edib. Eyni göstəricilər üzrə Latviya ilə əməliyyatlar 1 804,25 min və 4 278,85 min dollara bərabər olub. Ölkəmizin həm Latviya, həm də Çexiya ilə münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Məsələn, Azərbaycan ilə Latviya arasındakı münasibətlər 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə əsaslanır. Rəqəmlərdən də göründüyü kimi, adıçəkilən ölkəylə qarşılıqlı ticrət əlaqələrimizdə biz mənfi saldoya sahibik. Bu faktın özü Latviyanın ölkəmiz üçün nə dərəcədə əhəmiyyət daşıdığını konkret olaraq üzə çıxardır. Lakin mövcud potensialdan hələ tam istifadə olunmur və bunun üçün çox işlər görmək tələb olunur. Məsələn, ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı çox böyük fürsətlər var. Həmçinin müdafiə sənayesi sahəsində iki ölkə arasında bir neçə istiqamətdə uğurlu addımlar atmaq mümkündür. Ümumiyyətlə götürdükdə isə Latviya ilə əlaqələr - sürətli və genişmiqyaslı investisiya ölkəmizdə qeyri-neft sektorunda yüksək nəticələr əldə etmək deməkdir. Və buna mütləq nail olunmalıdır”, - deyə Pərviz Heydərov vurğulayıb.
Ekspert Azərbaycan-Çexiya əlaqələrini şərh edərək bildirib ki, ölkələrimiz ilə əlaqələr həm enerji təhlükəsizliyi, həm də hərbi-texniki əməkdaşlıq baxımından əhəmiyyət daşıyır: “Ötən ayın 27-də Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana (Qəbələyə) səfəri çərçivəsində iqtisadi, enerji və sənaye sahələrində əməkdaşlıq müzakirə olundu. Yeri gəlmişkən, ölkəmiz Çexiyanın xam neftə olan ehtiyacının böyük hissəsini təmin edən əsas təchizatçılardandır. İdxalının 42 faizi Azərbaycan hesabına təmin olunur. Eyni zamanda, Çexiya Azərbaycandan hər il təxminən 2 milyard kubmetr təbii qaz almaq istəyir ki, bu həcm sözügedən illik qaz tələbatının əhəmiyyətli hissəsini təşkil edir. Baş nazir Andrey Babiş bu sahədə Azərbaycanla 10-15 illik uzunmüddətli müqavilə bağlamaq istəyir. Azərbaycan qazı Çexiyanın bir neçə qonşu ölkəsinə ixrac edilir. Hesab edirəm, Çexiya da ölkəmizdə qeyri-neft-qaz sektorunda müəyyən töhfələr əldə etməyimizə kömək edə bilər. Biz, bu ölkədən sənaye avadanlıqları, nəqliyyat vasitələri, ehtiyat hissələri idxal edirik”.
Pərviz Heydərov vurğulayıb ki, həm Latviya, həm də Çexiya ilə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın Avropa İttifaqı məkanında mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.
“Ümumiyyətlə, həm Çexiya, həm də Latviya ilə ticarət əlaqələrimiz daha da əhəmiyyətli artım nümayiş etdirməli və Azərbaycan enerji tərəfdaşı olaraq çıxış etməklə yanaşı, bu əlaqələr vasitəsilə qeyri-neft-qaz sahəsində də yarar əldə etməlidir”, - deyə ekspert bildirib.
Müxbir – Pərvanə Qafarova