AZ

"Okamponun açıqlamaları regional güclərin mövqelərini bir daha ortaya qoyur" - ŞƏRH EDİLDİ

"Okamponun və oğlunun açıqlamaları bir daha göstərir ki, istər Rusiya mərkəzli, istər Avropa, istərsə də digər güc mərkəzlərində müəyyən anti-Azərbaycan və anti-türk yanaşmalar hələ də mövcuddur və zaman-zaman özünü göstərir".

Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətinə qarşı çağırışların səsləndirilməsi onu göstərir ki, bəzi qüvvələr regionda sülh prosesinin irəliləməsində maraqlı deyillər: "Onlar daha çox köhnə status-kvonun, yəni qeyri-müəyyənlik, qarşıdurma və gərginliyin hökm sürdüyü vəziyyətin qalmasını istəyirlər.

Bu yanaşmanın arxasında həm siyasi, həm də iqtisadi maraqlar dayanır. Keçmiş dövrlərdə regiondakı münaqişələr bəzi dairələr üçün müəyyən qazanc mənbəyinə çevrilmişdi, istər silah satışı, istərsə də digər qeyri-şəffaf iqtisadi fəaliyyətlər baxımından. Ona görə də həmin qüvvələr bu mühitin davam etməsində maraqlıdırlar.

Lakin hazırkı mərhələdə Nikol Paşinyan hökuməti dəfələrlə bəyan edib ki, əvvəlki dövrlərin aqressiv və şovinist yanaşmalarından uzaqlaşmaq, regionda sülh və əməkdaşlıq mühiti yaratmaq niyyətindədir. Bu isə təkcə region üçün deyil, həm də Ermənistanın özünün sosial-iqtisadi inkişafı baxımından vacibdir.

Çünki uzun illər davam edən münaqişə, bağlı kommunikasiyalar və regional təcrid Ermənistanı da ciddi iqtisadi və siyasi çətinliklərlə üz-üzə qoymuşdu. Mövcud yanaşma isə bu vəziyyəti dəyişmək cəhdi kimi qiymətləndirilə bilər.

Bu baxımdan qeyd etmək olar ki, bəzi xarici qüvvələrin fəaliyyəti əslində nə Azərbaycan, nə də Ermənistan xalqlarının maraqlarına xidmət edir. Onların əsas məqsədi öz geosiyasi və iqtisadi maraqlarını qorumaqdır.

Eyni zamanda Avropada da müəyyən yanaşma dəyişiklikləri müşahidə olunur. Məsələn, Josep Borrell kimi siyasətçilərin mövqeləri göstərir ki, artıq regionda yeni reallıqlar qəbul edilməyə başlanır və sülh gündəliyinə daha praqmatik yanaşma formalaşır.

Buna baxmayaraq, köhnə yanaşmaların tərəfdarları bu dəyişikliklərlə razılaşmaq istəmir və müxtəlif vasitələrlə təsir imkanlarını qorumağa çalışırlar. Lakin bu cəhdlərin nə dərəcədə uğurlu olacağı sual altındadır.

Mövcud tendensiyalar göstərir ki, regionda yeni siyasi və iqtisadi reallıqlar artıq formalaşıb və bu prosesin geri dönüşü əvvəlki qədər asan deyil. Əgər Ermənistanda mövcud siyasi kurs davam edərsə və sülh istiqamətində addımlar qorunub saxlanarsa, bu cür təsir cəhdlərinin effektivliyi daha da azalacaq.

Regionda dayanıqlı sülhün təmin olunması həm Azərbaycan, həm də ümumilikdə Cənubi Qafqaz üçün əsas prioritet olaraq qalır və bu istiqamətdə atılan addımların qarşısını almaq cəhdləri uzunmüddətli perspektivdə uğurlu görünmür".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
24
1
sia.az

2Mənbələr